02 Dekabr 2020 12:38

Deputat: “Nazirlik proqramın əhatə dairəsini genişləndirməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləcəyinə dair qərar əhali tərəfindən əlçatmaz olması səbəbi ilə böyük narazılıqla qarşılanıb.

Belə ki, həmin yardımı almaq üçün qoyulan şərtlər ağırlaşdırılıb və çox az sayda insan üçün əlçatandır. Üstəlik , qeydiyyata düşmək üçün elektron sistemin yüklənməsi də əlavə narahatlıq yaradıb.

Turkustan.info bildirir ki, Millət vəkili Nəsib Məhəməliyev Bizimyol.info-ya verdiyi açıqlamada işsiz statusu alanlara ödəniləcək yardımın şərtlərinə münasibət bildirib. Millət vəkili nazirliyin proqramın əhatə dairəsini daha da genişləndirməli olduğunu qeyd edib.

Nəsib Məhəməliyev
Nəsib Məhəməliyev

“Bu mövzuda seçicilər tərəfindən sosial şəbəkələr vasitəsilə mütaciətlər daxil olur. Bu gün Milli Məclisin Ekologiya və təbii sərvətlər komitəsinin onlayn rejimdə keçirilən iclasında bu sahədə mövcud olan problemləri qaldırdım. Əsas problem, fəaliyyətdə olan saytın həddindən artıq yüklənməsinə görə insanların qeydiyyata düşə bilməməsi ilə bağlıdır. Bunun həlli üçün respublika ərazisini zonalara bölməklə işlək sistem yaratdılar və qeydiyata düşmək asanlaşdı.

İkinci məsələ isə, ailə üzvlərindən bir nəfərinin əmək müqaviləsi, pensiya, müavinət alanı varsa və yaxud torpaq sahəsinn olduğu halda yardım ala bilməməsidir. Hesab edirəm ki, Əmək və əhalinin sosial müdafə nazirliyi bu proqramın əhatə dairəsini daha da genişləndirməli, yerli icra strukturları ilə birlikdə ehtiyacı olan insanlara dəstəyini əsirgəməməlidir. Tutaq ki, beş altı nəfərdən ibarət ailədə cəmi bir nəfər çalışır və onun aldığı əmək haqqı digərlərinin ən zəruri ehtiyaclarını ödəmir. Ələlxüsus, ailə üzvləri arasında xəstə və yaxud əlil olduqda, belə ailələrin siyahıya salınması doğru olardı”, deyə o bildirib.

Millət vəkili bu çətin günlərdə vətəndaşları həmrəy olmağa səsləyib, qarşılıqlı yardım və köməyin önəmini də vurğulayıb.

“Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Hazırkı çətinliklər ümumbəşəri xarakter almışdır və heç kim deyə bilməz ki, sonu nə vaxt olacaq. Heç bir dövlətin resursları tükənməz deyil. Belə olan halda, vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Yaxşı olar ki, insanlar bir -birinə dayaq dursunlar, imkanı olan imkansızlara maddi dəstək olsunlar. Hər kəs qonşuluğunda olan əlil, tənha, xəstə insanları yaxşı tanıyır. Belələri daim diqqət mərkəzində olmalıdırlar. Bəzi hallarda sağlam, iş qabiliyyəti olan insanlar da dövlətdən yardım gözləyir. Təbii ki, bu doğru deyil”,- deyə Nəsib Məhəməliyev vurğulayıb.

Paylaş: