“Mən o gün seks inqilabının başlanğıcını qoydum”. Bu sözləri intihara cəhd etmiş feminist Aysel Ələkbərzadə deyib.

Turkustan.info xəbər verir ki, Bakıda feministlərin 8 Marş aksiyası zamanı qalmaqallı plakatla gündəmə gələn feminist intihara cəhdindən əvvəl Kanal13-ün “İkibaşlı” tok-şousunda qonaq olub.

Ələkbərzadə müzakirələrə səbəb olmuş fikirlərinin 20 ildən sonra normal qarşılanacağını deyib:

“Heç kim mənim qədər cəsarətli olub o plakatla yürüşə çıxa bilməzdi. Hətta feministlərin çoxu ilk dəfə görəndə şoka düşdülər. Düzdür, sonra məni dəstəklədilər. Əminəm ki, 20 ildən sonra məni hər kəs anlayacaq”.

Feminist qız intihara cəhdinin səbəbkarları kimi dostları Nurlan Libre, onun həyat yoldaşı Əsli Əlizadə və Qurban Məmmədlinin adlarını çəkib.

Xatırladaq ki, martın 10-da saat 05:42-də 24 yaşlı Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul etdikdən sonra paytaxtın Yasamal rayonu ərazisindəki yüksəkmərtəbəli binanın ikinci mərtəbəsində kirayədə yaşadığı mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb. A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti stabildir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.

/baku.ws/