17 Yanvar 2021 07:22

Putin İdlibdə Ankara ilə Tehranı toqquşdurur

Moskvada əldə olunan atəşkəsə riayət edilmir; politoloqlar Suriyada böhranın mürəkkəbləşəcəyini proqnozlaşdırır

Suriyanın İdlib şəhərində sakitlikdir. Moskva görüşündə əldə olunan atəşkəsdən sonra Rusiya və Türkiyə hərbi qüvvələri toqquşmurlar. Lakin atəşkəs qüvvəyə mindiyi ilk günün axırında Əsəd qüvvələri tərəfindən 15 dəfə qərar pozulub.

Pozuntu halları İdlibin cənubundakı Maarat Aliya, Fattıra, Kastun, Kan Safra, Ziyara, İbzumo, Sfuhın, Bara, Tukad bölgələrində qeydə alınıb.

Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, İdlibdə atəşkəs Ankaranın maraqlarına uyğundur.

Onun fikrincə, Türkiyənin davası da məhz Suriya ilə sərhədində sabitliyə nail olmaq, öz ərazilərini terrordan qorumaq idi.

“Amma atəşkəsin çox davam edəcəyini gözləmirəm. Suriya böhranı həll olunmadığı üçün İran, Əsəd ordusu, Rusiya İdlib ətrafında qaydaları pozacaqlar. Ərdoğan və Putin Moskvada anlaşsalar da, müvəqqəti xarakter daşıyır.

Çünki Rusiya İdlibi ələ keçirməyi vacib hesab edir. Türkiyə isə terrorçuları tam neytrallaşdırmaqda çətinlik çəkir.

Terrorçular da təslim olmayacaqlar. Onlar başa düşürlər ki, Əsəd rejiminə təslim olsalar, onları ölüm gözləyir. Ona görə savaşmağa üstünlük verəcəklər”, – deyə ekspert bildirdi.

Teleqraf.com-a danışan politoloq Qabil Hüseynli isə hesab edir ki, Türkiyə ilə Rusiya arasında İdliblə bağlı imzalanan atəşkəs rejimini Bəşər Əsəd və İrana bağlı olan silahlı qruplar pozur:

“Hətta atəşkəs tətbiq edildikdən 10 dəqiqə sonra onun pozulması qeydə alınıb. Burada atəşkəsi əsasən İranın Həşdi Şəb qüvvələri və İranın təsiri altında olan Hizbullah silahlıları pozur”.

Hüseynliyə görə, Rusiya razılaşmaya riayət edilməsinə çalışmır: “Rusiya ”mənə dəyməyən ilan 40 il yaşasın” prinsipindən çıxış edir.

Rusiyanın maraqları ondan ibarətdir ki, İrana bağlı qüvvələri Türkiyə ilə qarşı-qarşıya qoysun. Buna da nail olurlar. Məsələn, İrana bağlı milis qüvvələri Türkiyənin oradakı birləşmələrinə qarşı çıxır.

Rusiya “dovşana qaç, tazıya tut” siyasəti ilə Hizbullahı, İrana bağlı silahlı qüvvələri və müxalifətin daxilindəki Təhriri, Şam kimi şəbəkələri Türkiyəyə qarşı yönəltməyə çalışır.

Rusiya və Türkiyə arasında atəşkəs imzalansa da, hazırda vəziyyət sabitləşmək yerinə daha da mürəkkəbləşib”.

Türkiyənin məşhur “Təqvim” qəzetinin yazarı Ərgün Dilər isə Moskva anlaşmasını belə şərh edib:

“İdlib əslində Rusiyanın böyük Aralıq dənizi planı üçün  çox önəmlidir. ABŞ isə Türkiyə ilə Rusiyanın İdlib məsələsində anlaşılmazlıq içində bir yolda irəliləməsini istəyir.

Ərdoğan-Putin görüşü, əlbəttə, çox önəmli idi. Ancaq bu toplantıdan bir neçə gün öncə Moskvada çox önəmli daha bir görüş də oldu.

MKİ direktorunun müavini Endryu Makridis ilə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov çox önəmli bir görüş keçirdi. Görüşün mövzusu, əlbəttə, Ərdoğanla Putinin Moskvada keçirəcəyi zirvə görüşü idi.

Markidisin ABŞ-ın NATO vasitəsilə Türkiyəyə dəstək verməyəcəyini əl altından Moskvaya çatdırması həyəcanın dozasını artırdı. Təbii, rusları da sevindirdi.

Endryu Makridis “dərin Amerika”nın ən önəmli adamlarından biridir. Ortaya çox çıxmaz. Əfqanıstan məsələsinin, yəni Talibanla əldə edilən razılaşmanın mərkəzində də Endryu Makridis dururdu. O, MKİ-nin naməlum DNT-sini ən yaxşı bilən şəxsdir.

İdlibdə anlaşma olmasına baxmayaraq, bölgədə gərginlik davam edəcək. Suriya məsələsi 3 dövlətli həllə qovuşanadək, bu gərginlik artaraq davam edəcək. 3 dövlətli struktur da, əlbəttə, yeni böhranları özü ilə bərabər gətirəcək. Bunu Türkiyə də, Rusiya da, ABŞ da bilir”.

Paylaş: