C. Fev 21st, 2020

“Kəlbəcərlilər “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədin səs verəcəklər” – FOTOLAR

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda  2019-cu il struktur və kadr islahatlarının həyata keçirilməsi ilə yadda qaldı. Ötən ilin ən mühüm və əlamətdar hadisələrindən biri isə Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasına Yeni Azərbaycan Partiyasının (YAP) da öz dəstəyini nümayiş etdirməsi oldu.
Belə ki, Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Sədrinə müraciət edərək yaranmış vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildirdilər. Eyni zamanda, parlamentin plenar iclaslarında digər partiyaları təmsil edən deputatlar da hakim partiyadan olan həmkarlarının mövqeyini dəstəklədilər. Bundan sonra Milli Məclis 2 dekabr 2019-cu il tarixində müvafiq qərar qəbul etdi.
Qərarda vurğulanır ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.
Qeyd edək ki, Milli Məclisə seçkilər təyin olunarkən qanunvericiliyin bütün tələbləri gözlənilib. Belə ki, dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin yuxarıda bəhs olunan Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi qəbul etdiyi Qərarda Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılmasını Konstitusiyaya uyğun hesab edib. Bundan sonra Prezident İlham Əliyev 5 dekabr 2019-cu il tarixində “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb və həmin Sərəncama əsasən fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Heç şübhəsiz ki, bütün seçkilərin qalibi olan YAP bu seçkilərdə də əzəmətli qələbə qazanmaq əzmindədir və artıq bu istiqamətdə lazım olan bütün addımlar atılıb, 123 seçki dairəsi üzrə partiyamızın namizədləri müəyyən edilib. Öz ictimai-siyasi fəallıqları, dövlətçiliyə sədaqətləri, xalqa yaxınlıqları və digər üstün keyfiyyətləri ilə seçilən bu namizədlərin seçicilərin dəstəyini alacağına kimsədə şübhə yoxdur. Hər halda seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində müşahidə etdiklərimiz belə deməyə əsas verir.
Həmin namizədlərdən biri də Məmmədov Aqil Sadiq oğludur. YAP tərəfindən 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. Ali təhsillidir. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban” kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayan Aqil Məmmədov 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Sonralar Xanlar (hazırkı Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman komitəsinin sədri, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyən Aqil müəllim 2006-cı ilin oktyabr ayından Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib, 4 mart 2013-cü il tarixindən isə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunub. Ailəlidir. 2 övladı var.
Bildirmək istəyirəm ki, seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının 123 saylı Kəlbəcər seçki dairəsindən məhz Aqil Məmmədovun namizədliyini irəli sürməsi heç də təsadüfi deyil. Çünki Aqil müəllim istər bir məmur, istər ziyalı, istərsə də partiya üzvü kimi hər zaman ölkəmizdəki ictimai-siyasi proseslərin önündə gedib, dövlətimizə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdiridiyi siyasətə sədaqəti, xalqımıza xidməti ilə seçilib. Aqil Məmmədovun hər zaman kəlbəcərlilərin problemləri ilə maraqlanması, bu problemlərin həlli istiqamətində gördüyü işlər barədə hər bir kəlbəcərli məmnuniyyət hissi ilə danışa bilər.
Mən isə deputatlığa namizədin başqa bir üstün keyfiyyəti – ziyalı kimi elmə, sənətə, ədəbiyyata, aşıq sənətinə vurğunluğu, bu istiqamətdə həyata keçirilən işlərə diqqət və qayğısı barədə qeyd etməyi özümə borc bilirəm. İdarəçiliyində təmsil olunduğum “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin istər xalqımızın bədii yaradıcılığı, aşıq sənətinin təbliği, istərsə də ictimai proseslərlə bağlı keçirdiyi əksər tədbirlərdə hər zaman öz diqqət və qayğısını əsirgəməyən Aqil müəllim aşıq sənətinin, ədəbiyyatımızın vurğunu kimi, öz fikir və məsləhətlərini də bizimlə bölüşür.
Ağdabanlı şair Qurban və Dədə Şəmşir nəsil şəcərəsinin davamçılarından olan Aqil Məmmədov xalqımızın zəngin ədəbi irsinin təbliği istiqamətində həyata keçirilən digər işlərə də hər zaman öz dəstəyini göstərir.
Bəli, Aqil müəllim haqqında çox danışmaq olar. Amma atalar demiş, görünən dağa nə bələdçi. Əminəm ki, bu günə kimi müxtəlif vəzifələrdə çalışarkən olduğu kimi, parlament seçkilərində kəlbəcərlilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə  də Aqil Məmmədov dövlətimizin inkişafı və rayonumuzun sakinlərinin rifahı naminə daha da əzmlə çalışacaq. Məhz buna görə də əminəm ki, kəlbəcərlilər “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədin səs verəcəklər.
Həbib Misirov
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini, YAP-ın üzvü

Paylaş:

mersin escort bayan mersin escort