13 İyul 2020 08:34

Strasburqda Azərbaycan sevgisini yaşayanlar

 

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

Bəxtiyar Səlimov

 

Fransanın Strasburq şəhəri Avropada ən çox azərbaycanlı tələbə sayına görə seçilən şəhərlərdəndir. Təqribi hesablamalara görə Strasburqdakı tələbələrimizin sayı 80-100 arasında dəyişir. Bunun səbəblərindən biri də gələn tələbələrin bakalavr və ya magistr təhsili ilə kifayətlənməyib növbəti təhsil pillələrini də davam etdirmələridir. Tələbələr təhsil aldıqları ali məktəblərdə aktivlik nümayiş etdirməklə yanaşı, eyni zamanda müxtəlif ictimai fəaliyyətlə məşğul olurlar. Hətta Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkil etdiyi tədbirlərdə də iştirak edir, Azərbaycan mədəniyyətini təqdim edirlər.

Ekspertlər bildirirlər ki, son illər milli mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində Azərbaycan diasporunun fəaliyyəti böyük rol oynayır. Belə ki, Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib. Məhz bu baxımdan Fransa ilə əlaqələrin inkişafı təqdirəlayiq hesab olunur.

Yeri gəimişkən, Strasburqdakı “Azərbaycan evi” cəmiyyəti ölkənin Mark Blok Universiteti ilə əlaqələr qurub.

“Araz” Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilib. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ münaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir.

Azərbaycan Kültür Mərkəzi 1990-cı ildən Strasburqda fəaliyyət göstərir. Kültür Mərkəzinin məqsədi mədəni tədbirlər və milli bayramlarımızı təşkil etməklə xalqımızın mədəniyyətini, folklorumuzu qoruyub saxlamağa xidmət etməkdir. Fransada Azərbaycan mühacirətinin ilk nümayəndələri (Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.) XX əsrin birinci rübündə fəaliyyətə başlasa da, mütəşəkkil diaspor təşkilatlarının formalaşması son 15-20 ilə təsadüf edir.

Fransada bir neçə milli mədəniyyət mərkəzləri, o cümlədən, “Azərbaycan Evi” Assosiasiyası fəaliyyət göstərir. 2003-cü ilin noyabrında azərbaycanlı tələbələr və gənclər tərəfindən “Azərbaycan-Fransa Gənclik Assosiasiyası” (AFGA) yaradılıb.

Cəmiyyətin məqsədi ölkədə fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatlarının işini əlaqələndirməkdir. 2004-cü ildən assosiasiyanın “Körpü-Le Pont” jurnalı nəşr olunur.

Qeyd edək ki, son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşıb. Belə ki, erməni təcavüzkarlarının milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı diaspor təşkilatları ciddi mübarizə aparır.

Son illər diaspor təşkilatları beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində davamlı iş aparırlar. Bunun nəticəsidir ki, Azərbaycan mədəniyyəti beynəlxalq miqyasda tanınır və millimənəvi irsimizə maraq ildən-ilə artır.

Azərbaycanı dünya ölkələrində təmsil edən diaspor təşkilatlarından biri də “Strasburq Azərbaycan Evi”dir.“Strasburq Azərbaycan Evi”nin rəhbəri Mustafa Əlincə bildirir ki, 2005-ci ildən fəaliyyət göstərən “Strasburq Azərbaycan Evi” ölkəmizin həqiqətlərinin Fransa, eləcə də dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması istiqamətində davamlı işlər aparır: “Strasburq-Azərbaycan Evi”ndən əvvəl 1991-ci ildə müəlliməm mərhum İren Məlikova ilə birlikdə Azərbaycanla Mədəni Əlaqələr Təşkilatı yaratdıq. 2005-ci ilə qədər biz həmin təşkilat adı altında fəaliyyət göstərdik. 2005-ci ildə Azərbaycanın Strasburqdakı daimi nümayəndəsi Aqşin Mehdiyev bizi bir araya yığaraq birgə işləməyi tövsiyə etdi və bizə dəstək olacaqlarını bildirdi. Biz də öz növbəmizdə 3 təşkilat-Strasburqdakı Azərbaycan Tələbələr, Güney Azərbaycandan olan soydaşlarımızın Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanla Mədəni Əlaqələr Təşkilatı olaraq birləşib “Strasburq-Azərbaycan Evi”ni yaratdıq. “Strasburq-Azərbaycan Evi” olaraq hər il milli bayramlarımızı qeyd edirdik. Eyni zamanda Strasburqda müntəzəm olaraq keçirilən musiqi yarışmaları və bu tipli tədbirlərdə Azərbaycanı təmsil edirdik. Paralel olaraq Strasburq Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif mövzuları əhatə edən konfranslar keçirirdik. 2005-ci ildən etibarən isə “Strasburq-Azərbaycan Evi”ndə kitabxana yaratdıq, İren Məlikova 600-dən artıq kitabını “Strasburq-Azərbaycan Evi”nə hədiyyə etdi.

“Bütün bunlarla yanaşı hər ay yerli radioda iki saatlıq proqramımız olur”.

Əlincə onu da qeyd edir ki, Fransız dilində yayınlanan proqramda Azərbaycan musiqisi geniş təbliğ edilməklə yanaşı, eyni zamanda Azərbaycan həqiqətləri, ölkəmizin yaşadığı sıxıntılar, Dağlıq Qarabağ problemi fransızlara çatdırılır: “Konkret olaraq başlıca fəaliyyət istiqamətlərimiz Azərbaycanın milli məsələlərini fransızlara çatdırmaqdır. İl ərzində bizim 4 radio proqramımız yayınlanıb. 20 Yanvar faciəsi qeyd edildi və bu barədə radio proqramda məlumat verildi. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı Strasburqdakı meydanda keçirdiyimiz mitinq barədə reportaj efirə getdi. Bir müddət əvvəl isə Avropa Şurası Parlament Assambleyasının toplantısı keçirilərkən Assambleyanın binası qarşısında Ermənistanın monitorinqinin ləğv edilməsinə etiraz əlaməti olaraq mitinq təşkil etdik. İş günü olmasına baxmayaraq çoxlu sayda insanlar həmin mitinqdə iştirak etdi. Belə bir fikir formalaşıb ki, Fransa ermənilərin ikinci ana vətəni hesab edilir. Və belə bir ölkədə Azərbaycanı təmsil etmək, onun təbliğatı ilə məşğul olmaq o qədər də asan deyil.

Əlincə qeyd edir ki, əgər biz bu kimi təhlükələrdən qorxsaydıq fəaliyyət göstərməzdik: “20 ildən çoxdur ki, biz Strasburqun Kleber meydanına çıxır və orada Xocalı soyqırımını qeyd edir, etiraz aksiyası keçiririk. Həmin aksiyaya digər dostlarımız da dəstək verir. Düzdür, bunu bir cəsarət kimi də hesab etmirik. Bilirik ki, bu işi biz görməliyik. Onu da etiraf etmək lazımdır ki, dəfələrlə ermənilər tərəfindən təhdidlərə məruz qalmışıq. Çünki ermənilər Fransadakı Azərbaycan diasporunun fəaliyyətindən çox narahat olmağa başlayıblar. Əvvəllər ermənilər Avropada özlərini çox rahat hiss edirdilər. Xüsusilə, Xocalı soyqırımı ilə bağlı məsələdə. Onlar düşünmürdülər ki, azərbaycanlılar tədricən Avropanı Xocalı soyqırımı barədə məlumatlandıra biləcəklər və avropalılar, fransızlar da bizim problemlərimizə qulaq verəcəklər. Artıq Fransada işıq üzü görən kütləvi informasiya vasitələrinin mövqeyində müsbət istiqamətə doğru dəyişilmə müşahidə edilir. Əgər əvvəllər fransız qəzetləri Xocalı soyqırımı ilə bağlı material hazırlayanda “Azərbaycanlılar yığıldılar”, “mitinq oldu” kimi ifadələr işlədirdilərsə, indi isə belə yazılır. “Azərbaycanlılar Xocalı qətliamını yad etdilər”. Yəni, artıq bir məntiq fərqi var və bu beyinlərə həkk olunur. Ancaq çox istərdik ki, bizə Azərbaycandan siyasi dəstək də olsun. Çünki biz bir təşkilat, əsgər kimi mübarizə aparırıq. Eyni zamanda siyasi güc, dəstək də olmalıdır ki, erməni cinayətlərini Avropa, beynəlxalq məhkəmələrə çıxara bilək”.

“Azərbaycanlılar və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə Strasburqda keçirdiyimiz tədbirlər zamanı soydaşlarımız keçirilən tədbirlərdə aktiv olmurlar. Hər kəsi bir-bir dəvət edir, mobil telefonlarına mesaj göndərir, hətta qapılarına qədər gedib tədbirə dəvət edirik. Ancaq soydaşlarımızdan istənilən qədər dəstək ala bilmirik. Lakin ziyafət tədbirlərimizdə iştirak edən azərbaycanlıların sayı çox olur. Hətta dəvət etmədiyimiz insanlar da həmin tədbirə gəlirlər. Qeyd edim ki, Fransadakı türk diaspor təşkilatları ilə çox normal əlaqələrimiz mövcuddur. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə haqlı olaraq açıq şəkildə bildirib ki, bir millətin iki diasporu olmaz. Ona görə biz “StrasburqAzərbaycan Evi” olaraq türk təşkilatları ilə əməkdaşlığı daha da inkişaf etdiririk. Təşkilat olaraq bundan əvvəl də türk diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edirdik. Hazırda da birgə əməkdaşlığımız da vam edir. “Strasburq-Azərbaycan Evi” olaraq hər il Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz aksiyaların iştirakçılarının böyük əksəriyyəti məhz Türkiyə türkləri olur”.

Qeyd edək ki, Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ötən ilin aprelində Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında etiraz aksiyası keçiriblər.

Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və AlmanAzərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan mitinqdə 200-dən artıq soydaşımız, o cümlədən türk icmasının təmsilçiləri iştirak ediblər.

Aksiyada iştirak edənlər AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyə etirazlarını bildiriblər.

Azərbaycan diasporunun nümayəndələri hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Aksiya iştirakçıları deyiblər: “Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər bu qurumun siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir”.

Qeyd olunub ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərq ilə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Aksiya iştirakçıları bəyan ediblər ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin