Ça. Mar 31st, 2020

Psixoloq: “Nərminin anası susqunluğun, sükutun arxasında gizlənmək istəyir” – VİDEO

Tovuzun Dondar Quşçu kəndində amansızcasına qətlə yetirilən Nərminin ailəsi ötən həftə Bakıya gəlib.

Turkustan.info news24.az-a istinadən xəbər verir ki, ağır durumda olan ailə “Liatris” Holdingin rəhbəri Ruhi Əliyevanın dəstəyi ilə məşhur psixoloq-psixoterapevt Elmir Əkbərin yanında müayinədən keçib.
Ailə üzvləri ilə ayrı-ayrılıqda danışıb, onların psixoloji vəziyyətlərini yoxlayan Elmir Əkbər Quliyevlərin vəziyyəti, psixoloji durumu haqda fikirlərini bölüşüb:

“Bir ailənin başına bundan ağır nə gələ bilər? Sözün bitdiyi yerdi. Belə anda təsəlli vermək də artıqdı, bayağı səslənir. Belə durumda ünsiyyət qurmaq da çox çətindir. Necə sual verəsən, nə fikir bildirəsən ki, insanların yaraları bir az da dərinləşməsin. Bu hadisə ölkə gündəmi oldu, insanlar bu faciəyə münasibət bildirdi, ailənin də insanların düşüncələrindən xəbərləri oldu. Onların bu duruma reaksiyası müxtəlifdir. Bəzi insan psixologiyasından xəbərsizlər bu ailənin, valideynlərin psixoloji durumunu nəzərə almadan danışırlar. Ümumiyyətlə, hər kəs bu mövzuda danışanda diqqətli olmalıdır”.

“Ananın susqun olmasının səbəbi…”
Psixoterapevt ailədə olduqca ziddiyətli reaksiyaların müşahidə olunduğunu qeyd edib: “Valideynlərlə danışanda görürsən ki, ata ilə ananın hadisəyə reaksiyası tamamilə fərqlidir. Ata fikrini daha açıq izah edir. Ana isə fikrini dolaşıq çatdırır. Çünki o, susqunluğun, sükutun arxasında gizlənmək istəyir. Bu ola bilsin ki, yaşadığı travmanın nəticəsidir, heç kimlə ünsiyyətə girmək istəmir. Ən azından bu mövzu onun üçün ağırdı, o səbəbdən də mövzudan qaçması təbiidir. Amma kənardan bu, başqa təəssürat bağışlaya bilər. Elə anlaşılar ki, o nə isə bilir, amma demək istəmir. Mən mövcud vəziyyəti belə qiymətləndirirəm. Bunu özəlliklə vurğulamaq istəyirəm ki, ağır travma yaşayan inasanlarda, ailələrdə belə ziddiyətli reaksiyanın olması təbiidir. Hamı bilir ki, yas yerində dünyasını dəyişmis insanın yaxınları qol götürüb oynaya da bilər, deyib gülə də. Halbuki bu parodoksal reaksiyadır. Onlar sadəcə, müdafiə mexanizmi olaraq ağrıdan qaçmağa çalışırlar. Bir psixoterapevt olaraq bunun psixoanalizi ilə bağlı diqqətli olmalıyıq, insanlar da başa düşməlidirlər ki, belə bir ağır itkidə o şəxsin hərəkətləri kənardan baxana yersiz görünə bilər”.
E.Əkbərin sözlərinə görə, ikinci təəccüb doğuracaq məsələ bəzi məqamlarda valideynlərin özlərini olduqlarından daha çox dərdli göstərməyə çalışmasıdır:

“Psixologiyada bir anlayış var, insan öz acısı, dərdi haqqında danışanda onun baxışı, mimikası, jestləri, intonasiya və ifadə tərzi ilə üst-üstə düşməlidir. Ancaq o insanların fikirlərini izah edəndə reaksiyalarda psixoloji uyğunsuzluq hiss olunur. Onların nitqi və mimika jesti eyni deyil. Bu da güman ki, onların özlərini günahlandırması ilə bağlıdır. İnsan özünü günahlandıranda dediyimiz hal yarana bilir. Yəni əksər hallarda itkilər olanda insan fikirləşir ki, kaş, səhər onu göndərməyəydim. Kaş məcbur eləməyərdim dərsə getsin. Kaş elə deməzdim, belə eləməzdim… Bu, çıxış yolu deyil axı, hamı məktəbə getməlidir. Əgər yolda qəza baş veribsə, yaxud uşağın başına hansısa iş gəlibsə, bununla bədbəxt hadisənin qarşını almaq mümkün deyil. Yəni hər özünü günahkar bilən günahkar deyil. Elə canilər var ki, törətdikləri əmələ rəğmən, keflə yaşayırlar”.
Elmir Əkbər ailənin haqsız yerə qınanmasına da münasibətini bildirib: “Bir mütəxəssis olaraq demək istəyirəm ki, cəmiyyətdə ailənin haqsız yerə qınanmalarına qarşıyam. Psixologiyada da ağır travma yaşayan insanın hadisə baş verən yerdən uzaqlaşması tövsiyə olunur. Çünki çox vaxt insan hadisə baş verən yerə münasibətini dəyişə bilmir. Əgər dəyişə bilmirsə, o zaman ordan uzaqlaşmalıdır, bu, qismən də olsa, kömək edir. Bu ailə də elə durumdadır ki, uşağın dəfn olunduğu qəbiristanlıq evlərinin yanındadır, cəsədin yandırıldığı yer yaxındadır, təqsirləndirilən şəxs qonşuluqda yaşayır. Zənnimcə, imkan daxilində onlar başqa yerə köçsələr, başqa yerdə yaşasalar həyata uyğunlaşmalarına kömək olar. Yaddan çıxarmayaq ki, bu ailədə iki başqa qız da böyüyür. Valideynlər nə qədər tez uyğunlaşsalar, təskinlik tapsalar, o iki uşaq üçün də yaxşı olar”.

Psixoloq ailənin din xadimlərinin biri ilə də görüşüb söhbətləşməsinin də zəruri olduğunu vurğulayıb:

“Məncə, ailə çox savadlı bir din xadimi ilə də görüşsə, yaxşı olar. Psixoteropevt kimi deyə bilərəm ki, belə hadisələr zamanı din insanların itkilərlə barışmaq hissinə kömək edir. Baş vermiş hadisənin ağırlığını dəf etmək, olanlarla barışmaq, özlərini bağışlamağa din çox kömək ola bilər”.
E.Əkbər valideynlərin bir sıra tibbi müayinələrdən keçməsinin də vacib olduğunu qeyd edib: “Tibbi baxımdan bu insanlarda travmadan sonrakı ağır stress durumu müşahidə olunur. Üstəgəl, depressiya ilə vəziyyət daha da ağırlaşıb. Psixosamatik reaksiyalar var, yəni artıq fiziki xəstəliklər yaranıb. Məsələn, ana şikayət edir, ürək xəstəsi olan adamın şikayətinə bənzəyir, endikronoloji problemləri var, hətta mən istəyərədim ki, onlar onkoloq müayinəsindən də keçsinlər. Çünki insanların vaxtsız ölümünə səbəb olan xəstəliklərin kökündə depressiya, psixoloji gərginlik durur. Ona görə də onlar çox ciddi müayinələrdən keçməlidirlər”.

Psixoterapevt Nərminin bacıları – Şəbnəmlə Şəhanəni də psixoloji sorğudan keçirib. Hər iki bacı arzularla bağlı suala eyni cavabı verib: “Heç nə istəmirik, bircə bacımız geri gəlsin…”
E.Əkbər azyaşlıların psixoloji durumunu da şərh edib: “Təbii ki, hər iki uşaq ciddi psixoloji zərbə alıb. Bacıların ikisi də eyni şeyi düşünür, eyni arzudadır. Onlar Nərminin qayıtması üçün hər şeylərini verməyə, bütün arzularından keçməyə hazırdırlar”.
Psixoloq onu da qeyd edib ki, belə hadisələrin baş verməsinin səbəblərindən biri də cəmiyyətdə, ailələrdə, insanlar arasındakı laqeydlikdir: “Cəmiyyətdə münasibətlər arasında boşluqlar, laqeydlik var. Laqeydlik cəmiyyətimizin ən böyük xəstəliyidir. Bu, insanlarda depressiyaların yaranmasına səbəb olur. İnfarkt, onkoloji xəstəlikərin əsas səbəbi depressiya və psixoloji sıxıntılardır. Onun da yaranmağına səbəb cəmiyyətin biganəliyidir. İstər özümüzə, istərsə də yanımızda olan insanlara qarşı etinasızlıq çox böyük fəsadlara yol açır”.

Paylaş:

mersin escort bayan mersin escort