Ç. Fev 26th, 2020

“Deputat seçilən deyil, toyuqlarımız əldən getdi…”

Seymur Verdizadə
Əsəd köhnə tanışdır, ilk dəfə 10 il əvvəl tədbirlərin birində qarşılaşmışıq. Abırlı adam olduğu üçün söhbətimiz tutmuşdu, danışıb, dərdləşmişdik. Arabir zəngləşirik, ölkədə, dünyada baş verən hadisələrdən danışıb, ürəyimizi boşaldırıq…
Əsəd dünən yenə zəng etmişdi. Hal-əhval tutandan sonra seçki kampaniyasının nə vaxt başa çatacağını soruşdu. Onun savadlı, məlumatlı adam olduğunu bildiyim üçün çaşıb qaldım. Amma etika xatirinə sualını cavabsız buraxmadım: “Parlament seçkiləri fevralın 9-da keçiriləcək”.
Qısa pauzadan sonra belə dedi: “İşimiz çətin olacaq”.
Əsəd çətinlikdən qorxan adam deyil. Üstəlik, deputatlığa namizəd də deyil. Kiminsə vəkili olmağı, yaxud məntəqədə təmsil olunmağı da mümkün deyil. Maraq güc gəldiyi üçün niyə dilxor olduğunu soruşdum. Dərindən ah çəkib, belə dedi: “Bacanağımın oğlu bizim rayondan namizəddir. Bir aydı gəlib oturub kəndə. Nə gecəmiz var, nə gündüzümüz”.
Onu sakitləşdirməyi özümə borc bildim: “Cavan oğlandır, mane olma. Kömək et, özünü sınasın. Deputat seçilməsə də, təcrübə toplayacaq”.
Deyəsən, dərdini təzələmişdim. Səsindəki giley-güzar aşkar hiss olunurdu: “Ay müəllim, mən kasıb adamam, öz başımı güclə dolandırıram. Düz bir aydı iki dostunu da götürüb, gəlib oturub bizdə. Gündə üç-dörd çolpa yeyirlər. Həyətdə toyuq-cücə qalmayıb”.
Ötən seçkilərdə də bu cür şikayətlər eşidirdim. Mənzərə mənə tanış olduğu üçün Əsədin halına acıdım. Amma bacanağının oğlunun qolundan tutub, bayıra tullamasını ona məsləhət görə bilməzdim. Odur ki, səsimə bir az həlimlik qatdım: “Ay Əsəd, seçki beş ildə bir dəfə keçirilir. Cavanların xətrinə dəymə, bir az səbirli ol. Əsli bacıdan ayıbdır”.
Araya sükut çökdü. Əsədin evinin 50 addımlığından axan çayın səsi aydın eşidilirdi. Bu qısa müddət ərzində ruhum dincəldi, əsəblərim sakitlik tapdı. Amma Əsəd bu xoşbəxtliyi mənə çox gördü: “Xahiş edirəm, məni düzgün başa düşün. Söhbət toyuq-cücədən getmir. Kəndə gələn kimi evə internet çəkdirdi. Soruşdum ki, internet sənin nəyinə lazımdır? Dedi ki, sosial şəbəkələrdə təbliğat aparacağam. Onu heç cür başa sala bilmədim ki, bu dairəyə daxil olan kəndlərdə əhalinin 60-70 faizinin internetə çıxışı yoxdur. Ara yerdə 100 manat ziyana düşdüm”.
Yeni mövzu öz ayağı ilə gəlib çıxmışdı. Əsədə bir-iki sual verib, məsələnin təfərrüatına varmaq lazımıydı. Əvvəlcə bacanağının oğluyla gələn iki nəfərin kim olduğunu soruşdum. Belə cavab verdi: “Deyir ki, vəkillərimdir. Gecə saat 3-ə kimi kompüterin qabağında otururlar. Yuxudan günorta 12-də qalxırlar. Çörəklərini yeyib, çaylarını içəndə saat bir olur. Təzədən otururlar kompüterin qabağında. Vallah, heç nə anlamıram. Seçki internetdə keçirilir?”
Dedim ki, bunu mən də anlamıram. Elə insanlar var ki, seçicilərin yanında olmaq əvəzinə kompüterin qabağında otururlar…
Bir  az da ordan-burdan danışdıq. Sağollaşmaq istəyəndə Əsəd dedi ki, başımıza qəribə iş gəlib, azca səbr elə, onu da nəql edim. Cavabımı gözləmədən söhbətə başladı: “Bacanağımın oğlunun və dostlarının yatdığı otaqda iki gün əvvəl gurultu qopdu. Yerimdən dik atılıb, elə “pinjama”da onların yanına qaçdım. Gördüm ki, bir-birilərinə sarılıb, atılıb-düşürlər. Məni görəndə özlərini üstümə atdılar. Soruşdum ki, a bala, nə olub, niyə sevinirsiniz? Bizim cüvəllağı qayıtdı ki, məni təbrik edə bilərsən, deputat seçilmişəm. Dedim, a y oğul, seçki fevralın 9-u deyil? Qayıtdı ki, virtual səsvermədə qalib olmuşam. Dünən də görürəm ki, arvadın “şotka darağını” mikrofon kimi ağzına tutub, öz-özünə danışır”.
Araya yenə sükut çökdü. Bir neçə saniyədən sonra Əsəd sözünün davamını gətirdi. Bu dəfə onun səsi əməlli-başlı titrəyirdi: “Deyəsən, uşağın başına hava gəlib. Xalası istəyir ki, sabah onu Molla Həmzənin yanına aparsın. Sən nə məsləhət görürsən?”
Dedim ki, özünüzə əziyyət verməyin. Fevralın 9-dan sonra havası alınacaq…

Paylaş:

mersin escort bayan mersin escort