06 Dekabr 2020 05:33

Paşayevadan çağırış: Çörəyi pulsuz edin!

Bu, olduqca gözəl bir təşəbbüsdür və belə bir xeyirxahlıq nümunəsi göstərən Qrandmart MMC-yə təşəkkürümü bildirirəm.

Bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qrandmart MMC-nin öz mağazalar şəbəkəsində ehtiyacı olan insanlar üçün çörəyi pulsuz etməsinə münasibət bildirərkən qeyd edib. Q.Paşayeva bildirib ki, bununla bağlı dəfələrlə çağırış edib:

“Çox sevindiricidir ki, Bakıda bir marketlər şəbəkəsi belə bir nümunə göstərib. Mən digər market şəbəkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. Xüsusilə bölgələrdəki marketlərin bu nümunəvi addıma qoşulmaları indiki sınaq günlərində birlik, həmrəylik nümayişi olar. Mən xüsusən bölgələrdəki sahibkarlara üz tutaraq, onları bu təşəbbüsü bütün ölkə ərazisinə yaymağa çağırıram”.

Qeyd edək ki, Qrandmart MMC tərkibindəki bütün marketlərdə – “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” – ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb. (axar.az)

Paylaş: