Be. Yan 27th, 2020

Politoloq: “Azərbaycanda xristian anklavı yaratmaq istəyirlər” – Müsahibə

“Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi tormozlanıb. Paşinyan gecə yatıb səhər qalxaraq, bir şey düşünür və bunu danışıqlarda şərt kimi irəli sürür. Uzun zamandır danışıqlar prosesinə mane olan faktorlardan biri də, İrəvanın Qarabağdakı separatçı rejimin dialoqa cəlb edilməsi istəyi ilə bağlıdır”.

Politoloq Qabil Hüseynli belə düşünür. Turkustan.info politoloqun telqaraf.com-a müsahibəsini təqdim edir:

– Prezident İlham Əliyev yerli telekanallara müsahibədə bir sıra önəmli məsələlərə toxundu, o cümlədən Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmaması haqda danışdı. Dövlət başçısı bildirdi ki, “Şərq tərəfdaşlığı” proqramının dəqiq məramı və məqsədi aydın deyil. Yəni, Bakının indiyədək sözügedən sazişi imzalamamasının əsas səbəbi budur?

– “Şərq tərəfdaşlığı” proqramı qalır, söhbət Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq ikitərəfli müqavilədən gedir. Prezident dedi ki, bu müqavilənin müddəalarının doxsan faizi razılaşdırılıb. Yerdə qalan on faiz iki mühüm prinsipial məsələyə aiddir. Bunlardan biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlıdır, ölkəmiz hələlik bu təşkilata üzv deyil. Avropa İttifaqı isə təkid edir ki, üzv olaq. İkinci məsələ Avropaya satılan qazın qiymətinin müəyyən edilməsi ilə bağlıdır. Avropa İttifaqı istəyir ki, Azərbaycan dünya bazarlarına çıxardığı qazın qiymətini yerli əhaliyə satdığı qiymətə uyğun müəyyən etsin. Bu, gülməlidir. Çünki Azərbaycanda qazın hər kubmetri üçün on qəpik müəyyənləşdirilib. Biz qazı Avropaya bu qiymətə sata bilmərik. Çünki Avropada təbii qazın satılması ilə bağlı müəyyən olunmuş qiymətlər var ki, bu qiymətləri də Rusiya diktə edir.

Elə dövlət var, Rusiya qazın hər min kubmetrini 500, elə dövlət var 400 dollara satır. Orta hesabla 500 dollardan aşağı qiymət yoxdur. İndi Azərbaycana gələndə belə bir qiymətin tələb edilməsi ədalətli deyil. Dünya bazarlarında neftin qiymətlərinin müəyyən edildiyi kimi, qazın qiymətləri də müəyyən olunub. Bu qiymətlər neftin qiymətləri ilə sıx bağlıdır.

Ümumdünya Ticarət Təşkilatına gəlincə, Azərbaycan bu quruma üzv olmağı arzulamır. Çünki Azərbaycanın ixracatında neft-qaz məhsulları üstünlük təşkil edir. Neft və qazdan başqa dünya bazarında rəqabətə davamlı məhsullarımız yoxdur. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatına üzv olsaq, daxildəki qeyri-neft sektorunda istehsalçının maraqlarına zidd iqtisadi mühit formalaşa bilər. Bu baxımdan, Avropa İttifaqı ilə sazişin imzalanması hələlik gecikir. Burada da günah daha çox Avropa İttifaqının üzərinə düşür.

– Prezident, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə də toxundu və qeyd etdi ki, münaqişənin həll edilməmiş qalmasında Ermənistan rəhbərliyinin danışıqlarda qeyri-konstruktiv mövqe tutması, beynəlxalq vasitəçilərin işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərməməsi mühüm rola malikdir…

– Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həll prosesi tormozlanıb. Paşinyan gecə yatıb səhər qalxaraq, bir şey düşünür və bunu danışıqlarda şərt kimi irəli sürür. Uzun zamandır danışıqlar prosesinə mane olan faktorlardan biri də İrəvanın Qarabağdakı separatçı rejimin dialoqa cəlb edilməsi istəyi ilə bağlıdır. Paşinyan açıq formada onu da deyir ki, “biz kimik ki danışıqlarda “Artsax”ın adından danışaq”.

Ermənistan rəhbərliyi bununla Azərbaycan ərazilərinin işğal edilməsi məsuliyyətini öz üzərindən atmaq istəyir, bir növ işğalçı dövlət olduğunu malalamağa çalışır. Buna görə də Paşinyan Qarabağdakı separatçı rejimi vaxtilə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı ayağa qalxmış və qələbə qazanmış “milli azadlıq hərəkatı” kimi təqdim etməyə cəhd edir. Ermənistan rəhbərliyi bununla həm də Rusiya hərbi qüvvələrinin Xocalı soyqırımı, Kəlbəcərin və digər rayonlarının iştirakının da üstündən xətt çəkmək istəyir. Minsk qrupu həmsədrləri də Ermənistan rəhbərliyinin bu malalama siyasətinə dəstək verir.

Minsk qrupunun səhlənkarlığı ucbatından Rusiya danışıqlar prosesində inhisarçılığı ələ keçirib. Rusiya nə diktə edirsə, Fransa və ABŞ da o yöndə hərəkət edir. Buna görə də işğalçılıqdan danışılır, amma işğalçının adı çəkilmir. Onlar işğalçıya təzyiq məsələsinə gələndə də susurlar. Prezident də öz çıxışında bu məsələyə diqqət çəkdi. Başqa sözlə, biz Dağlıq Qarabağ münaqişəsinin və müharibəsinin siyasi anatomiyasının aşkara çıxarılmasında Minsk qrupunun fəaliyyətini görmürük. Belə təsəvvür yaranır ki, hamısı xristian olan beynəlxalq vasitəçilər Azərbaycan ərazilərində xristian anklavının yaranmasında maraqlıdır, bunun üçün də oyuna girişiblər. Bir sözlə, 2019-cu ili Qarabağ danışıqlarında itirilmiş il hesab etmək olar. Prezident də haqlı olaraq dedi ki, 2019-cu ildə aparılan danışıqlar nəticəsiz olub.

– İlham Əliyev erkən parlament seçkiləri haqda danışanda isə vurğuladı ki, erkən seçkilərin təyin edilməsinin səbəbi parlamentin atılan addımları, ümumi islahatlar kursunu dəstəkləməsinə nail olmaqdır. Bu qərarın müsbət nəticəsi olacaqmı?

– Məncə, prezident bu məsələni düzgün izah etdi. Prezident ötən ilin ortalarından ölkədə çox ciddi islahatlara başlayıb. Bu islahatlar Prezident Administrasiyasını, Nazirlər Kabinetini əhatə edib, ciddi struktur dəyişiklikləri aparılır. Yeni ruhlu, kreativ, gənc, təcrübəli kadrların önə çəkilməsinə xüsusi diqqət yetirilir. Başqa sözlər, icra hakimiyyəti orqanlarında aparılan islahatlar öz sürəti ilə davam edir. Bu islahatları dəstəkləyəcək parlament islahatlarına da ehtiyac var idi. Buna görə də prezidentin dediyi kimi, erkən parlament seçkilərinin keçirilməsinə ehtiyac yarandı. Erkən seçkilər ona görə təyin edildi ki, parlament ölkədə gedən yenilənmə prosesinə və ciddi dəyişikliklərə yardımçı olsun. Güman edirəm ki, prezidentin sözləri seçkilərdən sonra öz müsbət təsdiqini tapacaq.

Paylaş: