15 İyul 2020 22:54

Qoyun-quzunun kökü kəsilməsin, rüşvətin kökü kəsilsin…

Seymur Verdizadə

 

Mənim oxuduğum uzaq 90-cı illərdən fərqli olaraq, indi Türkiyənin universitetləri hamı üçün əlçatandır. Yaxşı-pis bir attestatın olsa, hətta anlayışın olmadığı ixtisasa da yiyələnə bilərsən. Həmin attestat səni qonşu Gürcüstana, azərbaycanlılar üçün hələ də cazibədarlığını qoruyan gözəl Kiyevə, adı ətrafında çoxlu əfsanələrin dolaşdığı uzaq Sibirə də apara bilər. Əsas odur ki, atanın bir-iki obyekti, ya da çoxlu qoyun-quzusu olsun. Pul sənə çox universitetlərin qapısını açmağa kömək edəcək. Çoxbilmiş qonşularımızı Məmmədin savadı yox, pulu maraqlandırır…

Qəbələdə yaşayan müəllim dostum beş-altı il əvvəl belə demişdi: “Bizim uşaqların hamısı ali məktəbdə oxuyur. Az-çox savadı olanlar Bakıda, adını yaza bilməyənlər isə xaricdə təhsil alırlar”.
Narahatlıq üçün ciddi əsas var. Hazırda Türkiyədə 20 500 azərbaycanlı tələbə təhsil alır. Ukraynada təhsil alan həmvətənlərimizin sayı təxminən 15 min nəfərdir. Onların təxminən 10 500 nəfəri rus və Ukrayna dillərini bilmir. Gürcüstanda oxuyan tələbələrimizin sayı isə çoxdan 10 min nəfəri ötüb. Bu rəqəmlər ilbəil artır. Demək istədiyim odur ki, Azərbaycandan xaricə “dollar seli” axır. Hələ ki, axının qarşısını kəsmək mümkün deyil…
Azərbaycan universitetlərinin təbliğata ehtiyacı var. Bütün dünya yığılsa, yenə məni inandıra bilməz ki, İğdırdakı, Qarsdakı, Uşakdakı universitetıər Bakıdakı universitetlərdən yaxşı təhsil verir. Son illər ali təhsil ocaqlarımızda nəzərəçarpacaq müsbət dəyişikliklər baş verib. Azərbaycan universitetləri ciddi-cəhdlə rüşvət bəlasından xilas olmağa çalışırlar. Gözümüzün qabağında müsbət nümunələr var. Paxıllığı bir kənara qoyub, yaxşıları təbliğ etməliyik…
Gözəl alim, dəyərli ziyalı olan Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun təməlini sağlam əsaslar üzərində qoyub. Bu gənc və perspektivli təhsil ocağının qapısından içəri haram pulun keçmədiyinə adım qədər əminəm. Azərbaycan İlahiyyat İnstitutunun sayəsində ölkədə parlaq ilahiyyatçılar nəsli yetişəcək. Sosial şəbəkələr vasitəsilə Ceyhun müəllimlə dostluq edirik. Bu qayğıkeş rektorun öz tələbələrinin uğuruna doğma övladlarının uğuru kimi sevinməsi həmişə gözlərimi yaşardır…
Professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetini rüşvət bataqlığından xilas edə bilib. Sovet dövründə “narxoz” kimi tanınan, əsasən imkanlı adamların övladlarının oxuduğu bu təhsil ocağlnın qapıları indi bütün savadlı uşaqların üzünə açıqdır. Qohumlarımdan biri ADİU-nun 3-cü, digəri isə 2-ci kurs tələbəsidir. Yolpulu istisna olmaqla ataları onların oxuması üçün əlavə 1 manat vəsait sərf etmir. Rəhbərliklə tələbələr arasında heç bir sədd yoxdur. Qohumlarımın dediyinə görə, Ədalət müəllim ona müraciət edən heç bir tələbəni naümid qoymur. Heç vaxt üz-üzə gəlmədiyim, qabaq-qabağa oturub iki kəlmə kəsmədiyim hörmətli rektora həmin tələbələrin valideynləri adından təşəkkür edirəm.
Bakı Mühəndislik Universitetində heç vaxt rüşvət olmayıb. Rektor Havar Məmmədov bu ənənəni nəinki qoruyub-saxlaya bildi, hətta bir az da möhkəmlətdi. Yadımdan çıxmamış yazım: BMU-da oxuyan bir qohumumun kəsiri olduğu üçün ödəniş edib, təkrar imtahana girməliydi. Həmin ərəfədə “Təzəpir” məscidində keçirilən bir yas mərasimində Havar müəllimlə qarşılaşdım. Görüşüb hal-əhval tutandan sonra həmin tələbəyə köməklik göstərməsini xahiş etdim. Sağa-sola baxıb heç kimin bizi eşitmədiyinə əmin olandan sonra mənə tərəf əyildi: “Sabah maaşımı alacağam. Uşağa deyərsən nahardan sonra yaxınlaşlb köməkçidən pulu götürər”. Təəccüblə ona baxdığımı görəndə, belə dedi: “Başqa heç cür kömək edə bilmərəm. Bizdə nə tanışlıq keçir, nə də pul”.
Mən oxucunun nə düşündüyünü duya, hiss edə bilirəm. Əminəm ki, indi çox adamın ürəyindən bir sual keçir: bəs Cəfər Cəfərov? Azərbaycanda ali təhsilin keyfiyyətinin artmasında Cəfər müəllimin danılmaz əməyi var. Onun sayəsində Azərbaycan Turizm və Menecment Universiteti rüşvətsiz fəaliyyət göstərən ilk ali təhsil müəssisələrindən olub. Hörmətli rektor eyni qətiyyətlə Azərbaycan Dövlət Pedaqoji Universitetində də rüşvətə savaş açdı. Nəticəsini bu universitetdə təhsil alan tələbələrdən və onların valideynlərindən öyrənə bilərsiniz.
Bu barədə bir dəfə də yazmışdım. Cəfər Cəfərov həm də çox sadə insandır. O, tələbələrlə birlikdə nahar edir, hətta onlarla yanaşı yemək növbəsində dayanır. Tələbə üz-üzə əyləşib nahar etdiyi vaxt problemini rektora deyə bilir. Mən bu cür sadəliyi akademik Kamal Abdullada da müşahidə etmişəm. İnsaf naminə deməliyik ki, Kamal müəllimin sayəsində Azərbaycan Dövlət Dillər Universitetində xeyli müsbət dəyişikliklər baş verib. Ölkənin ən qocaman təhsil müəssisəsi olan Bakı Dövlət Univetsiteti da islahatlardan kənarda qalmayıb. Rektor Elçin Babayev BDU-nun əvvəlki nüfuzunu geri qaytarmaq üçün əlindən gələni edir. Biz də islahatları dəstəkləməklə, təbliğ etməklə ona kömək etməliyik.
ADA-da heç vaxt rüşvət olmayıb. Ölkəmizdə müasir tələblərə cavab verən bu cür səviyyəli universitetin olması hamını sevindirməlidir.
Orda, gözdən-könüldən uzaqda, qədim Gəncədə bir universitet var. Siz Azərbaycan Texnologiya Universitetində rüşvətin kökünün kəsildiyini bilirdinizmi? Ötən il bir qohumum bu universitetdən məzun oldu. Əlimi vicdanımın üstünə qoyub yazıram: 4 ildə kənar işlərə 4 manat xərci çıxmadı. Regionlarımızdakı bütün universitetləri bu səviyyəyə çatdırmaq lazımdır.
Mətbuat, biz jurnalistlər aparılan bu islahatlara yetərincə dəstək veririkmi? Təəssüf ki, yox! Əksinə, çox vaxt mane olur, bəzən isə görülən işlərə kölgə salmaqdan çəkinmirik. Bir ildə eyni saytda UNEC əleyhinə 100-ə yaxın məqalə yazmaq hansı əxlaqa sığar? Başqalarını qaralamaqla “ağ gün”ə çıxmaq jurnalistin etik kodeksinə zidd deyilmi? Banklar üçün kadr yetişdirən universiteti banklarla dəyişik salmaq UNEC-i deyil, mətbuatın özünü nüfuzdan salır. Söz qənbər daşı deyil ki, bəyənmədiyimiz adamın başını yaraq. Gəlin, bir dəfə də sözdən məlhəm kimi istifadə edib, kiminsə yarasını sarıyaq…
P.S. Soruşa bilərsiniz ki, qışın bu soyuğunda belə isti cümlələr yazmaq hardan çıxdı? Deyim, bədxahlarımın ürəyi yerinə gəlsin: mən kənddə böyümüşəm. Bilirəm ki, mal-qara, qoyun-quzu kəndlinin əsas dolanışıq mənbəyidir. İstəmirəm ki, kəndlərimizdə mal-qaranın, qoyun-quzunun kökü kəsilsin. İstəyirəm ki, ali məktəblərimizdə rüşvətin kökü kəsilsin… 
P.P.S. Pislərdən qurtulmağın yolu yaxşıları təbliğ etməkdən keçir…
(moderator.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin