Şb. Yan 25th, 2020

Məhkəmə Azərbaycanın keçmiş Baş prokuror müavini ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, M.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov altı il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. O, bir neçə ay bu vəzifədə çalışıb. (oxu.az)

Paylaş: