Şb. Yan 18th, 2020

“Qarabağ uğrunda müharibə başlayarsa, savaşmağa hazıram” – 50 yaşlı Türk savaşçı

Türkiyə və Azərbaycan tarix boyu ən çətin anlarda belə bir-birilərinə dəstək olub, dillərə dastan olan fədakarlıqlar göstəriblər. Əlbəttə, bizə miras qoyulan bu şanlı tariximiz, soy, din, dil birliyimiz, eyni kökdən olmağımız bugün bizim ən dəyərli sərvətimizdir.

Çanaqqalada savaşmaq üçün Azərbaycandan könüllü döyüşə qatılan əcdadımızın, Nuru Paşanın komandanlığı altında Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlıqları bu qardaşlığın tarixə düşən ən möhtəşəm örnəkləridir.

Əcdadımızın bu müqəddəs mirasına sahib çıxan qəhrəman insanlar həmişə olub, bugün də var. Belə qəhrəmanlarımızdan biri də Abit Öztürkdür. Abit Öztürk Qarabağ müharibəsinin ən ağır vaxtlarında Qazi Universitetindəki təhsilini yarımçıq qoyaraq Azərbaycana gəlmiş və savaşa qatılmışdır. O, Qarabağ savaşı ilə bağlı modern.az-a müsahibə verərkən bunları demişdi: “Bu haqda danışmağı xoşlamıram və hesab edirəm ki, bu, bizim qardaş borcumuz idi. Başqa cür ola da bilməzdi. Mən o zaman Ankarada Qazi Universitetində təhsil alırdım. Eyni zamanda Ankara Ülkü Ocaqlarında sədr müavini idim. Bizə başbuğumuz Alparslan Türkeş tərəfindən çağırış gəldi ki, Qarabağda vəziyyət gərgindir və orada savaşmalıyıq. Həm də özümüz könüllü olaraq savaşmaq istəyirdik və bu haqda böyüklərimizi də məlumatlandırmışdıq. Başbuğumuzun əmri yerinə düşdü və bu əmrdən sonra da Azərbaycana gəldik. Bundan sonra Atilla, Ahmet, Hamit adlı komandirlərimizin rəhbərliyi altında Qarabağda ən ağır döyüşlərdə iştirak edirdik. Həmin bölgədə təxminən 50 nəfər türk əsgəri savaşırdı”.Əmr gələn kimi bizi “Kamaz” maşınları ilə döyüş bölgəsinə gətirirdilər və döyüşlərə qatılırdıq. Azərbaycan ordusu yenicə qurulurdu və ona görə də əsas savaşan qüvvələr yerli özünümüdafiə dəstələri, bir də Azərbaycan Xalq Cəbhəsinin könüllüləri idi. Bizim orada olmağımız Azərbaycan könüllülərinə çox mənəvi dəstək olurdu. Çünki ermənilərə bütün Avropa, Rusiya dəstək verirdi. Bizim azərbaycanlı qardaşlarımızın yanında olmağımız onlara böyük mənəvi-psixoloji dəstək verirdi. Bizə deyirdilər ki, siz posta çıxmayın və savaşa getməyin, sizlərin burada olmağınız bizə yetər. Deyirdilər, bu torpaqlarda bizim qanımız axsın ki, onun dəyərini bilək. Onu da bildirim ki, müharibədə 15-16 yaşında Azərbaycan gəncləri savaşırdı. Onları bir amal birləşdirirdi, bu torpaqlarda işğala son qoymaq. Bu gün “Azərbaycan əsgərləri savaşmırdı” deyənlərə cavabım odur ki, bu sözü deyənlər evdə rahat yatarkən 15-16 yaşında Azərbaycan gəncləri torpaq və bayraq uğrunda qəhrəmancasına şəhid olurdular. Canlarından keçirdilər ki, düşmən Azərbaycan torpaqlarının işğal etməsin. Mən bu hadisələrin canlı şahidi olaraq bu sözləri deyirəm. Əgər sabah yenidən Qarabağ uğrunda müharibə başlayarsa, savaşmağa hazıram və yetər ki, işğal altında qalan Azərbaycan torpaqları azad olunsun”. Ömrünü Türkiyəyə, Azərbaycana, Türk Dünyasına xidmət üçün həsr edən Abit bəy, hazırda Milliyyətçi Hərəkat Partiyası sıralarında Türkiyə Böyük Millət Məclisində fəaliyyətini davam etdirir. Bugün Abit bəyin 50 yaşı tamam olur. Doğum günü münasibətilə Abit bəyi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

Söhrab İsmayıl

Paylaş: