Be. Apr 6th, 2020

Yandırıldı, dəfnə aparılanda dirildi, sonra… – Xocalı şahidindən DƏHŞƏTLİ ETİRAFLAR (VİDEO)

Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı alova büründü. Mühasirəyə alınan şəhərdə qalan 2500 Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. İnsanlar ən vacib əşyalarını, geyimlərini belə götürməyə imkan tapa bilmədilər.

Publika.az-a danışan “817” nömrəli Xocalı Özünümüdafiə batalyonu post komandiri, Xocalı sakini Hüseynağa Quliyev həmin gün baş verənləri belə xatırlayır:

“Xocalı hadisələri zamanı 25 yaşım vardı. Ermənilər əvvəlcədən xəbərdarlıq etmişdi ki, Sumqayıtın ildönümü Xocalıda olacaq.

Ermənilər 3 dəfə hücüm etdilər. Xocalı olaraq bu hücumların qarşısını aldıq. Torpağa o qədər bağlı idik ki, oradan çıxıb getmək ağlımıza belə gəlmirdi.

Ermənistan Silahlı birləşmələri və 366-cı motoatıcı alayı balaca bir şəhərin üstünə 100-dən yuxarı texnika ilə – tanklar, PDM, ZTR-lərlə 100-dən hücum etdilər.

Xocalının vəziyyəti elədir ki, bir yol giriş və çıxışdır. Başqa çıxış da yoxdur. Hər tərəf dağ idi. Xəbər gəldi ki, Xocalını mühasirəyə alırlar. Sonuncu döyüş olacaq. Mən də 817N-li Xocalı Özünümüdafiə batalyonu post komandiri idim. Hamını çağırıb dedim ki, buradan heç kim heç bir posta kömək etməyəcək. O vaxt telefon da yox idi. Ehtiyac olsa, başqa postlara 5 nəfərlik qruplar halında köməyə gedəcəyik. Çünki mənim postumda 32 nəfər olsa da, silah çatışmazlığı vardı. Cəmi bir avtomat vardı, o da məndə olurdu. 1-2 ədəd də ov tüfəngi vardı. Ora girsələr, o biri postların arxası bağlanır, çıxmaq mümkün olmurdu. Saat axşam onun yarısı olardı, sanki yer oynamağa başladı. Dörd tərəfdən Xocalını vurdular.

Onlar qəsdən dəhlizi boş saxlamışdılar ki, camaat çıxanda qıra bilsinlər. Uşaqlar gəldi ki, nə qədər adam var qırıldı, postlarda hərbçi qalmadı. Xocalını saxlayacaq hərbçi qalmadı, hamısı şəhid oldu”.

Məşədə nə qədər adam var, öldürdülər

“O vaxt yeni ailə qurmuşdum. 2 yaş 6 aylıq əkiz oğlum vardı. Dağa çıxanda orada camaat iki yerə bölündü. Dedim ki, hərbidə vəd verən yerə heç vaxt getməyin, eşitmədilər. 1000-1500 nəfər həmin istiqamətə getdi. Biz – 500-600 nəfər dağa qalxdıq. Elə yenicə qalxmışdıq ki, gördük, atışma başladı. Orada nə qədər adam var, qırdılar. Ağlayan uşaq görən kimi güllələyirdilər. Heyvan heyvanlığı ilə balaca heyvan görəndə ona dəymir. Bunlar vəhşi heyvandan belə betər idilər. Uşağın alnından vururdular ki, birdən sağ qalar.

Biz də oradan meşəyə keçdik. Oradan çıxış yox idi, dar cığırlar, qayalardır, birinə güllə dəyəndə 5-6 nəfərə dəyib düşürdü. Yol yox idi. Enli maşın yolu tapdıq. Cahan kişi vardı, oğlunu aparıb, başını kəsdilər. Gəlib məni çağırdı ki, atam deyir, bura gəlin. Dedim, oğul, meşədən çıxan maşın yolu kəndə gedir, əsir düşəcəyik. Dedi, yox, camaat səni gözləyir. Elə təpənin başına qalxmışdıq, bizi mühasirəyə aldılar. Dedilər, kimin silahı var, yerə qoysun. Yanımızda uşaqlar var idi, uşağı anama verdim, dedim saxla. Demədim, özümü qayadan atacam. Formada, əlimdə silah, mümkün deyildi. Elə qayanın başında duranda gördüm Məhəmməd kişi yanıma gəldi. O gələndə ermənilər gördü. Qar yağmışdı. Dedim çıxma, gəlirlər, səni gördülər. Mən güllə atım, sən özünü qayadan at. Qorxdu, həmin vaxt bunu vurdular, qayadan düşdü. Tək onu görmüşdülər, elə bildilər, bir nəfərdir. Məni görmədilər. Düşündüm, patron qurtarır, birini vursam, bunlar uzansa, özümü qayadan ataram. Elə ortadan gələnə atdım, bunlar uzananda özümü qayadan atdım. Qarın üstünə düşdüm. Əgər qar olmasaydı, mənim sağ qalma şansım yox idi. Dağın dibinə düşüb, Məhəmməd kişinin yanına gəldim ki, bəlkə yaralıdır, gördüm, ölüb. Dağın başından qalxdım ki, meşəyə girəm, təxminən 100 metr qalmış, gördüm qırmızı işıqlar gəlir. Bildim ki, ermənilərdir. Meşəyə çatmağa 50 metr qalmış ayağımı altından torpaq getdi. Tankla dağı necə vurdularsa, havası məni atdı. Yıxıldım, bir müddət ayılmadım. Ayılanda, ikinci dəfə vurdular. Bir qadın gəlib, nə qədər silkələyib ki, gəlirlər, oyan, ayılmamışam”.

Üstümə benzin töküb yandırıblar

“Bizi Pircamal kəndinə elə gətirdilər, sanki toy-bayram edirdilər ki, əsgər gətirmişik. Axşam çağırdılar ki, bu nə formadır əynində? Onsuz huşum yerində deyildi, bildim, artıq gecdir. Qarşıma siyahı qoydular ki, adı yazılanları tanıyırsanmı? Dedim, heç birini tanımıram. Həmin gün məni o qədər döyüblər ki, huşumu itirib, komaya düşmüşəm. Ən az gündə 4-5 dəfə döyülürdüm.

Səhər oyandım ki, əynimdə formam yoxdur. Düşündüm, kimsə çıxarıb geyinib. Dedilər, sənin üstünə benzin tökmüşdülər, yanırdın, biz çıxardıq. Uşaqlar çıxarmışdılar”.

Adı siyahıda olanları aparıb qurban kəsirdilər

“Sonra Cavan kişi gəldi ki, bəs evin tək oğlusan, səni dəyişmək istəyirlər, heç olmasa, əlindəki silahı boynuna al. Qışqırdım ki, onsuz da mən öləcəm, amma boynuma almayacağam. Tək silah da deyildi, adlar çəkirdilər ki, İsmayıl, Faiq, Kamil və başqaları kimdir? Çünki kimin adı siyahıya düşübsə, aparıb qurban kəsirdilər.

Dedim ki, onsuz mən burada öləcəm, çıxma ümidim yoxdur. Əgər çıxsanız, Hüseynağa bizə görə öldü, deyərsiniz. Amma adınız çağrılanda dönməyin.

Məni onlardan ayırdılar. Kötük vardı, onun üstünə qoyub, belimə çıxdılar. Kötük yerdə olduğundan belim qırılmadı. O cür əziyyət verdilər, sonra qalxa bilmədim. Sonra arxadan tutub boğdu. Yıxılıb huşumu itirdim. Yıxılanda başsız meyit vardı, düşdüm üstünə. Sonra dedilər, aparın içəri, o qədər vurun ki, danışsın. Nə qədər sual verdilər, heç birinə cavab vermədim. Bir onu dedim ki, ölü heç vaxt danışmır. Onsuz da ölmüşük. Danışsan da öləcəksən, danışmasan da…”

Əsgəran qalasında ölüm hökmü verdilər

“Məni Əsgəran qalasına gətirdilər. Orada ölüm hökmü verdilər.

20-21 yaşlı Faiqi güllələdilər. Sonra məni çıxartdılar. Dedilər, danışmayan əsgər budur? Dedilər, sən komandir olmusan. Bu qədər qoruyursan millətini? Deyirlər, de ki, Qarabağ sizinkidir. İnsan bunu özünə sığışdırmır.

O qədər döymüşdülər ki, müqavimət göstərməyə taqətim yox idi. Bir qolum, çənəm qırılıb, güclə danışırdım, artıq gözlərim də görmürdü. Bir də ayıldım ki, soruşublar burada Hüseynağa var, kimdir? Danışa bilmirdim, əlimlə göstərdim ki, mənəm. Soruşdular ki, sənin burada uşaqların var? Dedim, yox. Dedilər, bu uşaqlar kimindir, dedim tanımıram. Çünki əgər tanıyıram desəydim, yaxud uşaq atamdır desə, yanıma gəlsəydi, ya onların başını kəsəcəkdilər, ya da kimisə satmalıydım. Ona görə inkar etdim. Şükür ki, uşaq mənə sarı gəlmədi”.

İki gün morqda qaldım

“Məni o qədər döyüblər, başımı kəsmək istəyəndə, deyiblər ki, erməni ilə dəyişərik, gedib orada ölsün. Məni ayıldıblar, artıq posta aparanda heç nə görmürdüm. Komaya düşmüşəm, deyiblər, öldü. Aparıb, morqa qoyublar. 2 gün orada qalmışam. Oradan da dəfnə aparanda, anam sonuncu dəfə üzümü görmək istəyib. Üzünü üzümə qoyanda deyib, sağdır, nəfəs alır.

2 ilə yaxın Əhmədlidə Respublika Neyrocərrahiyyə xəstəxanasında yatdım. Mən sağaldım, amma anam dünyasını dəyişdi”.

Uşaqlarımı istədikləri erməni ilə dəyişdilər

“Kağız göndərmişdilər ki, filan erməni gəlməsə, uşaqları verməyəcəyik.

Laçından Kərimov İlham Bakıya gəldi, dedi, o uşaqları qaytarmalıyıq. Onları terrorist kimi böyüdüb, sonra deyəcəklər ki, valideynlərini müsəlmanlar öldürüb. Uşaqlar dəyişdirilməlidir. Çox danışıq getdi, iki ay sonra istədikləri ermənini verib, uşaqları aldılar.

17 yaşlı qaynım vardı, onu da başını kəsməyə apardılar, hələ də xəbər yoxdur. Babamın 90 yaşı vardı. Orada baxmırdılar ki, uşaqdır, ya 90 yaşlı ahıl. Sağ qalmasınlar deyə hamısını alnından güllələmişdilər. Mən əsir düşəndə, atam mənə görə ora getdi, o da şəhid oldu. Əmiuşaqlarım hamısı şəhid oldu.

Xocalıda o adam yoxdur ki, itki verməsin. İnsanları diri-diri yandırırdılar. Ağaclara bağlayıb, kürəyini yarıb, arxadan ürəyini çıxarırdılar. İnsanı bağırda-bağırda içini yerə tökürdülər. Onlar bizə azərbaycanlı demirdilər, türk deyirdilər. Onlar türk adı gələn yerə çox qəzəbli idilər.

Xocalı dörd dağın ortasında idi. Havası çox gözəl idi. Mən çox arzulayıram ki, müharibə olsun. Əgər müharibə olsa, iki oğlum da mütləq gedəcək.

İstəyirəm müharibə olsun ki, mən Qarabağa əliboş getməyim. Mənim orada bütün gəncliyim puç olub. Biz ermənilərə sübut etməliyik ki, insan həyatını necə puç edirlər”.

Paylaş:

mersin escort bayan mersin escort