23 Yanvar 2021 14:03

“Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam” – Prezidentdən SƏRT XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında çıxış edərkən dünyada koronavirusun yaratdığı fəsadlar və onun ölkəmizə təsirləri ilə bağlı ətraflı danışıb: 

  • Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır.
  • Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər – yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik.  Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da. Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq. Amma indi görürük ki, bu obyektlər koronavirus xəstəliyinin yayılmasında əfsuslar olsun böyük rol oynayır. Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq.
  • Əlbəttə, koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir. Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib. Təkcə onu demək kifayətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. Mən düşünürəm ki, bu, rekord göstəricidir. İnflyasiya 2,8 faizdir, əhalinin gəlirləri 9 faiz artıb. Yəni, bu artım inflyasiyanı böyük dərəcədə üstələyir. Orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Azərbaycana gələn turistlərin sayı yanvar-fevral aylarında 18 faiz artıb. Onu da nəzərə almalıyıq ki, son 5 il ərzində turistlərin sayı ardıcıllıqla artıbdır. Yəni, bütün bunlara indi elə bil ki, ara verilir. Əlbəttə ki, indiki şəraitdə bütün ölkələr böyük iqtisadi çətinliklərlə üzləşirlər. İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq. Eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək. Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq.
  • Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, – mən bunu demişəm, bir daha demək istəyirəm, – böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.
  • Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək.
  • İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır.
  • Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.
  • Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.

Paylaş: