23 Yanvar 2021 01:59

YAP-ın təşkilat sədrinin oğlu həbs edilib, ya yox? – Müəmma

Həbs edilməyimlə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu xəbərləri yayanlar ailəmizi gözü götürməyən, bizə qarşı pislik etmək istəyən insanlardır.

Turkustan.info xəbər verir ki, bunu  Axar.az-a açıqlamasında özünü Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayev kimi təqdim edən şəxs bildirib. O deyib ki, hazırda Bakıda ailəsi ilə birlikdədir:

“Mən hazırda Bakıda öz işimin başında, ailəmin yanındayam. Kim yayır axı bu xəbərləri? Mənim bu günə qədər heç kimə pisliyim dəyməyib və heç vaxt da haqqımda cinayət işi açılmayıb. Ali təhsilliyəm, öz təsərrüfatımı qurub yaşayışımı təmin edirəm. Məni və ailəmi fikirləşmədən dəqiqləşdirməmiş məlumat yayırlar”.

Məsələ ilə bağlı Fariz Ağayevin anası, YAP-ın Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva da saytımıza açıqlamasında oğlunun narkotik vasitə ilə polis əməkdaşları tərəfindən saxlanılması barədə yayılan xəbərləri təkzib edərək bunun böhtan olduğunu bildirib.

Qeyd edək ki, Report Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsi və haqqında cinayət işi açılması barədə məlumat yayıb.

Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işinin artıq məhkəməyə göndərildiyi də açıqlanıb.

Onu da qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonunun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.

Paylaş: