03 Dekabr 2020 02:06

Narkokuryer, oğru, dələduz qadınlarımız – “Artıq kişilərin qadına müqəddəs yanaşması dəbdə deyil”

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı bildirib ki, son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında narkokuryer qadınların sayı artıb. Belə qadınların sayı ümumilikdə 14%-ə çatıb. Onun sözlərinə görə, hətta bəzi kişilər öz həyat yoldaşlarını, ana və bacılarını bu işə cəlb edir, onları bu yola məcbur edirlər.

Bununla bərabər son dövrlədə oğurluq edən qadınların da sayında artım müşahidə olunur.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan sosioloq Sənubər Heydərova bildirib ki, belə hallar daha çox milli dəyərlərin dəyişdiyi cəmiyyətlərdə baş verir:

“Son dövrlərdə qadınların öyrəşilmiş rollarından çıxması ilə əlaqədar xeyli müzakirələr var. Bütün bunlar keçmiş dövrdəki qadın rollarının bizim dövrümüzdəki ilə müqayisədə dəyişilməsi ilə bağlıdır. Mən düşünürəm ki, bütün bunlar eyni mövzunun hissələridir. Qadının cəmiyyətdə rolu ilə bağlı müdafiə orqanlarının yola verdikləri qeyri-obyektivlik var. Məsələn, əvvəllər Gömrük Komitəsi vətəndaşlar gömrük postundan keçən zaman kişiləri daha sərt yoxlayırdılar.

İstənilən qanunda mövcud olan boşluqlar, qeyri-obyektiv yanaşmalar cinayət dəstələri üçün yaxşı istifadə olunan məqamlar olublar. İstənilən vətəndaş istər qadın, istərsə də kişi hüquq-mühafizə orqanlarının qarşısında bərabər olmalıdırlar. Amma bizdə bu problemdir. Bəzən bu orqanlarda qadınların şikayəti ciddi qəbul olunmur. Əsas bəhanələri də qadınların emosionallığı, qərarlarının arxasında durmamaları, şikayət etdikləri adamla barışaraq, öz şikayətlərinin geri çəkməsi və s.-dir.

Hansısa narkotacir də bu ikili yanaşmanı görür və bundan istifadə edir. Digər bir səbəb də qadınlara münasibətin dəyişilməsidir. Məsələn, artıq qadına müqəddəs yanaşma dəbdə deyil. Dəyərlərin dəyişildiyi cəmiyyətdə belə hadisələrin baş verməsi normaldır”.

Hüquqşünas Ellada Bayramova isə bildirdi ki, qadın qanunazidd əməllərə məcbur edildiyi halda susursa, bu halda ona da cəza düşür :

“Qadınların narkotik vasitə keçirməsi daha rahatdır. Məyusedici fakt olsa da, qadınlar daha orijinal üsullarla narkotik keçirirlər. Narkotik vasitələrin daşıyıcıları arasında qadınların çoxalması və ya oğurluqda təqsirləndirilən qadınların sayının artması həm də işsizliklə əlaqəlidir. Elələri var ki, azyaşlı uşaqlarının ehtiyaclarını ödəmək üçün bu yola əl atır.  Əlbəttə ki, bu heç kimə haqq qazandırmır ki, narkoticarətlə məşğul olsun.

Qadın kişi tərəfindən məcbur edilsə belə, onlar birgə addım atırlarsa, yəni, qadın susursa, həm kişiyə, həm də qadına cinayət işi düşür. Təhrikedici kişi olsa da, qadına da cinayət işi açılır”.

Hüquqşünas belə qadınlar üçün həbs edilməyin həll yolu olmadığını, bu vəziyyətdə onların daha da professionallaşdığını bildirir:

“Cəzaçəkmə müəssisələrində olan qadınlar belə işlərdə daha da ustalaşırlar. Mən belə düşünürəm ki, cəzaçəkmə müəssisələri tərbiyəvi xarakter daşımalıdır. İnsana cinayət işi birdə eyni cinayəti təkrar etməməsi üçün verilir. Bu bir faktdır ki, eyni cəzaçəkmə müəssisəsində müxtəlif cinayətləri törədən insanlar bir-biri ilə öz təcrübələrini bölüşürlər, bilmədiklərini də öyrənirlər. Belə qadınların artıq həbsdə olduqları üçün itirəcəyi heç bir şeyi qalmır. Buna görə də həbsxanadan çıxdıqdan sonra daha da professional şəkildə yenidən bu işə əl atırlar.

Bəzi xarici ölkələrdə artıq cəzaçəkmə müəssisələri ləğv olunur. Buna səbəb insanın qanuna qul olmasıdır. Yəni, qanun elə işləməlidir ki, insan o yolu tutmasın”.

Hüquqşünas həmçinin qadınların kişilər tərəfindən hansısa cinayətə məcbur edildikləri zaman nə etmələri haqqında da məlumat verib:

“Bu sonu gözəlliklə bitən yol deyil. Bir insan bu işdən nə qədər tez əlini çəksə, bir o qədər onun xeyrinə olar. Ailədə olan sevgi çatışmazlığı, məhəbbət münasibətlərinin korlanması, insanların cəmiyyətdən təcrid edilməsi ən sonda cinayətlərlə nəticələnir.

Qadın bu halla rastlaşıbsa, ilk öncə hüquq mühafizə orqanlarına müraciət etməli, o işlərlə məşğul insanların əhatəsindən uzaqlaşmalıdır. Bu bir faktdır ki, bəzi kişilər qadınları aldadıb, onlarla saxta nikaha girib, gələcəkdə bu qadınlardan narkokuryer kimi istifadə etməyi planlaşdırırlar. Buna görə də nəzarət güclənməli və belə hallarla bağlı daha ağır cəzalar təyin olunmalıdır”.

Paylaş: