28 Yanvar 2021 19:50

“Baku Steel Company”də AzTU fakültəsinin filialı açılacaq – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti  Baku Steel Company MMC  şirkətində işgüzar görüş keçirib. Görüşdə iştirak edən AzTU-nun məzunu və şirkətin  vitse-prezidenti Ramin Kərimov universitetlə müəssisənin uzun müddətli işgüzar tarixə əsaslanan əməkdaşlığından söz açıb.

Turkustan.info xəbər verir ki, AzTU-nun 626 tələbəsi   metallurgiya sahəsi üzrə istehsalat sahələrində istehsalat təcrübəsində iştirak edir. On ildir ki, Baku Steel Company MMC  müvafiq test və kurs imtahanlardan uğurla keçmiş AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin,  həmçinin müəssisənin profilinə uyğun  fakültələrin məzunlarını tələbatına uyğun  işlə təmin edir, bundan başqa, təcrübə zamanı fərqlənən tələbələrə xüsusi təqaüd verilir. Hal-hazırda AzTU-nun 135 məzunu “Baku Steel Company” MMC -də  işləyir.

İşgüzar görüş zamanı Ramin Kərimov vurğulayıb ki, sənaye şirkəti ilə təhsil müəssisəsi arasında birgə kadr hazırlığının 10 illiyi münasibəti ilə yaxın günlərdə  “Baku Steel Company”də AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq. Filial “Azərbaycan Texniki Universiteti ilə Baku Steel Company MMC şirkətinin birgə Tədris Mərkəzi” adlanacaq.

Tədris Mərkəzi  müsabiqə yolu ilə işə götürmək üçün metallurgiya sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər, mühəndis- texniki işçilər sırasından magistratura və aspirantura xətti ilə və həmçinin, dissertantlardan elmi kadrların hazırlanmasında, universitet tərəfindən   istehsalat problemlərinin elmi- texniki həlli sahəsində şirkətə köməklik göstərilməsində, müəssisədə fakültənin profilinə uyğun tədris- metodiki vəsaitlər (ədəbiyyatlar, dərsliklər, metodik göstərişlər və s.) bazasının yaradılmasınında yaxından iştirak edəcəkdir.

MMC gələcəkdə şirkətə işə qəbul olunmaq üçün seçilən metallurgiya fakültəsinin tələbələrinə müsabiqə əsasında adlı təqaüdlərin təyin edilməsini, daha çox fərqlənmiş tələbələri oxumaq üçün başqa ölkələrin ali təhsil müəssilərinə  göndərilməsini, tələbələrlə istehsalat mütəxəssislərinin vaxtaşırı görüşlərinin təşkil edilməsini, universitetin elmi- tədqiqat işlərinin həyata keçirilməsi üçün müvafiq şəraitin təmin edilməsini öz öhdəsinə götürür.

Qeyd edək ki,  MMC-nin vitse-prezidenti Ramin Kərimov “Baku Steel Company”də karyerasına poladəridən köməkçisi vəzifəsindən başlayıb. Sonralar poladəridən, poladəritmə sexində növbə rəisi, şıxta tədarükü sahəsində baş inspektor, şıxta tədarükü sahəsinin rəisi, poladəritmə sexinin rəisi, istehsalat direktoru vəzifələrində çalışıb. Hazırda “Baku Steel Company” MMC-nin vitse-prezidentidir.

Ramin Kərimov 2016-cı ildən indiyə kimi tutduğu vəzifə üzrə şirkətin gələcək inkişafı və yekun məhsulun istehsal xərclərinin azaldılması üçün geniş strategiyalar həyata keçirib. Onun apardığı uğurlu islahatları sayəsində, zavodda rekonstruksiya və avtomatlaşdırma işlərinin aparılması nəticəsində illik istehsal gücü 35 faiz, yəni 350 min tondan 1,000,000 tona qədər artırılıb. Tamamlanan yenidənqurma işlərinə daxil olan yeni Elektrik Qövs Sobasının (EQS) quraşdırılması, soba-çalovun, yeni FKQ (Filter Kompensasiya Qurğusu) ilə birlikdə yarımstansiyanın quraşdırılması və bütün köməkçi avadanlığın yeni məhsuldarlıq gücünə uyğun olaraq dəyişdirilməsi-modernizasiyası, həmçinin soba üçün 60 MVA gücündə yeni transformator və reaktor alınıb, quraşdırılıb. Onun rəhbərliyi ilə məhsuldarlığı 5000 Nm3/saat olan yeni oksigen zavodu tikilib, əritmə prosesində HBI/DRI kimi materiallardan istifadəni 30 faizdən 80 faizədək artırmaq üçün İtaliyanın “Danieli” şirkətinin istehsalı olan, yeni dənəvari materialların sobaya verilməsi sistemi (MHS) quraşdırılıb. EQS-də odadavamlı materialların davamlılığı 750 ərintidən 1200 ərintiyə qədər artırılıb. Azərbaycanda ilk dəfə olaraq “Baku Steel Company” MMC-nin 2-ci poladəritmə sexində diametri 130 mm-dən 220 mm-dək olan dairəvi boru pəstahları istehsalı onun rəhbərliyi ilə başlanılıb və bu pəstahlardan keyfiyyətli tikişsiz boruların istehsalı üçün “Azərboru” ASC-də rekonstruksiya işlərinin aparılmasında özü də yaxından iştirak edib. Hazırda zavodda dairəvi və kvadrat pəstahların istehsalı üçün müasir, 4 şırnaqlı yeni Fasiləsiz Pəstah Tökmə Maşını (FPTM) və vakuumator qurğuları quraşdırılır. Eyni zamanda yeni yayma xəttinin (yüksək sürətli çatdırılma texnologiyası ilə bir sıralı yayma xətti) quraşdırılması üçün tender sənədləri və texniki göstəricilər hazırlanıb.

Ramin Kərimova həm də Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində yerləşən, illik istehsal gücü 1 milyon ton olan “United Steel Industries” FZC metallurgiya zavodunun tikinti işlərinə rəhbərlik edib, eyni zamanda zavodun icraçı direktoru vəzifəsində çalışıb. Azərbaycanda ilk dəfə olaraq ferroərintilər zavodunun tikilməsi ideyasını da məhz Ramin Kərimov irəli sürüb. Metallurgiya zavodlarında istifadə olunan FeSi 75 (Ferrosilisium) istehsal edən zavodun Türkiyənin “Demora” şirkətinin mütəxəssisləri ilə birlikdə inşaat layihəsinə də rəhbərlik edib. Hazırda zavodun məhsulları ABŞ, Almaniya, Yaponiya, Türkiyə və bir çox ölkələrin nəhəng metallurgiya zavodlarına satılır.

2013-cü ilin yanvarından AzTU-da metallurgiya ixtisası üzrə dövlət attestasiyası komissiyasının sədri, 2015-ci ildən AzTU-nun dosentidir. Həmçinin 2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində maşınqayırma və materşünaslıq ixtisası üzrə dövlət attestasiyası komissiyasının sədridir. 2013-cü ilin iyununda Almaniyada “Excellence in Steelmaking 2.0” devizi altında keçirilən V Beynəlxalq Metallurgiya Simpoziumunda, 2014-cü ilin aprelində Əbu-Dabidə keçirilən II Ümumdünya DRI və Pellet Konqresində, 2019-cu ilin martında isə Rusiyanın Novokuznetsk şəhərində “Materialşünaslıq və maşınqayırma texnologiyası” mövzusunda keçirilən III beynəlxalq konfransda çıxış edib. 2017-ci ildə “Bimetallik yayma valın işçi hissəsi üçün çuqun” adlı ixtirasına görə patent alıb. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yaynında Elmi İnkişaf Fondunun elan etdiyi “Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri” adlı qrant müsabiqəsinin qalibi olub.

Ramin Kərimov qeyri-üzvi kimya və metallar mövzusunda 54 adda elmi məqalənin müəllifidir. 2018-ci ildə isə “Fasiləsiz tökmə pəstahları” monoqrafiyası nəşr olunub.

Kimya elmləri üzrə fəlsəfə doktorudur. 2020-ci ilin fevralında isə AzTU-da texnika elmləri doktoru dərəcəsi almaq üçün disertasiya müdafiə edib.

İngilis, alman, rus və türk dillərini mükəmməl bilir.

 

Paylaş: