30 Noyabr 2020 09:25

29 apreldə dünyanı fəlakət gözləyir?

Dünya atmosferinə hər gün müxtəlif ölçülü cisimlər daxil olur, sürtünmədən dolayı alovlanır. Bəzən onların sayı o qədər artır ki, bu hal meteorit yağışına çevrilir. Lakin bu cisimlər çox da böyük olmadıqlarına görə, Yer səthinə çatmamış daha da kiçik parçalara bölünürlər. Atmosferimiz bir növ qalxan funksiyanı yerinə yetirir.

Bəs o kiçik parçalardan birinin üstümüzə düşmək ehtimalı varmı ?

Əlbəttə ki var.

1954-cü ildə Ann Hodges adlı qadının evinin damına kosmosdan gələn bir daş düşür. Daş onun evinin damını dəlib keçməklə qalmır, onun özünü də yaralayır. Ann Hodges dünyada Yer kürəsi xaricindən gələn bir cisimlə yaralandığı rəsmiləşən ilk insandır.

Demək olar ki, hər gün müxtəlif diametrli göy cisimləri Yerin yaxınlığından keçir. Bəs bu cisimlər Yer kürəsi ilə toqquşsa nə baş verər?

Bu suala cavab vermək üçün dünyada yaşanmış bir fəlakəti xatırlayaq; 2013-cü ilin 15 fevral günü Rusiyada saatda 60000 km sürətlə atmosferə girən bir cisim arxasında isti toz buludu buraxaraq yanmağa başladı. Hətta günəşdən belə daha parlaq hala gəldikdən sonra şiddətli bir partlayış ilə parçalara ayrıldı. Nəticədə yaxınlıqdakı 6 şəhərdə 7200 binanın pəncərələri sındı və 1500 insan yaralandı.

Aprelin 29-da bizi fəlakət gözləyirmi?

Aprel və may aylarında ümumilikdə 28 asteroid dünyanın yaxınlığından keçəcək. Bu siyahıdakı cisimlərdən birinin ölçüsü digərlərindən çox daha böyükdür. Diametrinin 1.8 ilə 4.1 km arasında olduğu təxmin edilir. 2013-cü ildə Rusiyaya düşən asteroidin diametrinin sadəcə 20 m olduğunu nəzərə alsaq, bu ölçüdə asteroidin Yer kürəsi ilə toqquşması dünyanın sonunu gətirə biləcək qədər təhlükəlidir.

1998-ci ildə kəşf edilmiş “(52768) 1998 OR2” asteroidi 29 aprel tarixində Yer kürəsinin 6283110.6 km uzaqlığından keçəcək. Bu da Ayın Yer kürəsinə olan uzaqlığının 16 qatı deməkdir.

Yəni bu uzaqlıqdan keçən asteroidin Yer kürəsinə ziyan vermə ehtimalı yoxdur.

Lakin sizə verəcəyim pis xəbər də var. Belə ki, kəşf edilməyən hələ milyonlarla asteroid mövcuddur. Eynilə 7 il əvvəl Rusiyaya düşərək minlərlə insanın yaralanmasına səbəb olan asteroid kimi…   /24media.az/

Paylaş: