Ç. Fev 26th, 2020

Ali dini liderin gizli imperiyası və ya İranda nəhənglərin döyüşü başladı

Eldar Namazov: “Söhbət 150 min nəfərlik silahlı birləşməyə və ölkə iqtisadiyyatının 30 faizinə nəzarət uğrunda mübarizədən gedir”

İranda və bu ölkənin ətrafında gərginlik səngimir. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsindən bu yana artan gərginlik fonunda, az qala, hər gün cənub qonşumuzla bağlı qalmaqallı hadisə baş verir. Mövzu ətrafında AYNA-nın suallarını Azərbaycan Respublikası Prezidentinin katibliyinin keçmiş rəhbəri, “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti, siyasi təhlilçi Eldar Namazov cavablandırıb.

– Eldar müəllim, Qasım Süleymaninin öldürülməsi ilə bağlı bir sıra versiyalar səslənir və mövzu indiyədək müzakirə olunmaqda davam edir. Məsələn, belə bir iddia var ki, Süleymaninin öldürülməsində İrandakı müxtəlif dairələr maraqları olub və sui-qəsd Tehrandan ötürülən məxfi informasiya əsasında baş tutub…

– Bu, çox ağır ittihamdır və bu ittihamı irəli sürmək üçün ya faktlara əsaslanmaq lazımdır, ya da şübhələr olmalıdır. Məsələn, Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı məndə belə şübhələr var. Yəni bu, təsadüfi baş vermiş hadisədən daha çox, hazırlanmış təxribata oxşayır. Süleymaninin qətlində isə yeganə qaranlıq məqam ondan ibarətdir ki, onun İraqa gəlişi məxfi səfər idimi və onu izləyib yerini müəyyən etmək üçün kimlərsə ABŞ hərbçilərinə yardım edibmi? Çünki Süleymani çoxdandır ki, ABŞ-ın “qara siyahı”sında idi və onu uzun müddətdir, izləyirdilər. Bir də pilotsuz uçuş aparatları ilə dəqiq əməliyyat keçirmək və Süleymaninin istifadə etdiyi avtomobili raketlərlə vurub darmadağın etmək çox böyük dəqiqlik və güclü informasiyaya malik olmağı tələb edirdi. O informasiyaları ABŞ tərəfə kimlərsə ötürüb-ötürməyib, bax bu məsələlər artıq qaranlıqdır. O məsələlərə aydınlıq gətirilsə, onda bu suala dəqiq və konkret cavab vermək mümkün olar.

 İranla bağlı ikinci miqyaslı hadisə Tehranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması olduSiz söhbətin əvvəlində bu hadisə barədə şübhələriniz olduğunu dediniz. O şübhələr nədən ibarətdir?

– Həmin sərnişin təyyarəsinin vurulduğu Tehran hava limanı, faktiki olaraq SEPAH təşkilatının nəzarətindədir. Vaxtilə bu hava limanının tikinti prosesini Türkiyəyə məxsus şirkətlər həyata keçirmişdi. Ona görə hava limanının idarəetməsi də onlara veriləcəkdi. Ancaq SEPAH buna qəti şəkildə etiraz etdi və hava limanının açılışı bir neçə gün gecikdi. Nəhayət, danışıqlar nəticəsində hava limanı SEPAH-ın nəzarətinə verildi və ondan sonra açılış oldu.

Ümumiyyətlə, SEPAH-la İran rəhbərliyi arasında ciddi fikir ayrılığı var. Birincisi, bu hərbi təşkilatın 125 mindən 150 min nəfərədək şəxsi heyəti var və onlar İran Müdafiə Nazirliyinə və Prezidentə tabe deyil, birbaşa İranın Ali dini rəhbərinə tabedirlər. Təbii ki, bu da ordunun daxilində böyük narazılıqla qarşılanır. Ümumiyyətlə, həmin təşkilatın yaranması elə orduya qarşı atılan bir addım idi. İran İslam Respublikasının yaranmasından sonra İranın dini rəhbərlərində orduya o qədər də inam yox idi. Çünki ordu uzun illər ərzində şah dövründə formalaşmışdı, dini rəhbərlər ordudan daim ehtiyyat edirdi. Ona görə də orduya paralel, yalnız özlərinə tabe olan ikinci bir ordu yaratdılar. Bu da Müdafiə Nazirliyi ilə dini liderlər arasında davamlı ziddiyyətlərə səbəb oldu. Üstəlik, həmin quruma digər işlərlə məşğul olmaq səlahiyyətləri də verildi. Hətta onların iqtisadi imperiyası İran iqtisadiyyatının 30 faizini təşkil edir və bununla bağlı birbaşa Ali dini rəhbərə hesabat verilir. Yəni nə Prezident, nə iqtisadi bloka rəhbərlik edən nazirlər orada əldə olunan gəlirlərdən xəbərdardır. Bu da SEPAH-la Prezident və iqtisadi bloka rəhbərlik edən nazirlər arasında ciddi narazılığa səbəb olur.

Ukrayna sərnişin təyyarəsinin vurulması da sadaladığım bu amillərlə çox bağlıdır. Ona görə ki, həm Tehran hava limanı, həm də həmin sərnişin təyyarəsini vuran havadan müdafiə sistemləri SEPAH-ın nəzarətindədir. Bu səbəbdən də burada bir sıra şübhəli məqamlar ortaya çıxır. Belə ki, sərnişin təyyarəsini vuran havadan müdafiə sistemləri Rusiyadan alınmış “TOR N1” sistemləridir. Bu sistemlərin isə iki lokatrı var. Bu lokatorlardan biri dairəvidir ki, havada uçaqları izləyə bilir, ikincisi isə raketi hədəfə almaq üçün istifadə edilir. Bu da o deməkdir ki, sərnişin təyyarəsi artıq səmaya qalxanda lokatorlar Tehran hava limanından onun qalxmasını göstərməli idi. Digər tərəfdən, qanadlı raketlə sərnişin təyyarəsini səhv salmaq qeyri-mümkündür. Ona görə ki, qanadlı raketin uzunluğu 4-6 metr arasında olur. Böyük sərnişin təyyarəsinin ölçüsü isə, təxminən həmin raketlərdən 10 dəfəyə qədər fərqlənir. Havaya qalxan sərnişin təyyarəsi, təqribən saatda 300 km-dən çox sürətlə qalxır. Ancaq qanadlı raketdə bu göstərici saatda 900 km-dir. Digər tərəfdən, qanadlı raketlər yerdən 20-30 metr hündür məsafə ilə uçurlar. Sərnişin təyyarəsi isə həmin hadisədə 2-3 km yerdən uzaqlaşmışdı.

Bundan başqa, son günlərdə bəlli oldu ki, bu təyyarə 1 yox, 2 raketlə vurulub. SEPAH-ın rəhbərliyi ilk günlərdə təyyarənin vurulmasının səhvən baş verdiyini və bunun operatorun səhvi ucbatından olduğunun demişdi. Ki, operatorun qərar qəbul etmək üçün cəmi 5 saniyə vaxtı olub və o, belə tələsik məqamda düzgün qərar qəbul edə bilməyib. Lakin məlum oldu ki, birinci raket zərbəsindən, təxminən 30 saniyə sonra təyyarəyə ikinci raket atılıb. Bunu isə artıq təsadüflə əlaqələndirmək mümkün deyil. Nəzərə alsaq ki, sərnişin təyyarəsinin havaya qalxdığı hava limanı da, təyyarəni vuran müdafiə sistemləri də SEPAH-a məxsusdur, artıq İran siyasi elitasının içində SEPAH-a qarşı olan narazı qüvvələrin hər biri bu hadisədən istifadə edib əks hücuma keçəcək və SEPAH-ın orduya və iqtisadi bloka tabe olmasını istəyəcək. Ona görə də bu hadisəni təxribat adlandırmaq olar və güman edirəm bu hadisənin arxasında planlaşdırlmış bir vəziyyət dayanır.

 SEPAH bu təxribatı törədib bütün diqqətləri öz üzərinə niyə çəksin? Ola bilərmi ki, hadisəni başqa maraqlı qüvvələr törədərək, işi SEPAH-ın üstünə yıxmaq istəsinlər?

– Son illər İran tarixinə baxsaq, görərik ki, SEPAH-ın tərkibində başqa ölkələrin kəşfiyyatına işləyən yüksək vəzifəli adamlar olub. Vaxtilə SEPAH-ın generalları və nüvə proqramına rəhbərlik edən adamlar məxfi sənədləri götürüb müxtəlif vasitələrlə xaricə qaçmışdılar. Hətta İranda SEPAH-a qarşı olan qüvvələrin tərəfdarları da SEPAH-ın sırlarında olub. Dediyim kimi SEPAH-ın şəxsi heyyətində 125-150 min arası şəxs təmsil olunur. Bu təşkilatda həm İran hakimiyyətinin içində SEPAH-a müxalif olan qrupların adamları da ola bilər, xarici kəşfiyyat orqanlarına bağlı adamlar da.

– Maraqlı məqamlardan biri də odur ki, 200-ə yaxın insanın həlak olduğu dəhşətli təyyarə hadisəsi rəsmi şəkildə etiraf olunsa belə, dünya tərəfindən çox asanlıqla həzm edildi. Ukraynanın özü belə, bu hadisənin üzərinə çox getmədi. Sizcə, dünya bu hadisəyə niyə səssiz qaldı?

– Hesab etmirəm ki, dünya buna səssiz qaldı. Əksinə, İran tərəfi çox qısa müddətdə başa düşdü ki, bu hadisəni gizlətmək olmayacaq və səhflərini etiraf etməyə başladılar. Adətən, o ölkəyə qarşı ciddi tədbirlər görülür ki, günahlarını etiraf etmir. İran isə bir neçə gün tərəddüd edəndən sonra günahını boynuna aldı. Bundan sonrası isə kompensasiyanın verilməsi, dəymiş zərərin ödənilməsi və cərimələrin tətbiq olunması prosesi olacaq. Yəni İran günahını etiraf edirsə, qalan addımları da atmaq məcburiyyətindədir.

Burada başqa bir maraqlı məqam da mövcuddur. Belə ki, ilk gündən SEPAH-ın rəhbərliyi bu hadisəni gizlətməyə çalışırdı. İlkin bəyanatlar da ondan ibarət idi ki, “bu, mümkün olan iş deyil və bunun İran Silahlı Qüvvələrinə heç bir dəxli yoxdur, qəza texniki səbəblərdən olub”. Lakin bu yalanı ifşa edən faktlar da məhz İranın daxilindən çıxdı. Belə ki, bununla bağlı videolar yayıldı və göründü ki, sərnişin təyyarəsi məhz raketklərlə vurulub. Həmin görüntülər İrandan xarici mətbuata ötürüləndən sonra SEPAH etiraf etdi ki, hadisə onların günahıdır və səhvən olub. Ancaq bunu operatorun səhvi ilə əlaqələndirmişdilər. İrandan ikinci video Qərb mətbuatına ötürüləndən sonra məlum oldu ki, İran daxilində SEPAH-ı izləyən və ifşa edən qüvvələr var. Sözsüz ki, məhz onların da təzyiqləri nəticəsində SEPAH qısa müddət ərzində günahı öz boynuna almağa məcbur oldu. Ona görə də indi bütün dünya gözləyir ki, İran səhvini boynuna alıbsa, cəzasını da çəkməlidir.

Burada digər bir maraqlı məqam da var. Belə ki, İran vurulan təyyarənin “qara qutu”sunun xarici ölkələrə verilməsinə qarşı çıxır, amma özlərində də “qara qutu”nu oxumaq üçün gərəkli avadanlıqlar yoxdur. İran bir tərəfdən açıq şəkildə deyir ki, bizdə avadanlıq yoxdur və “qara qutu”nu oxumaq üçün Qərb ölkələrindən xahiş edir, digər tərəfdən də “qara qutu”nun başqa ölkələrə verilməyəcəyini bildirir. İran burada nədən narahatdır? Çünki “qara qutu”da təyyarənin pilot kabinəsində aparılan danışıqlar da yazılır. Əgər bu təyyarə iki raketlə vurulubsa, yəqin ki, pilotlar birinci raket zərbəsindən sonra müraciətlər edib və siqnallar veriblər. 30 saniyədən sonra da ikinci raket zərbəsi dəyib. İran da bu səbəbdən belə davranış sərgiləyir və bunun ətrafında çox ciddi təzyiqlər və qalmaqallar yaranır.

– Bu günlərdə SEPAH-ın komandirlərindən daha biri öldürüldü. Bu, sizin verdiyiniz izahla bağlı ola bilərmi? Yəni komandirin öldürülməsini SEPAH-a qarşı ölkə daxilində əks hücumların nəticəsi kimi dəyərləndirə bilərik?

– SEPAH uzun müddətdir ki, “iki daşın” arasında qalıb. Bir tərəfdən İranın Müdafiə Nazirliyi illərdir, SEPAH-ı özünə tabe etmək üçün mübarizə aparır, digər tərəfdən də Prezident və iqtisadi bloka rəhbərlik edən nazirlər SEPAH-a tabe olan 200-dən artıq biznes şirkətlərini onların əllərindən almağa çalışırlar. Prezidentin və iqtisadi bloka rəhbərlik edən şəxslərin də bu məsələdə ciddi arqumentləri var. Onlar bildirirlər ki, İrana qarşı sərt sanksiyalar tətbiq edilir və ölkədə sosial-iqtisadi durum həddindən artıq aşağıdır. İnsanlar etiraz aksiyaları keçirir və qanlı toqquşmalar baş verir. Hökumət də iqtisadiyyatın 30 faizinə nəzarət edə bilmir. Çünki həmin 30 faiz SEPAH-ın nəzarətindədir və hökumətdən qapalıdır. Sərnişin təyyarəsinin SEPAH-ın nəzarətində olan hava limanında SEPAH tərəfindən vurulması da qarşı tərəfə gözəl fürsət verdi. Sizin dediyiniz ikinci sui-qəsd bu prosesin tərkib hissəsi ola bilər.

– Bəlli olduğu kimi, ABŞ-ın İrandakı əsas hədəfi SEPAH və ona nəzarət edən Ali dini liderdir. Qeyd etdiyiniz əks-hücumlar, Qərbin də dəstəyi ilə SEPAH-ın zərəsizləşdirilməsi ilə nəticələnə bilər, yoxsa müqavimət güclü olacaq?

– Burada müəyyən proseslərin bir-birləri ilə uzlaşdırıldığını görürük. Bir tərəfdən SEPAH-a ABŞ və koalisiya qüvvələri zərbələr endirir. “Qüds” qanadının rəhbəri İraqda qətlə yetirilir. Digər tərəfdən, İran daxilində SEPAH-a qarşı hücumlar başlayıb. Bütün bunlar SEPAH-ın ləğvinə, yaxud Müdafiə Nazirliyinə birləşdirilməsinə hesablanmış kimi görünür. Hər halda, tərəflər arasında qızğın mübarizə davam edir.

– Əgər SEPAH ləğv edilərsə, yaxud hökumətə tabe olarsa, İran rejimində hansı mənzərə meydana çıxacaq, nə dəyişəcək?

– İran daxilində qüvvələr balansı çox güclü şəkildə dəyişə bilər. Bir amili nəzərə almaq lazmdır. Fevralın 21-də İranda parlament seçkiləri keçiriləcək. İranın daxilində güclərin balansı baxımından həmin seçkilərin nəticələri çox vacibdir. Belə ki, son günlərdə Ali dini rəhbərliyə yaxın şuralar tərəfindən Prezidentin dəstəklədiyi şəxslərin namizədlikləri ləğv edildi. Bu da Prezident Həsən Ruhaninin narazılığına səbəb oldu. Ruhani xüsusi bəyanatla çıxış etdi ki, “seçkiləri bir qanadın nəzarəti altında keçirmək olmaz, seçkiyə qatılmaq istəyən bütün namizədlərə imkan yaradılmalıdır”. Yəni Ruhani birbaşa etiraf etdi ki, dini rəhbərliyə aid olan qanad seçki prosesini tam nəzarətə götürüb, özlərinə rəqib olanların namizədliklərini isə ləğv edib.

Bundan başqa, Ali dini rəhbərə SEPAH-la bağlı təzyiqlər uzun illərdir davam edir. Hətta 2018-ci ildə Xameneyi məcbur olub SEPAH-la bağlı bir açıqlama verdi və bildirdi ki, təşkilat özünə xas olan fəaliyyətlə məşğul olsun, biznes və digər sahələrə aid məsələlərə qarışmasın. Bu da Prezident Ruhani və İran hökumətinin təzyiqləri nəticəsində idi. Ümumiyyətlə, həmin açıqlamanın verilməsi onu göstərir ki, hakimiyyətdaxili mübarizə necə şiddətli formalar alır. İlk növbədə, SEPAH-ın rolu dəyişsə, parlament seçkiləri prosesində hər bir namizədin iştirakına şərait yaradılsa, SEPAH Müdafiə Nazirliyinə tabe etdirilsə və SEPAH-a məxsus böyük iqtisadi imperiyanın İran hökumətinə tabeçilik məsələsi öz həllini tapsa, ciddi dəyişiklik meydana çıxa bilər. Mühafizəkarlarla islahatçılar arasındakı qüvvələr balansın ikincilərin xeyrinə dəyişə bilər. Ona görə də bu mübarizə çox şiddətli və amansız aparılır.     /ayna.az/

Paylaş:

mersin escort bayan mersin escort