Bz. Fev 16th, 2020

“Ögey ana”nı kütlə sevir, amma çox zəif filmdir” Tanınmış kinoşünasdan GÖZLƏNİLMƏZ TƏNQİD

“Azərbaycanda kino ənənəsini qura bilmədilər”

“Sənət kütlə üçündür” – deyirdi Sovet quruluşu, amma yanlışdır. Sənət sənət üçündür

Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılması onun adı ilə bağlıdır. Söhbət  kino tədqiqatçısı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aydın Kazımzadədən gedir.
80 illiyini qeyd etdiyimiz kino tənqidçisi «Şərq»ə danışdı.
– Hər vaxtınız xeyir, Aydın müəllim, necəsiz?
– Çox təşəkkür edirəm. Yaxşıyam qızım. Allah razı olsun.
– Bir neçə gün öncə 80 yaşına salam verdiniz. Yubiley münasibətilə təbrik edirik. İllər ötür və insan bu illər ərzində bir də özünə suallar ünvanlayır. Yaşamağa dəyərdimi?
 – Çox sağ olun. Bəli, 80 yaşımı qeyd edirəm. Əslində həm şükr edirəm ki, bu yaşa qədər ömür yaşamaq Allah mənə nəsib edib, həm də artıq həyəcan üçün səbəbim var (gülür), yəni artıq qocalıram deməyin vaxtıdır. Qaldı “yaşamağa dəyər”, sualına, əlbəttə dəyər. İnsan həqiqətən özünə bəzən sual verir, doğru deyirsiz. Bu gün artıq cəsarətlə deyə bilərəm ki, yaşamağa dəyər. Nə qədər təvazökarlıqdan kənar səslənsə də, amma səmimi deyəcəm, 80 illik ömrümü əbəs yerə yaşamamışam. Vacib odur ki, millətimə xidmət etməyə çalışmışam.
– Yubiley ərəfəsində ölkə başçımızın da sizə hədiyyəsi oldu. Sizə ev hədiyyə olunacağını gözləyirdiz? 
– Cənab Prezident 80 illik yubileyimdə çox gözlənilməz sürpriz etdi və 2 otaqlı ev hədiyyə edərək məni qürurlandırdı. Belə böyük hədiyyə əslində gözləmirdim. Bilirdim ki, diqqətini əsirgəməyəcək. Çünki İlham Əliyev cənabları, Mehriban xanım Azərbaycan sənətkarlarına qarşı hər zaman diqqətlərini, qayğılarını göstəriblər. Sadəcə ağlıma gəlmirdi ki, ev hədiyyə ediləcək. İnanın səmimi deyirəm, yubileyim ərəfəsində mənə ən böyük hədiyyəni Prezident İlham Əliyev etdi.  Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz.
– Yubileyiniz münasibətilə Dövlət Film Fondunda da tədbir təşkil olunacaq.
– Bəli, yanvarın 24-də “Azərbaycanfilm” Kinostudiyası və Film Fondunun təşəbbüsü ilə Dövlət Film Fondunda tədbir keçiriləcək.
– Deyəsən, kitab üzərində çalışırsız?
– Yeni bir kitab üzərində çalışıram. “Xatirələr” kitabını yazıram. Yazdıqca nələr üzə çıxır… Sən demə, kino aləmi yaxşı mənada böyük həngamədir. Hər dəfə bir xatirə, kino ilə bağlı bir maraqlı tarixçə yadıma düşür. Yadıma düşdükcə qeydə alıram. Düşünürəm ki, maraqlı kitab alınacaq.
– Kinoşünaslar, araşdırmalar onu göstərir ki, Azərbaycan kinosunun tarixi qədimdir. Elədirsə, niyə gürcü, rus, İran kino məktəbi var, amma Azərbaycan kino məktəbi yoxdur?
– Yaranışı qədimdir, bəli. Amma qaldı niyə adıçəkilən  ölkələrdən geri qalmışıq, səbəbləri çoxdur. Ən böyük səbəbi isə ənənənin olmamasıdır. Ənənə yaranmayıb.
– Bəs, sizcə, niyə yaranmayıb?
– Hər millətin kinosunun öz dəsti-xətti olur. O  dəsti-xətt varsa, kino ona söykənir. Bizdə o ənənəni qura bilmədilər. Düzdü, ayrı-ayrı sənətkarlar çəkiblər, ümumi dəst-xətt olmayıb. Gürcülərdə qısametrajlı filmlər bir ənənə şəklində olub, ona görə məktəb yaranıb. Bizim ilk rüşeymlərimiz Ağarza Quliyev, Mikayıl Mikayılov, Abbas Mirzə Şərifzadədir, amma bunların çəkdikləri sənət əsəri kimi çox aşağı səviyyədə olub. Sonra da sosialist realizmi məktəb yaranmasının qarşısını alıb. Ayrı-ayrı sırf milli psixologiya ilə çəkilən filmlərimiz var, amma zəif filmlərdir. Məsələn, “Ögey ana”nı kütlə sevir, amma faktdır ki, çox zəif filmdir. “Ulduz” filmi primitivdir, kütlə sevir. “Sənət kütlə üçündür” – deyirdi Sovet quruluşu, amma yanlışdır. Sənət sənət üçündür. Kütlə əsl sənət əsərini qavraya bilməz. Qara Qarayev kütləvi bəstəkar deyildi, onu yalnız sənətdən qavrayışı olanlar anlayar.
– «Arşın mal alan» filmi dünyanı gəzib, bəs niyə kinomuzu tanıda bilməmişik?
 – “Arşın mal alan” filmi kino deyil, teatrdır, onu kino kimi qəbul etmirəm. O filmi  gəzdirən Üzeyir bəy və Rəşid Behbudov şəxsiyyəti idi, daha çox Rəşid Behbudov, çünki bütün dünyanı gəzmişdi və tanınırdı. 1965-ci ildə çəkilən “Arşın mal alan” niyə dünyanı gəzmədi? Çünki orda Rəşid Behbudov yox idi. “O, olmasın bu olsun” filmdir, amma kino sənətində ilk addımlar atılan film kimi. Hüseyn Seyidzadə milli kinonun əsasını o filmlə qoyub. “Bir cənub şəhərində” sənət əsəridir. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək” əsl kinodur.
– Bu gün Azərbaycan  necə görünür?
– Kino ciddi sənətdir. Bizi arxaya salan 90-cı illər oldu. Sovetin vaxtında olan kino ustadları qalsaydı və gənclər onların arxasınca gəlsəydi, çox gözəl olacaqdı. Ara qırıldı, özüldən uzaq düşdük. İndi Azərbaycan kinosu elə bil sıfırdan başlayır. Heç vaxt, heç bir sənətkar həmişə zirvədə olmur, o, düşür, yerini başqası tutur. Eldar Quliyev, Oqtay Mirqasımov bu gün nə çəkirlərsə özlərini təkrarlayırlar. Film çəkirlər, amma yeni bir şey demirlər, elə əvvəlkilərdir.  Bir vaxtlar deyirdilər ki, imkan vermirlər. İndi imkan var, sərbəstsiniz, amma heç nə edə bilmirlər, çünki bitiblər. İndi çox istedadlı gənclər gəlir, yaxşı gəlirlər.
– Bəs, “Dolu” kino sənəti kimi necədir?
– Orta səviyyəli filmdir. Şedevr deyil, amma üstün cəhətləri çoxdur, döyüş səhnələri tamaşaçını cəlb edir. Öz auditoriyamız üçün hesablanmış filmdir. Misəl üçün, “Sarı gəlin” artıq dünyaya çıxır, niyə, çünki Yavər Rzayev Qarabağ həqiqətləri ilə bağlı yazını festivaldan əvvəl filmdən çıxarmışdı. Rejissorun məqsədi mükafat almaqdır, onu Qarabağ maraqlandırmır. “Dolu”da xoşuma gələn bir də o oldu ki, “Fəryad”la başlayan ağlaşmaya son qoyduq. “Fəryad” da yaxşı filmdir, amma texniki cəhətdən zəifdir. Ondan sonra da Qarabağ mövzusunda filmlər çəkildi, amma mən “Fəryad”dan sonra yalnız “Dolu”nu kino hesab edirəm. Zamanla yəqin ki, bizdə də kino ənənəsi və dəsti-xətti formalaşacaq. Çünki istedadlı gənclər var, onların potensialları bu fikri deməyə əsas verir.     /sherg.az/

 

Paylaş: