“Ailə Dünyası” Şuranın təşəbbüsünə qoşularaq “Online Hüquqi Yardım” layihəsinə start verir
Dünyanı cənginə almış koronavirusun ölkəmizdə yayılmasına qarşı dövlət başçısının tapşırığı ilə operativ profilaktik və mübarizə xarakterli tədbirlərin həyata keçirilməsi bunu bir daha deməyə əsas verir ki, dövlətimiz əmin əllərdədir.
Bu açıqlama ilə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova çıxış edib.
“Amma bütün bunlara baxmayaraq biz QHT-lər də problemin nə qədər qlobal, ciddi olduğunu nəzərə alaraq bu mübarizəyə qoşulmuşuq.
Sədri olduğum “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin koronavirusla mübarizə çərçivəsində “Evdə qal, həyatları xilas et!” aksiyasına qoşularaq saytlar vasitəsi ilə ailələrə müraciət etdi ki, onları narahat edən problemlərlə bağlı hüquqi yardım almaq üçün 055 481 49 66 telefon nömrəsinə zəng etsinlər və ya WhatsAppa yazsınlar.
Gün ərzində bizə zəng edən insanlara həm hüquqi yardım göstəririk, həm də maarifləndirmə işləri aparırıq. Ümumiyyətlə hər zaman olduğu kimi, bu dəfə də QHT ailəsi hörmətli Azay Quliyevin düşünülmüş təklifləri ilə mübarizənin önündə gedir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Real.TV ilə birgə keçirdiyi # Evdəqal,cəmiyyəti qoru təşəbbüsü, daha sonra 9 qrant müsabiqələrinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi ilə bağlı təklifləri vaxtında atılmış addımlardır.
Biz də bu təşəbbüsləri dəstəkləyirik və qoşuluruq. Eyni zamanda bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə də köçürdük. Biz əminik ki, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi : “Biz birgə səylərlə bu xəstəliyə qalib gəlib, bu tarixi sınaqdan da əzmlə və minimum itkilərlə çıxacaq”.
