16 Yanvar 2021 21:21

Ərdoğanla Putinin görüşdüyü vaxt İranın bu addımı… – Şərh

İran regionda fəal xarici siyasət aparır və burada Tehranın maraqlarına xidmət edən bir çox şiə ideologiyalı qruplaşma mövcuddur. Xüsusilə Hizbullah Suriyada Əsəd rejiminə ən çox dəstək verən qruplaşmadır.

Turkustan.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov son zamanlar İranın Suriyada Əsəd rejiminə silah və canlı qüvvə ilə yardım etməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Suriyada Əsədə dəstək verən qüvvələrdən biri də İrandır:

“İran son zamanlar regionda yenidən aktivləşib. Xüsusilə də Rusiya və Türkiyə arasında baş verən gərginlik fonunda aktivliyin müşahidə olunması maraq doğuran bir haldır. Bu gün faktiki olaraq Suriyada ölkə anlayışı yoxdur. Suriya böyük güclərin maraqlarının toqquşduğu bir məkan halına gəlib. Suriyada bir çox fərqli maraqları olan ölkələr və onların maraqlarına xidmət edən qruplaşmalar fəaliyyət göstərir. Bu mənada regionda İranın da maraqlarının olması təəccüblü deyil.

Hətta vaxtilə İordaniya kralı qeyd etmişdi ki, İran regionda “Şiə hilalı” planı üzərində işləyir. Bu, hazırda da İran xarici siyasətinin əsas prioriteti olaraq qalmaqdadır”.

Politoloq qeyd edib ki, İran heç bir halda Əsədin hakimiyyətdən getməsinə razı ola bilməz:

“Əsəd İran üçün önəmli bir şəxsdir. Nəzərə almaq lazımdır ki, Bəşər Əsəd Suriyada azsaylı şiə toplumuna mənsubdur. Bu mənada İran regionda yaymağa çalışdığı dini ideologiyaya mənsub bir lideri itirməyi gözə ala bilməz.

Suriyanın Latakiya bölgəsində yaşayan əhalinin böyük bir qismi isə ələvidir. İran əslində bu bölgənin əhəmiyyətini dərk edir. Digər tərəfdən Latakiya İdlibə də çox yaxındır. Bu da oranın İran üçün əhəmiyyətini artırır”.

Qeyd edək ki, Ərdoğanla Putinin 5 martda Moskvada görüşdüyü və İdlibdə atəşkəslə bağlı razılığa gəldiyi gün İrana bağlı qüvvələrin İdlibə silah-sursat daşıması ciddi müzakirəyə səbəb olub.

Paylaş: