04 Dekabr 2020 12:07

Yardımlının ziyalıları Rövnəq Abdullayevə müraciət etdi

Hörmətli Rövnəq müəllim!
Sizə “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin professor və tanınmış ziyalılardan ibarət İdarə Heyətinin adından müraciət edirik. Müraciətimiz sərhəd rayonu olan Yardımlının təbii qazla təmin olunması problemi ilə bağlıdır.

Bildiyiniz kimi, ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyev 2019-cu ildə respublika ərazisinin təxminən 95 %-nin qazlaşdırılması ilə bağlı müvafiq qurumlara xüsusi tapşırıqlar vermiş, bu layihənin icra vəziyyəti barədə hökumətin rüblük və illik hesabatlarında məlumatlar dinlənilmişdir. Ölkə əhalisi regionların inkişafı ilə bağlı çoxsaylı prezident sərəncamları ilə təsdiqlənən və dövlətimizin başçısının birbaşa nəzarəti altında reallaşan bu cür həyat əhəmiyyətli layihələrin uğurla yerinə yetirilməsini iqtisadiyyatımızın, bölgələrdəki infrastrukturun, fermer təsərrüfatlarının, kiçik və orta biznesin davamlı və dayanaqlı inkişafı üçün önəmli hesab edir. Respublikamızın paytaxtdankənar müxtəlif bölgələrinin sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət və təhsil mərkəzlərinə çevrilməsini atılan addımların bəhrəsi kimi qiymətləndirilir.

Ölkəmizin sərhəd bölgəsində, digər rayonlarımızla müqayisədə coğrafi cəhətdən qeyri-əlverişli mövqedə yerləşən Yardımlı rayonunun iqtisadi dirçəlişinə, tanıdılmasına, ehtiyacı olan insanlara qayğı və yardım göstərilməsinə, bu bölgə insanları arasında sosial münasibərlərin dəstəklənməsinə çalışan Xeyriyyə cəmiyyətimiz rayonun iqtisadi inkişafı, əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi, insanların sosial-məişət şəraitinin və ekoloji mühitin yaxşılaşdırılması üçün rayon kəndlərinin qazlaşdırılması prosesinin ləngiməsinin bölgə ziyalılarını, rayon ictimaiyyətini narahat etdiyini diqqətinizə çatdırır. Rayonun 80-dən çox kəndindən bu günədək cəmi 12-nin qazlaşdırılması Yardımlıda müvafiq dövlət proqramlarının icra vəziyyətinin real göstəricisidir. Belə bir şəraitsizlik vəziyyətində rayon əhalisinin kütləvi şəkildə Bakı və Sumqayıta, şəhərlərətrafı kəndlərə axışması, çoxəsrlik tarixə, maddi-mənəvi dəyərlərə, unikal həyat tərzinə, mifik-folklor yaddaşına malik tarixi ərazilərimizin kimsəsizləşməsi prosesi səngimir. Respublikamızın strateji sərhəd bölgəsi üzrə belə bir statistikanın gətirilməsi və işıqlandırılması nə qədər ağır olsa da, fakt faktlığında qalır. Qazlaşdırma prosesinin dayandırılması ərazi, coğrafi, iqlim və əhalinin həyat tərzinə görə bizə yaxın olan qonşu Lerik rayonu ilə müqayisədə Yardımlının geridə qalmasına səbəb ən ciddi məsələdir.

İki yüz əlli mindən çox Yardımlı əsilli soydaşlarımızı təmsil edən bir ictimai təşkilat kimi Sizə olunan bu müraciətimizə diqqətlə və həssaslıqla yanaşılacağına, Yardımlı kəndlərinin qazlaşdırılması prosesinin tezliklə davam etdirilməsinə, qazlaşdırma səviyyəsinin digər dağ rayonları səviyyəsində həyata keçiriləcəyinə göstəriş verməyinizə inanırıq.

Hörmətlə:
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri,
Elman Eldaroğlu

Paylaş: