17 Yanvar 2021 03:01

FES-in qərarı dolları ucuzlaşdıracaq? – Ekspert

Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini aşağı endirməsi dünyada iqtisadi aktivliyin kəskin azalması ilə əlaqədardır. Əsas məqsəd isə dünya iqtisadiyyatında aktivliyin yenidən yüksəlməsini təmin etməkdir.

Rurkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 16 martdan etibarən 0-0,25%-ə endirməsini şərh edərkən deyib.

O bildirib ki, verilən proqnozlara görə, mövcud vəziyyət ilin sonlarına qədər davam edə bilər:

“FES-in qərarının ardınca digər ölkələrin bankları da oxşar addım atdı. Artıq Yaponiya, Avstraliya, Kanada və Avropa Birliyi ölkələrində faiz dərəcəsi 0-dır. Ölkə bankları faiz dərəcələrini endirməkdə bazarlara əlavə dəstək verməyə çalışır. Bu proses paralel getdiyi üçün ABŞ dollarına ciddi bir təsiri olmadı. Əslində, dollar ucuzlaşmalı idi, lakin bu, baş vermədi. Hətta dollar yenə etibarlı valyuta statusunu qorudu. Bu gün səhərdən etibarən isə dünya birjalarda dolların artımı müşahidə olunur”.

Ekspert bildirib ki, FES-in qərarının Azərbaycana təsiri olmayacaq:

“Çünki Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Yəni bizdə bu mexanizm olduğu üçün FES-in qərarının təsirləri də yox səviyyəsindədir. Bu baxımdan deyə bilərəm ki, FES-in qərarı Azərbaycan manatına təsir etməyəcək. Hazırda Azərbaycan manatına təsir edən ən önəmli faktor dünya bazarlarında neftin qiymətidir”.

Paylaş: