Be. Yan 20th, 2020

Kəlbəcərə dönməmiş ömrə gələn qışa bax…

Qaçqınlıq, didərginlik hamımızı yaralayıb. Yaralarımızdan qan axmır, quruyub damarlarımız. Amma göz yaşımız qurumaq bilmir. Kimi dindirirsən qan ağlayır, ağı deyir.
…Kəlbəcərsiz günlərimiz başlamışdı. Aranda qohum evində gecələyirdik. Atamın heç nə yadına düşmür, o zülmət gecədən «salamat çıxmış» balalarına şükür edirdi.
İllər boyu əl qabarıyla düzəltdiyi ev-eşik sanki yağıya qalmamışdı. Üzdə özünü şax tutan atam içindən qırılır, üzülür, bizə təsəlli verirdi.
İki günlük «qonaqlığımız» ikiillik ömrümüzü, (atamın ömrünü isə əbədi) aldı əlimizdən. «Kişi başqasının qoltuğuna sığınmaz, məni niyə gətirdiniz?» – deyirdi. Kişi kimi ömür sürənlərimizin hamısı da belə düşünürdü…
Apreldən iyunacan dözə bildi atam. Buna dözmək yox, günlərini saymaq deyərdim. Atalı günlərimdə atasızların dərdini çəkərdim, indi atasızlıq dərdini yüklədiyim qəmli könlümü ovundurmağa bir atalı axtarıram. 1993-cü il iyunun 17-də dünyasını qəfildən dəyişən atamın Xanların Aşıqlı kənd məzarıstanındakı qərib qəbri indi ürəyimdə mənə doğma yurd, ata ocağıdır. Tez-tez görüşünə gedə bilmədiyim atam «yuxularımda» ilk kitaba görə məni təbrik edib. «DAĞLARIN SİNƏ DAĞI» kitabının işıq üzü görməsi arzusu çin olsa da o, bunu görmədi. Amma ruhu bildi, duydu və «neynim, bala, öz evimiz, öz həyətimiz, dam-daşımız olsaydı, ilk kitabının qurbanını kəsərdim» – dedi və küskün baxışlarla məndən uzaqlaşdı. Çağırdım, səsimə özüm oyandım, atam yuxumda qaldı.

Yurduma kim ağlarsa gözünün yaşı mənim

Hacıkənddə müvəqqəti sığınacaqda məskunlaşan anam, bacım, qardaşım kitabın görüşünə çıxanda ürəyimdən qara qanlar axdı. Hər dəfə kəndə ata ocağına gedəndə birinci qarşıma çıxan atam indi gözə dəymirdi.
Anam göz yaşlarını saxlaya bilməyib bayatı çəkdi:
Corabın ağına bax,
Dəstələ, bağına bax.
Kəlbəcərsiz sinəmin
Çal-çarpaz dağına bax.

Ağacın başı mənim,
Dağların daşı mənim.
Yurduma kim ağlarsa
Gözünün yaşı mənim.

Axşamlar,
Şamlar yanmır axşamlar,
Yurdu yağıya qalan
Qaçqın harda axşamlar?

Əzizim binə qaldı,
Kənd qaldı, binə qaldı.
Allah, Kəlbəcər eli
Nə yaman günə qaldı…
…O gecə anam Kəlbəcərli günlərimizin son dəqiqələrini yanıqlı səslə sinəmizə yazdı:
– «Qara qaya»jaq atılan top kəndi alışdırdı. Kənddən çıxan olmamışdı. Yığışıb Ağaməmməddəki kahaya doluşmuşduq. Elə bilirdik ki, kömək gələcək. Axşam Bakıdan gələn uşaqlardan bir-ikisi də bizdə qalası oldu. İbrahim hinduşkanı kəsib kabab elədi. Qəzənfər bizə ürək-dirək verirdi ki, görün sabah ermənilərin başına nə oyun açacağıq? Düz İrəvana kimi onları qovub aparacağıq.
Gecənin bir aləminə kimi topun, qradın gurultusu, nəriltisi kəndi dağıdırdı, amma hələ bizim evlərə dəymirdi.

Elə bil qədəmlərim tutulmuşdu

Səhərin ala-toranında uşaqlar Çanaqdaşa qalxdılar. Axşamdan boşaltdıqları silah-sursat eləcə Ağaməmməddə – İmrangilin evinin yanında qalmışdı. Aradan bir az keçmişdi ki, yer-göy tutuldu. Kənd dik alışıb yandı. Alov, tüstü hər yanı bürüdü. İbrahim məni qoyub evdən aralanmırdı. Kənddə qalan əlsiz-ayaqsız, kimsəsizlər də ayaqyalın-başıaçıq üzüaşağı qaçmağa başladılar.
Evin qabağına düşən top mərmisi evi silkələdi. Gözlərim qaraldı, elə bildim ki, evə dəydi. Qışqırdım ki, gəl qaçaq. Elə bil qədəmlərim tutulmuşdu. Stolun üstü yemək-içməklə dolu qaldı. Atı yəhərləmək də düşmədi yada.
Dedim ki, get dama bax, heyvanın qabağına ot tök, gəl. İbrahim gec gəldi, baxdım ki, gözləri yaşlıdı. Soruşdum, cavab verə bilmədi. Özüm getdim tövləyə. Gördüm gəlinin (Gülbənizin) inəyi tövlənin o başından açılıb qapının dalına gəlib, burda doğub. Balasını yalayan inək məni görcək mələdi. Elə bil qarşıdakı qəzavü-qədəri duymuşdu. Vallah inək də ağlayırdı. İbrahim nə illah elədisə məni yerimdən qaldıra bilmədi.
«Bu balanı verən Tanrı ya bizi qurtaracaq, ya bu bala bizə bəla gəlib, getmərəm», – dedim.
Anamın halı pozulur, yaş boğur, huşunu itirir, hamı qarışır bir-birinə…
Yaddaşımda 1993-cü ilin 2 aprel günü baş qaldırır. Üç gündür ki, Murovun başında qan ağlayır, ana, qardaş haraylayıram.
Toğanaya qədər Həmidin «UAZ»-ı ilə gəldik. Buradan yuxarı maşın gedəsi deyil. Yollarda donub buza dönmüş insan cəsədi. Qohum-əqrəbasını haraylayanlar, tufan, boran… Gələnlərdən soraqlayıram, axtardıqlarımdan xəbər çıxmır. Daş körpüdən xeyli qalxmışam. Tufan aman vermir ki, göz açım. Qabaqdan gələn qaraltını zorla seçirəm. Yaxınlaşanda nə görsəm yaxşıdır: bacım Pəri, iki qızı, iki oğlu, bir də kürəkənimiz Zeynal. Dodaqlarım təpiyir, buzdan heykəlləşən bacımı tanımıram:
– Kimsən, ay bacı?! Otaqlıdan Güllərlə İbrahimi görmədiniz?
Səsim ona tanış gəlir. Fəryad qoparır:
– Məəhəəmməədd!?
– Pəərii, İsmətt, Zeynaal?! Hanı anam? İbrahim qaldımı?! Can ay qardaş! Uyy, ay ana, sənə nə deyim, İbrahimi girovmu qoydun?
– Qorxma, vallah gəlirlər. Yorulublar… Qorxma…
– Yalan deyirsiz, bəs niyə onlardan aralanmısınız?
– Yol evində isinməyə döndülər, qorxma, – bacım dedi.

«Beşdöngələr»də qalah fəryad

…Dizlərim tutmasa da sürünə-sürünə üzü Murova qalxıram. Boran aman vermir. Gəlib-keçənlərin üzündə qalır gözüm. Elə bilirəm ki, gələn hər qaraltı onlardır.
Bu da «Beşdöngələr». Daha gedə bilmirəm. Əlacım Murova yalvarmağa qalır:
Əzizim qoşa dağlar,
Veribsiz baş-başa dağlar.
Qardaşımı tapmasam,
Dönəsiz daşa, dağlar.

Murov, kəsmə yolumu,
Sağımı, həm solumu.
Anam qırıb dizimi,
Qardaşım sağ qolumu.

Murovun yastı yolu,
Qar gəldi basdı yolu.
Mən haraya yetməmiş,
Tar tutdu, kəsdi yolu…
…Murovun aşırımına çatmamış taqətdən kəsilib yıxıldım. Heydən düşsəm də Murovun tufanı lə əlbəyaxa olmuşdum. Təkləndiyimi görüb qardaşım özünü yetirdi harayıma. Haraya getdiyim yerdə mənim hayıma çatdı qardaşım. Fəryadım Murovun qulaqlarını batırdı. Bəlkə də elə o vaxtdan Murov anaların harayını eşitmir.
Əzizim arxa haray,
Su gəlmir arxa, haray.
Neçə vaxtdı, ay qardaş,
Çağırram arxa, haray.
Anam boynuma sarıldı. Qardaşımın qıyyası dərələri titrətdi:
Əzizinəm qar daşı,
Tutub dağda qar daşı.
Gözün aydın, ay ana,
Tapdı qardaş qardaşı…
…Qəriblik dilsiz-ağızsız anamı dilləndirib. Gumuldana-gumuldana dediklərinin bir-ikisini dilə gətirirəm:
…Əzizim oyan, dağlar,
Qəlbimi oyan dağlar,
Buy an sizsiz qan ağlar,
Necədir o yan, dağlar?

Dar ağacı quruldu,
Dibində qan duruldu.
Analara deməyin,
İgid oğlu vuruldu.

Göydə uçan quşa bax,
Yurddakı bayquşa bax.
Kəlbəcərə dönməmiş,
Ömrə gələn qışa bax…
Xəyalımda Kəlbəcər və onun uğrunda canınqan-qanından keçən igid oğullardı. Əlimdə qələm əsir, özüm və əsir Kəlbəcər kimi… Kəlbəcərdə qapı-qapı gəzib-dolşıb şəhidlərimizin işıqlı ömür yollarına düşüb dərviş olmuşdum. Ozanlıq yadımdan-yaddaşımdan çıxmışdı.
Murovun bu üzündə dər kələfi dolaşıq düşən gecələrimin birində qələmə yalvardım ki, bu igidin qara yazısını yaz. Qələm qan ağladı. Dil açıb ağı dedi. Mən də o ağını ağ kağıza qaraladım. Oxuya bilirsinizsə oxuyun bu nakam taleni…

31 DEKABR – ƏDALƏTİN ÖMRÜ İLƏ VƏSİQƏSİNİN MÜDDƏTİNİN BİTƏN GÜNÜDÜR

Zeynalov Ədalət İsmayıl oğlu 1969-cu ildə Kəlbəcərin Boyaqlı kəndində anadan olub. 1987-ci ilin payızında hərbi xidmətə çağrılıb. Əsgəri xidməti başa vurduqdan sonra Kəlbəcər rayon polis şöbəsində polis starşinası kimi işə götürülüb. 1991-ci ildə Ağdərənin Ketavan kəndi ətrafında gedən döyüş zamanı 7 erməni quldurunu tutub rayon polis şöbəsinə gətirmişdi. Aterk kəndinin silahlı dəstələrdən təmizlənməsi əməliyyatında yaxından iştirak etmiş, bir neçə odlu nöqtələrdə əsl döyüşçü kimi vuruşmuşdu. Son döyüşü 1993-cü il dekabrın 31-də Kəlbəcər uğrunda olan Ədalət Zeynalov Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub.
Subay idi…

***

Ədalətin döyüş yolu barəsində «Azərbaycan Ordusu» qəzetinin 19 fevral 1994-cü il tarixli sayında Nəsimi Həbiboğlu «Dağlarda bitən ömür» sərlövhəli bir yazı dərc etdirib. Ədalətin yaxınlarından, tanıyıb-bilənlərindən öyrənə bilmədiyim bəzi məqamları o yazıdan götürdüm. Nəsimi yazır: «Tale kimi, ilin aylarının, günlərinin də yaxşı-yamanı, ağı-qarası olur. Qəribədir ki, Ədalətin qısa, lakin çox şərəfli ömründə bir günün iki rəngi olub: «1990-cı il dekabr ayının 31-də o, Kəlbəcər rayon polis idarəsində polis sıralarına qəbul edilməsi haqqında aldığı şəxsi vəsiqənin ağappaq sevincini yaşayıb, 3 il snora məhz həmin gün ölümün qapqara əllərini sıxıb…»
Düz üç il davam edən döyüş yolunun hansını xatırlayasan? Bir-birindən ağır keçən illərin sərt boranında, qızmar yayında Ədalət ev üzü, ana xörəyi görməyib. Polis kimi yox, əsl döyüşçü kimi tanınıb. Polis dostları onun saf niyyətlərinin, ağıllı nəsihətlərini xatırlayırlar: Döyüş vaxtı onun tayı-bərabəri yox idi. Ölümə meydan oxuyan Ədalət dünyasını qəhrəmanlıqla dəyişdi».

Qışın boranı-çovğunu olmasaydı…

Nazim Məmmədov Ədalətlə birlikdə vuruşub. Ədalətin son vaxtlar tez-tez təkrarladığı sözləri o da qırıq-qırıq dedi:
– Kəlbəcərin xəyanətkarcasına düşmənə təslim etdirilməsi onun varlığını əlindən almışdı. Deyirdi ki, nə olursa-olsun Kəlbəcəri öz oğulları qaytarmalıdır. Yoxsa o torpaq heç bir kəlbəcərli oğulu qəbul etməyəcək. Murov çox igidlərimizin ömrünü yarımçıq qoydu. Qışın boranı-çovğunu olmasaydı, düşmən bizə qalib gələ bilməzdi. Təxribat üçün sanki Tanrı da imkan yaratmışdı… Heyf Ədalətdən, istəyi gözündə qaldı.
Gəlin döyüşçü dostlarının yanından ayrılıb Ədalətin ölümünə hələ də inanmayan anası Səmayə xalanın, atası İsmayıl əminin yanına qayıdaq.
Kərəm İsmayıl əminin kürəkənidir. Ədalətin meyidini çıxarmaqda olmazın zülmünü çəkib:
– Eşitdik ki, uşaqlar mühasirəyə düşüblər. Sən demə, yalan deyirmişlər, düz iyirmi səkkiz gün imiş ki, Ədalət vurulubmuş. Qardaşı Zeynalla üz tutduq qarlı dağlara. İyirmi səkkiz gün axtardıq. Yanşaqdan keçə bilmirdik, ona görə də Daşkəsənin Zivlən kəndi tərəfdən aşmaq istədik, buradan da mümkün olmadı. Yenidən qayıtdıq Murova. Döyüş gedə-gedə biz də itkinlərimizi, sorağı gəlməyənlərimizi axtarırdıq. Birtəhər ki, Yanşaqdan keçib, Susuzluğu aşaraq Babaşlar, Bozlu, Təkəqaya kəndlərinin ətrafını axtardıq…
Qəhər onu boğur, danışa bilməyib küncdə bəlkə də ömrünün son günlərini Ədalətə ağı deməklə keçirən Mələk nənənin gumultusuna qulaq kəsilməyimizi xahiş edir. Bir dəri, bir sümük olan qarının zorla eşidilir səsi:
– Murovuma qar gəldi,
Boran gəldi, qar gəldi.
Ədalətim çağırdı,
Dünya mənə dar gəldi.

Murov mənim dağımdı,
Xəzan vuran bağımdı.
Ədalətə deyin ki,
Son laylam, son ağımdı.

Murov yara alıbdı,
Bəxtin qara alıbdı.
Deyirlər ki, balamı
Murov tora salıbdı…
Anası Minayə xala yalvarır ki, Ədalətin yazısını yaxşı yazım. Nitqim qurulur. Əlimdə imkanım olsaydı hamının bəxtini, taleyini yaxşı yazardım. Ədalətin qismətinə bu yazını yazmamışdan öncə tale ona qara yazı yazmışdı. Minayə xala isə mənə yalvarır…
Və nəhayət, 1993-cü ilin 31 dekabr günü… Ədalətgilin dəstəsi Murovdağın əlçatmaz yüksəkliyindəki Bozlu, Təkəqaya, Babaşlar, Çopurlu kəndlərini düşməndən təmizləyib irəliləyir. Bu vaxt ətrafa qatı duman çökməsindən istifadə edən quldurlar onları mühasirəyə alır. Ədalət yaxşı tanıdığı dağ cığırları ilə döyüş dostlarını mühasirədən çıxarır. Murovun sıldırım yoxuşlarının birində güclü partlayış nəticəsində tar sürüşərək Ədaləti özü ilə birlikdə aparır.
…Bakıda Ədalətə toy paltarı almaq üçün dükan-bazardan qayıdan bacılar eşitdi ki… Yox, demirəm, bacıların qarğışına tutularam. …

Məhəmməd Nərimanoğlu,
“Yurd göynərtisi” kitabından

Paylaş: