30 Noyabr 2020 02:21

Yusif Vəzir Çəmənzəminli və Azərbaycan mədəniyyəti

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

 

I Yazı

 

Yusif Vəzir Çəmənzəminli (1887-1943) Şuşa şəhərində anadan olmuş, 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün əvvəlcə Peterburqa, daha sonra Daşkəndə getmiş və Daşkənd gimnaziyasına imtahan verib universitetə girmək hüququ qazanmışdır. Yusif Vəzir 1910-cu ildə Kiyevə gedərək Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olmuş, Bakıda nəşr olunan qəzet-jurnallara məqalələr göndər­mişdir. O, Kiyevin ali məktəblərində təhsil alan Türk (Azərbaycan) tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi. O, universit­eti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunmuşdur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə qayıtmış və “Zemstvo” təşkilatına daxil olub cəbhəyə getmişdir.

1917-ci il Fevral  burjua ingilabı baş verən zaman Yusif Vəzir Kiyevdə oxuyan azərbaycanlı-türk tələbələri ətrafına toplayaraq Türk Ədəmi Mərkəziyyət Firqəsi “Musavatın” Kiyev şöbəsini yaratmışdır. Həmin şöbəyə sədr seçilən Yusif Vəzir Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Cumhuriyyətinin Kiyevdə diplomatik nümayəndəsi təyin olunmuşdur.

1919-cu ildə Ukraynadan Bakıya qayıtdıqdan az sonra baş nazir Nəsib bəy Yusifbəylinin təklifi ilə İstanbula səfir göndərilən Y.Vəzir 27 aprel işğalından sonra tutduğu vəzifəsinin başa çatmış olduğunu elan edib, Paris yaxınlığındakı Klişi adlı şəhərə köçmüşdür. O, burada “Paris xəbərləri” qəzetində əməkdaşlıq edib, “Şərq məktubları” başlığı altında yazılar çap etdirmişdir.

1925-ci ildə Yusif Vəzir vətəninə qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR XKS-nin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edib. Q.Musabəyov da öz növbəsində Yusif Vəzirdən aldığı məktubu AKP (b) MK-nın birinci katibi S.M.Kirova təqdim edib ki, sonuncu da onun Vətənə qayıtmaq arzusuna müsbət cavab verib. Bir ildən sonra Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına qəbul edilib və həmin ildə onun mühacirətdən vətənə qayıtması gerçəkləşib.

Vətənə qayıtdıqdan sonra da elmi-bədii fəallığı ilə seçilən Çəmənzəminli repressiya dövründə, yəni 1937-ci ildə Azərbaycan SSR Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunmuşdur. 1940-cı il yanvarında Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilimiş, sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxo­bezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilmişdir. Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayəti­nin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan ya da ürək tutmasından vəfat etmişdir.

Onun əsas əsərləri aşağıdakılardır: “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi Azərbaycan”, “Qızlar bulağı”, “Sudentlər” və b.

Çəmənzəminli “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərində Türk ədəbiyyat tarixini araşdırmış, bu zaman müəyyən qədər ictimai-fəlsəfi fikir tariximizə aid şərhlər vermiş, eləcə də sosial fəlsəfə ilə bağlı bəzi mülahizələr irəli sürmüşdür.

Öncə qeyd edək ki, Çəmənzəminliyə görə də, ədəbiyyat iki qismdən, yəni şifahi və yazılıdan ibarət olub, onun birincisi birmənalı şəkildə Türk xalqının fikir qüvvəsinin və zehninin məhsuludur: “Şifahi ədəbiyyatımız Türk milləti qədər qədimdir. Yazılı ədəbiyyatımız başqa bir yolla inkişaf edib. Ədəbiyyat getdikcə saraylardan; əşrəf və əyan məclislərindən xalqa doğru enməyə başlayıb. Və uzun müddət fars bürokratizmi ilə türk demokratizmi mübarizə etmiş və axırda türk xəlqçiliyi qələbə çalmışdır”.

Əvvəlcə, şifahi ədəbiyyatla bağlı məlumat verən, nümunələr gətirən Çəmənzəminli daha sonra yazılı ədəbiyyata müraciət etmiş, bu zaman ilk olaraq Nəsiminin, Xətayinin, Füzulinin ictimai-fəlsəfi görüşlərini şərh etməyə çalışmışdır. Məsələn, Nəsiminin hürufi, müəlliminin də Fəzlullah Nəimi olmasını diqqətə çatdıran Çəmənzəminliyə görə, onun fəlsəfəsi elə Fəzlullah Nəiminin fəlsəfəsidir. Onun fikrincə, Fəzlullaha aid “Cavidannamə”ni oxumaqla Nəsiminin fəlsəfi dünyagörüşünü dərk etmək mümkündür: “Nəsimi diyari-Rumə səyahəti əsnasında hürufiliyi açıqcasına nəşr eyləyirdi. Hələb şəhərində bulunarkən cəzbi-allahiyə məğlub olur”.

Daha sonra Şah İsmayıl Xətayinin tərcümey-halı haqqında qısa məlumat verən Çəmənzəminliyə görə, böyük hökmdar Şah İsmayıl ilə böyük şair-mütəfəkkir Xətayi arasında fərq azdır; eyni mətnaət və qüvvətli iman da şeirini başdan-başa doldurur. O, yazırdı: “Xətayinin şeirlərini üç qismə ayırmaq olar: dini, fəlsəfi və eşqə dair. Bizcə ən əhəmiyyətli şeirləri də fəlsəfəyə dairdir. Bu şeirlərdə Xətayi böyük, qəvi və mətin şəxsiyyətdən bəhs edir. Qəvi şəxsiyyəti tərif etmək üçün bu misralara müraciət edilməlidir:

 

Cümlə əşyadə zühur edən kəlamımdır mənim,

Xələti-ərzi-səma sirri qiyamımdır mənim.

Vaqif oldum çün zəminü asimanın gəncinə,

Cismimin sultanıyam, aləm qulamımdır mənim.

 

Xətayinin bu fikirləri ilə əsasən razılaşan Çəmənzəminli də hesab edirdi ki, qəvi şəxsiyyət əzəlidir: “Varlıq eylə var idi, onun sirrlərinə vaqif idi və bütün kainatı vələlərin şahididir. Həqq ilə şəxsiyyət dostdurlar, yaxındırlar. İki qüvvə ümumi sirrə malikdir. Şəxsiyyəti yaradan Həqdir, lakin Həqdən şəxsiyyəti vücuda gətirən səbəb inkardır”. O, buna misal kimi Xətayinin “Ey Xətayi, həqqi bilib tanımışam bigüman, Onun üçün ox yaratdı, mən ona inkar idim”, – beytini göstərmişdir.

Çəmənzəminli daha sonra Füzulinin həyatı və yaradıcılığı haqqında da bilgi vermiş, onun Türk şair-mütəfəkkirləri arasında tutduğu yüksək mövqeyi ifadə etmişdir.

Onun fikrincə, milliyyət hissini birinci dəfə hiss edən, intibahın dəlili olan kritisizmdən istifadə edən M.F.Axundzadə Qasım bəy Zakirlə birlikdə tənqid dövrünün nəsr və nəzmdə banisi sayılır. Çəmənzəminliyə görə, Axundzadə və Zakir ictimai həyatımızın qüsurlarını görüb, eynilə göstərən mütəfəkkirlər olublar. O, yazırdı: “Zakiri tam mənası ilə milliləşdirən, bizim ağacın meyvəsi edən şeirlər onun həzliyə və həcvləridirlər. Azərbaycan təbiətinə məxsus zərafət, kinayə, kəlayə və bəzən acı rişxənd və köhnələri bəyənməyib, yeni bir şey axtarmaq… Bu nöqtələrdə Zakir bizim ilə həmruh və həmdərddir”.

Daha sonra Mirzə Kazım bəy, S.Ə.Şirvani və M.Ə.Sabirlə də bağlı məlumatlar verən Çəmənzəminli bir qədər Sabirin yaradıcılığı üzərində çox dayanmışdır. O, yazırdı: “Sabir filosofdur, mürəbbidir, inqilabçıdır, nihilistdir, hamısında da səmimidir… Sabir Zakirin həcvlərindən doğma bir şairdir. Aralarındakı fərq budur ki, Zakir xəstə millətin bir əzasiylə məşğul olmuş, onu məhv edən mikrobları göstərmiş. Sabir isə bütün millət vücudunu təşrih edib onun çürümüş cəhətlərini meydana çıxarır. Zakir məhəlli şairdir; onun əsərlərində “provinçializm” (əyalətçilik) çoxdur. Sabir isə başqa bir zamanda vücuda gəlib, ümumşərqin intibahının şahidi olduğu üçün mövzularını geniş sahələrdən alır. Odur ki, bəzən Sabir azərbaycanlılıqdan çıxıb ümumislam və bəlkə ümuminsaniyyət şairi olur. Sabir ruhən şərqlidir, təmayülün Avropa mədəniyyətinin üftadəsidir. Millətinin mütərəqqi olmasını istər, mədəniləşməsini arzu edər”.

A.A.Bakıxanov, Nəbati, A.Səhhət, Hadi, H.Cavid, Ə.Cavad və başqa ziyalılarımızın isə adlarını çəkməklə kifayətlənən Çəmənzə­mənli çox maraqlıdır ki, “Osmanlıda yetişmiş azərbaycanlı müəlliflər” bölümünə isə Şirvanlı Fətullah, Baba Nemətullah, Yusif Ziyaəddin Məxdun, Azəri İbrahim Çələbi, Sadiq Əfəndi Şirvani, Mir Həmzə Nigari,  Əli bəy Hüseynzadə və başqalarını aid etmişdir.

Çəmənzəminli “Azərbaycan ədəbiyyatına bir nəzər” əsəri ilə yanaşı, digər məqalələrində də milli fəlsəfə və ictimai fikir tariximizlə az-çox bağlı olan mövzulara toxunmuşdur. O, bu məqalələrində (“Azərbaycan  nağıllarının əhval-ruhiyyəsi”, “Azərbaycanda Zərdüşti adətləri”, “Folklor yolunda” və b.) daha çox qədim dövr və antik çağ Azərbaycan Türk fəlsəfə tarixindən bəhs etmişdir.

Onun fikrincə, Azərbaycan türklərində fəlsəfi fikirlərin rüşeymləri şifahi ədəbiyyatda öz əksini tapmış, daha sonra yazılı ədəbiyyatda inkişaf etmişdir. O, yazırdı ki, bu fəlsəfi fikrin rüşeymləri isə Kür-Araz mədəniyyətindən başlamış, eyni zamanda İran ilə Turan arasında gedən mübarizələrin zəminində və Böyük Midiya dövründə davam etmişdir: “Tarix göstərir ki, bu mübarizə üçün Şimali Azərbaycan mərkəz təşkil etmiş və nəticədə türk dili qədimdən “Böyük Midiya” adlanan Qaf dağı ilə Həmədan arasında hökmran bir vəziyyət almışdır… Xalq ədəbiyyatımızın tədqiqi yalnız bizim üçün deyil, bütün insaniyyət tarixinə yeni bir səhifə əlavə edəcəyinə iman edənlərdənəm, çünki dünyanın ən qədim mədəniyyətlərindən birinin beşiyi Kür ilə Araz çaylarının arası olmuşdur. Bu mədəniyyətin əsrarını bilmək üçün xalq ədəbiyyatımız, bilxassə nağıllarımız qiymətli vasitə ola bilər”.

Beləliklə, o, qədim dövrdə Türk fəlsəfəsinin təşəkkülü ilə bağlı yazırdı ki, bunun izinə, ilk növbədə şifahi ədəbiyyata aid olan nağıllarda rast gəlmək mümkündür. O, yazırdı: “Nağıl xalq ədəbiyyatının qeyri-ənvaindən daha da qədim olmalıdır, çünki fikir, etiqad və fəlsəfə etibarilə Zərdüştün “Avesta” və hindi-qədimin “Veda”sına yavıqlaşır”. Çəmənzəminli bir tərəfdən Azərbaycan türklərinin qədim fəlsəfi fikir tarixindən bəhs etdiyi halda, digər tərəfdən bu fəlsəfi fikrin Zərdüştün “Avesta” və hindlilərin “Veda”sı ilə yaxınlığından bəhs etmişdir. Məsələn, o iddia edirdi ki, bütün Azərbaycan Türk nağılları içində tanınmış olan “Məlik Məmməd” nağlında da zərdüştlük və vedalarda olduğu kimi, əsas fikir haqqın nahaqqa qələbə çalmasından ibarətdir. O, yazırdı: “Məlik Məmməd”in fəlsəfəsi təbiətdəki ikiliyi təsvir eləyir. Bir tərəfdə Hürmüzd və onun xəlq etdiyi nur, əbədi həyat, haqq və ədalət, o biri tərəfdə də Əhrimən və güruhu: qaranlıq dünyanın məhsulu divlər, əjdahalar, büxl, həsəd, fəna fikirlər. Bir-birilə əbədi çarpışmada olan bu iki qüvvə Hürmüzdün qələbəsilə nəticələnir. Əbədi həyat bəxş edən, almanı oğurlayan divlər, Zümrüdün balalaırını öldürmək istəyən əjdahalar, büxl və həsədə qapılan iki şahzadə məhv olub gedirlər. Zirək, qüvvətli, təmiz ürəkli Məlik Məmməd isə qurtarır və işıqlı dünyanın bütün səadətinə nail olur”.

 

 

Paylaş: