08 İyul 2020 09:10

“Azərbaycanda əlavə 1000 nəfər həkimə, 5000 nəfər tibb işçisihə ehtiyac var”

Ekspert: “Tibb Universitetinin tələbələrini təhlükəyə atmaqdansa, xaricdən həkim briqadaları cəlb etmək lazımdır”

Azərbaycanda karantin qaydaları sərtləşdirilir, insanlara sosial izolyasiya qaydalarına əməl olunması barədə çağırışlar edilir, lakin yoluxma və ölüm sayı artmaqda davam edir. İyunun 24-də Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında mövcud vəziyyətlə bağlı çıxış etdi.

“Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün, 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik?! Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək, hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”, – dövlət başçısı bildirdi.

Yoluxma sayı artacağı təqdirdə, tibbi heyətin çatışmazlığı yaşanarsa, xaricdən mütəxəssislərin dəvət edilməsi və ya Tibb Universitetinin yuxarı kurs tələbələrinin virusla mübarizəyə cəlb edilməsi məsələsi gündəmə gəlib.

Mövzu ilə bağlı AYNA-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, vaksin ən yaxşı halda gələn ilin ilk yarısında kütləvi istehsal ediləcək: “Bu vəziyyətdə səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq lazımdır. Daha çox çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmaldır. Hökumət yeni təcili yardım maşınları, süni tənəffüs aparatları, dərmanlar almalı, çarpayı sayını təcili artırmalıdır. Yeni, daha detallı statistika və cəmiyyətlə kommunikasiya strategiyası hazırlanmalıdır. Həkim, tibb işçiləri sayı çatışmır, bu məsələnin həlli üçün təcili ayrıca proqram qəbul edərək xaricdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir. Ən azı, 1000 həkimə, 5000 tibb xidməti işçisinə ehtiyac var, onları Kubadan, Baltikyani ölkələrdən, Türkiyədən cəlb etmək mümkündür”.

Natiq Cəfərli: “Elmə ağılla qoyulan hər dollardan bir milyon ...

Tibb Universitetininin yuxarı kurs tələbələrini koronavirusla mübarizəyə cəlb etmək fikrinə münasibət bildirən ekspert hesab edir ki, burada digər riskləri də nəzərə almaq lazımdır: “Bir çox ölkələrdə bu praktika oldu. İtaliyada, Fransada sonuncu kurs tələbələrinə diplom vaxtından əvvəl verildi və könüllü şəkildə, kim istəsə, koronavirusla mübarizə xəstəxanalarında işləməyə başladı. Lakin burada digər məqam var ki, bu virus yenidir. Hətta, çox təcrübəli həkimlər belə, bəzən virusun simptomları, yaratdığı vəziyyətlə bağlı çarəsiz qalır, hansısa müdaxilədə çətinlik çəkirlər. Buna görə də təcrübəsiz həkimlərin təhlükə altına atılmasını yolverilməz hesab edirəm. Çünki onsuz da dünyada, eləcə də Azərbaycanda virusla mübarizə apararkən yoluxan həkimlər çoxdur. Bu baxımdan təcrübəsiz həkimləri təhlükəyə atmaq elə də ciddi effekt verməyə bilər”.

Cəfərli effektivliyi nəzərə alaraq məsələyə baxmaq lazım olduğunu düşünür: “Müxtəlif sahələri bitirən həkimlər çoxdur. Lakin bu həkimlərin hamısında virusla bağlı biliyi eyniləşdirmək də düzgün deyil. Bu baxımdan effektivliyi nəzərə alaraq virusoloq, pulmonoloqların vaxtından əvvəl işə başlaması ilə bağlı könüllülük prinsipi əsasında qərar verilə bilər. Amma daha yaxşı olar ki, peşəkar, artıq dünyanın müxtəlif ölkələrində çalışmış həkim briqadalarının köməyindən istifadə edilsin”.

“Kubanın həkim briqadaları dünyanın bir sıra ölkələrində çalışır. Çünki orada pulmonologiya, virusologiya inkişaf edib. Son illər səhiyyə sahəsində ciddi mütəxəssislər yaranıb. ABŞ-ın qonşuluğunda olduqlarından və konflikt yaşadıqlarından, virus və ya kimyəvi hücuma qarşı ciddi mütəxəssis yetişdiriblər. Onlar ciddi maaş da tələb etmirlər. Hesab edirəm ki, müəyyən dərəcədə qanedici maaş verməklə onların həkim briqadalarını ölkəyə cəlb etmək olar. Onların rəhbərliyi altında bizim tələbələrin də çalışması daha məqsəduyğun olar. Həm praktikada daha çox öyrənərlər, həm də daha ciddi mütəxəssislərin nəzarəti altında özlərinin də virusa yoluxma riski aşağı olar”, – həmsöhbətimiz deyib.

Virusla mübarizə aparan həkimlərə əlavə ödənişlərin edilməsində yaranan narazılıqlara toxunan iqtisadçı bildirib ki, həkimlər çox ağır şəraitdə işləyir və bunun müqabilində vətəndaş olaraq bizlərin onlara təşəkkür borcu, dövlətin isə müəyyən öhdəlikləri var: “Təcili yardımda çalışan, eləcə də adı başqa sahədə gedən, lakin faktiki olaraq virusla mübarizəyə cəlb olunmuş həkimlər var ki, onlara əlavə ödəmələrlə bağlı ciddi problemlər yaşanır, haqlı narazılıqlar var. Həkimlər doğrudan da çox ağır şəraitdə çalışırlar. Bu gün hamımızın onlara vətandaş olaraq təşəkkür borcumuz var. Dövlətin də onların qarşısında öhdəlikləri var. Daha ciddi ödənişlər edilməlidir. Ən azından Rusiyadan nümunə götürmək olar. Mən hələ heç Avropa ölkələrini demirəm. Bir çox ölkələrdə virusla mübarizə aparan həkimlərə bonus sistemi tətbiq etdilər. Rusiyada tibb bacılarının belə, maaşı 80 min rubla qədər qaldırıldı. Bu dünyanın bir çox ölkələrində tətbiq olunur”.

“Digər tərəfdən, biz həkimlərdən tələb edə bilmərik axı, 7 gün 24 saat xəstənin başında dursun. Bunun yorğunluğu gələcəkdə buraxacağı səhvlərə, özünün psixoloji durumuna da mənfi təsir edə bilər. Ailəsi ilə uzun müddət görüşməməsi də onun iş qabiliyyətinə, faydalı iş əmsalının aşağı düşməsinə səbəb ola bilər. Buna görə də bu gün fədakar həkimlərə yüklənmək də doğru deyil. Bu anlamda mütəxəssislərin ölkəyə gətirilməsində fayda var. İtaliyada aparılan araşdımaya görə bir mütəxəssis gün ərzində 6-7 xəstənin müalicəsini öz üzərinə götürə bilər. Azərbaycanda da xəstəliyin yayılma sürətini nəzərə alsaq, məncə, 1000 nəfər əlavə həkim qüvvəsi bu problemin rahatlıqla öhdəsindən gəlməyə kömək edə bilər”, – N.Cəfərli əlavə edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə AYNA-ya deyib ki, hələlik tibbi heyətin çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in hər hansı müraciəti yoxdur: “Əgər tibbi personalın çatışmazlığı ilə bağlı müraciət olunsa, Tibb Universitetinin müvafiq yuxarı kurs tələbələrinin virusla mübarizəyə cəlb olunması istisna edilmir. İndiki vəziyyətdə hələ ki, belə bir narahatlıq yoxdur. İnsanlarımız Operativ Qərargahın qaydalarına riayət etsə, sosial məsafə saxlanılsa, tibbi maskadan istifadə etsə, vəziyyəti nəzarət altında saxlamaq mümkün olar”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin