Ça. Yan 21st, 2020

Şair və yazıçılar arasında ajiotaj: Kimlər deputat olmağa hazırlaşır?

Bu gün gündəmdə olan əsas məsələlərdən biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Belə ki, dekabrın 5-i Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin V çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalandı.

Sərəncama görə, Azərbaycan Respublikası Milli Məclisinin V çağırışı buraxıldı və seçkilərin 2020-ci il fevralın 9-da keçiriləcəyi məlum oldu.

Turkustan.info bildirir ki, Cebhe.info növbədənkənar parlament seçkilərində şair və yazıçıların namizəd kimi iştirakı barədə sorğu keçirib.

Şair Tural Turan parlament seçkilərinə namizəd kimi qatılacağını deyib:

“Fikrim var ki, parlament seçkilərinə namizədliyimi irəli sürüm”.

Şair Ayaz Arabaçı isə parlament seçkilərində namizədliyini irəli sürmək fikri olmadığını deyib:

“Təəssüf ki, elə bir fikrim yoxdur. Namizədliyimi irəli sürməyəcəm”.

Yazıçı Nicat Həşimzadə isə ədəbiyyat sahəsində təmsil olunmağı üstün tutduğunu deyib:

“Viktor Hüqo Fransa Parlamentinə ömürlük seçilsə də, həmişə həqiqəti deyirdi. Buna görə də fransızlar Viktor Hüqonu Fransanın vicdanı hesab edir. Məncə, yazıçı, qələm adamı belə olmalıdır. Əvvəlcə öz vicdanı qarşısında, sonra isə cəmiyyət qarşısında daim cavab verməlidir. İstərdim ki, bizim şair, yazıçı deputatlar da Azərbaycanın vicdanı olsunlar. Seçkilərdə isə sadəcə seçici kimi iştirak edəcəyəm. Parlament seçkilərinə namizədliyini verən ya da vermək niyyətində olan yazıçılara uğurlar arzulayıram”.

Şair Ələmdar Cabbarlı isə parlament seçkilərinə seçici kimi iştirak edəcəyini deyib:

“Seçkilərdə namizəd kimi iştirak etməyəcəyəm. Yəqin ki, seçicisi olduğum 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olacaq şəxslərdən birinin tərəfdarı kimi bu prosesdə fəal iştirak edəcəyəm”.

Paylaş: