23 Yanvar 2021 05:58

Neft enişdə: Dollar bahalaşacaq?

Ucuzlaşmaqda davam edən neft qiymətləri milli valyutalara da təsirsiz ötüşmür.

Dollar və avro qarşısında dəyər itirməkdə davam edən milli valyutalar ölkənin maliyyə və iqtisadi sahələrinə də təsirsiz ötüşmür. Bu mənada misal olaraq rus rublunu və türk lirəsini göstərmək olar ki, bu valyutalar dollar qarşısında dəyər itirir. Bəzi ekspertlər neftin ucuzlamasını koronavirus təhlükəsi ilə əlaqələndirsələr də, digər bir qrup isə bununla razılaşmır.

İkinci qrup ekspertlər milli valyutaların dəyər itirməsini bölgədə gedən geosiyasi proseslərlə də əlaqələndirirlər. Əgər neftin ucuzlaşması uzunmüddətli davam edərsə, iqtisadiyyatının böyük qismi neft sektorundan asılı olan Azərbaycana da təsirsiz ötüşə bilməz.

Azərbaycan manatı bu gedişlə dollar qarşısında nə qədər duruş gətirə biləcək?

“Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, apardığımız araşdırmalar neftin qiymətinin davamlı ucuzlaşmayacağını göstərir:

“Neftin qiyməti ilə bağlı dünya birjalarında peşəkar treyderlər tərəfindən dayanıqlıq nöqtəsi 53 dollar müəyyən olunmuşdu. Həmin proqnozlara görə neftin düşməsi davam edərdisə, yeni dayanıqlıq nöqtəsi 51 dollar müəyyənləşəcəkdi. Amma bunlar hamısı proqnozdur. Proqnozlar isə doğru ola da bilər, olmaya da. Formalaşmış ənənəvi fikirlərə əsasən neftin qiymətinin düşməsi belə davam etməlidir. Ancaq istənilən halda vəziyyət dəyişə bilər. Vəziyyəti dəyişən amillərin sayı isə çoxdur. Əgər ticarət edənlərin sayı həddən çox olarsa və neftin qiymətinin aşağı düşməsi barədə daha çox proqnoz verilərsə, əksinə, onun qiyməti qalxa da bilər. Bundan sonra isə neft qiyməti 55-60 dollar arasında dəyişkən vəziyyətdə qala da bilər. Yəni demək olmaz ki, neft bu gün düşür və mütləq belə davam edəcək. Apardığımız tədqiqatlar onu göstərir ki, neftin qiyməti verilən proqnozlara uyğun şəkildə enməyəcək”.

Ekspert neftin qiymətinin düşməsinin manata təsir edəcək səviyyə və zamanını da açıqlayıb:

“Azərbaycan manatına bu məsələnin təsirinə gəldikdə isə, məlumat üçün deyim ki, 2019-cu ildə bizim tədiyyə balansımızda müsbət olaraq 6 milyard olub. Dünya valyutalarının məzənnəsini şərtləndirən amillər var. Bu amilləri nəzərə alaraq deyə bilərəm ki, hazırda manatın məzənnəsinə heç bir təhlükə yoxdur. Ancaq neftin qiyməti 30 dollardan aşağı düşərsə və o səviyyədə 6 ay qalarsa, avtomatik sürətdə manatın ucuzlaşması prosesi baş verəcək. O zaman manatın məzənnəsini sabit saxlamaq mümkün olmaz. Çünki Azərbaycan iqtisadiyyatının neftdən asılılığı çox yüksək səviyyədədir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı işlər görülsə də, hələ ki bu qaneedici deyil. Neftin qiymətinin koronavirus təhlükəsi ilə bağlı düşməsi fikrinin heç bir əsası yoxdur. Bunun hazırda neftin qiymətinə yalnız impulsiv təsiri ola bilər. Bu isə neftin qiymətinin düşməsində qısamüddətli, yəni 3 günlük, bir həftəlik sıçrayış ola bilər. Yenidən isə əvvəlki vəziyyətinə qayıda və hətta qalxa da bilər. Amma koronavirus təhlükəsindən asılı olaraq neftin qiymətinin birmənalı şəkildə düşəcəyi səhv fikirdir və əsassızdır”.   /Cebhe.info/

Paylaş: