06 Dekabr 2020 04:48

Bu maskalar qorumur, təhlükə yayır: Baş infeksionistdən XƏBƏRDARLIQ

Bəşəriyyətin yeni bəlasına çevrilən koronavirusla mübarizə tədbirləri davam etdirilir.

İnsanlara məsləhət görülür ki, evdən çıxmasınlar, çıxdan zaman da qoruyucu maska taxsınlar, əlcək geyinsinlər. Hətta bu hallar artıq qanuniləşdirilib və maska taxmayanlar karantin qaydalarını pozaraq cərimə olunurlar.

Lakin maska çatışmazlığı problemi yaşanır. İnsanlar evdə maska tikirlər. Deyilənlərə görə, bu maskalar hətta apteklərə də verilir.

Maraqlıdır, bu təhlükəlidirmi? Ümumiyyətlə, maska üçün standartlar nədir?

Turkustan.info bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, belə hal yolverilməzdir:

“Maskaların tikilməsinə, istehsal olunmasına bir sıra yerli və beynəlxalq tələblər var. Buraya maskaların tikilmə şəraiti, istifadə olunacaq materiallar, işçilərin gigiyenik təmizliyi və başqa tələblər daxildir. Təəssüf ki, biz tələblərə uyğun olmayan şəraitdə maskaların tikilməsinə şahid oluruq. Bu, birmənalı şəkildə yolverilməzdir. Xüsusən müharibə şəraitində olan bir ölkədə maskalarda elə bir şey ola bilər ki, insanlar kütləvi surətdə başqa bir xəstəliklə mübarizə aparmalı olarlar. Xaricdən avadanlıqlar gətirilib, yerli maska istehsalı olacaq, düşünürəm, onun üzərinə xüsusi bir nişan qoyulsun, bilinsin ki, bu qanuni istehsal olunan maskadır. Hətta sosial şəbəkələrdə gigiyenik bezlərdən maska düzəldilməsi təşəbbüsü də var, lakin düzgün deyil. Bunlar insan sağlamlığına ciddi problem yarada bilər, nəinki virusdan qoruyar. Ona görə Azad İstehlakçılar Birliyi iş aparacaq ki, yerli maskaların nişanları olsun və istehlakçılar bütün hallarda maska aldıqda onun sənədlərini və sertifikatlarını tələb edə bilsin”.

Baş infeksionist Cəlal İsayev isə bildirib ki, insanlar maska tapmadığı üçün bu yola əl atıblar və məcbur özləri tikirlər:

“Bu, təbii bir haldır və özünümüdafiədir. Lakin bu təkcə bizdə deyil, bütün dünyada problemdir. Dövlətlər bir-birlərinə maska və digər tibbi ləvazimat göndərirlər. Yaxın günlərdə Azərbaycanda da yerli maska istehsalı başlayacaq və maska problemi həll olacaq”.  

Paylaş: