04 Avqust 2020 04:31

Qənirə Paşayeva şair, dramaturq, tərcüməçi, həkim Abbas Səhhətdən yazdı

Bugün Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndəsi, şair, dramaturq, tərcüməçi, həkim Abbas Səhhətin anım günüdür.
Abbas Əliabbas oğlu Mehdizadə (1874, Şamaxı – 11.07.1918, Gəncə) – ruhani ailəsində doğulub. 1894-cü ildə Məşhəd və Tehranda tibb təhsili alıb.
1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət, tədricən həkimlik sənətindən uzaqlaşaraq, məktəblərdə dərs deyib və məhz bu dövrdən etibarən peşəkar ədəbi fəaliyyətə başlayıb.
1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri gün üzü görüb və yaradıcılıq örnəkləri yayıldıqca, ona oxucu diqqəti, məhəbbəti qazandırıb.
“Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, böyük aydınımız Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub (“Füyuzat” jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə ardıcıl qaydada çıxış edib. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan ədib, o dövr Azərbaycan oxucusunu rus (Krılov, Puşkin, Lermontov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edib. Həmin tərcümələr bugün də öz bədii (sənətkarlıq) dəyərini saxlayır, sevilə-sevilə oxunur.
1912-ci ildə şairin öz şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb Günəşi” adlı toplusu gün üzü görüb. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, şeir pərisi və şəhərli” adında romantik poeması nəşr olunub.
Abbas Səhhətin yaradıcılığına Nizami, Hafiz, Sədi kimi Şərq klassiklərinin böyük təsiri olub. O, türk xalqlarının ədəbiyyatı ilə də yaxından maraqlanıb, özəlliklə, Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərib.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində “Ümummüsəlman Qərbçiliyi” ideyasını dəstəkləyib. Ən gözəl əsərlərini 1908-ci ildə baş vermiş İran inqilabına həsr edib.
Abbas Səhhətlə Mirzə Ələkbər Sabirin yaxın dostluğu XX yüzil ədəbiyyat tariximizdə diqqət göstərilmiş, örnək alınmş dostluqlardan olub. Hər ikisinin Şamaxıda yaşaması bu dostluğun güclənməsində böyük rol oynasa da, onları yenilikçilik ruhu, yaradıcılığa, ədəbiyyatın öz estetik dəyərləri ilə inkişafı məsələsinə baxışları, xəlqi duyğuları özünəməxsus şəkildə yaxınlaşdırıb. Sabirin əsərlərini toplayaraq, ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirməsi(1912) Abbas Səhhətin ən önəmli xidmətlərindən sayılır.
Mirzə Ələkbər Sabirin 27 iyun 1911-ci ildə Tiflisdən Abbas Səhhətə yazdığı məktub məşhurdur. Məktubu oxuyanda təsirlənməmək mümkün deyil:
“Qardaşım Səhhət!
Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf oldu.
Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaxşıraq idi; özüm öz bədbəxtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil (və Həmidə xanım) cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdiyimə görə, çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da xəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov adlı doktor var, – İran konsulunun məxsusi həkimidir, Rusiyada və Yevropada təhsil etmişdir, Osmanlı türkcəsilə də gözəlcə danışır, – getdim onun yanına, məni müayinə etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim:
– Doktor Kasparyansdan.
Dedi:
– Kasparyans iyi bir doktordur, lakin bir qədər ixtiyarlaşmış.
Doğrusu, onun bu ibarəsi gayətdə mənim xoşuma getdi. Türklərə məhəbbətimin kəsrətindən xəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır.
Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı.
Dedi ki:
– Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir xörək qaşığı içərsən. Bir az vəqtdə bütün-bütünə səhhətyab olarsan, şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən.
Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş aldım. Çünki bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir danə həb atdım. O qədər məni ishala apardı ki, daha taqətim qalmamışdır. Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram. Yenə də doktor Kasparyansa ricu etmişəmsə də, lakin həyatımdan bilkülliyyə qəti-ümidəm. Axır nəfəslərim olduğun dərk edib də, bu məktubla sənə əhvalımı xəbər verirəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmud bəyə səlam et. Mehdibəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm, lakin əlim daha qələm tutmayır. Əhli-əyalımı sizə, sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təbə etdirərsiniz. Baqi vəssəlam. Qardaşın: Ə.Sabir”.
*
Abbas Səhhət fəal maarif və mədəniyyət xadimlərindən olub. Məktəb, kitabxana açılmasına çalışıb; Mahmud bəy Mahmudbəyovla birgə “Yeni məktəb” (1909), “Üçüncü il” (1909), “Türk ədəbiyyatına ilk qədəm” (1914) dərsliklərini yazıb.
Sağlığında yayınlanmış kitabları:
“Sınıq saz” (Bakı, 1912), “Kasıblıq eyib deyil” (2 pərdəli komediya; Bakı, 1912),
“Qərb Günəşi” (Tərcümələr toplusu; Bakı, 1912), “Neft fontanı” (1 pərdəli komediya; Bakı, 1912), “Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik” (M.Mahmudbəyovla ortaq; Bakı, 1912), “Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi” (Bakı, 1914). İstər Sovet vaxtı, istərsə də, müstəqillik illərində, Abbas Səhhətin kitabları kütləvi tirajlarla nəşr edilib, əsərləri dərsliklərə daxil edilib; bir çox əsəri xarici dillərə tərcümə olunub.
44 yaşında (insultdan) gözlərini həyata əbədu yuman mütəfəkkirin 100 illik yubileyi, respublika səviyyəsində geniş miqyasda keçirilib (1974), Gəncədə abidəsi qoyulub.
Adına küçə, kitabxana, məktəb, xəstəxana və b. ünvanlar var.
Bu anım yazısını, ədibin dillər əzbəri olan “Vətənim” şeiri ilə bağlayır, ruhuna əbədi şadlıq diləyirəm!
*
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin