05 Avqust 2020 04:06

Yusif Vəzir Çəmənzəminli və Azərbaycan mədəniyyəti

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

 

II Yazı

 

Y.V.Çəmənzəminlinin Türk fəlsəfi fikrini bu formada “Avesta” və “Veda”ya bağlaması məntiqə uyğun deyildir. Çünki burada bəhs olunan “Məlik Məmməd” nağlının özü də İran-aryançı zərdüştülərcə təhrif olunmuş, Türk düşüncəsindən kənara sapdırılmışdır. Bu baxımdan Çəmənzəminlinin əvvəlcə “Məlik Məmməd” nağlı ilə “Avesta” fəlsəfəsini eyniləşdirməsi, üstəlik tək Tanrıçılığı Sami irqinə aid etməsi, daha sonra da Zərdüştü və onun “Avesta”sını Azərbaycan mədəniyyəti ilə əlaqələndirməsi doğru sayıla bilməz. O, yazırdı: ““Məlik Məmməd”dəki mücadilə haqq və işığın həkmranlığı ilə nəticələnir. “Avesta”nın fəlsəfəsi də bundan ibarətdir. Sami irqindən zühur etmiş dinlərin (yəhudilik, xristianlıq və müsəlmanlıq) tövhidi zərdüştlükdə yoxdur. Vəhdət əvəzində iklik kainatda ikilik var və mübarizə hər şeyə əsas olaraq vəz olunmuşdur. Bu mübarizə getdikcə inkişaf edib böyüyür və axırda qaranlığın, div və əjdahaların, paxıl vücudların yox olub, yer üzündən qaib olması ilə qurtarır. Zərdüştlükdə dini məfkurə dünyada əbədi bir həyat, əbədi işıq, əbədi istirahət və səadət təmin etməkdir. Lakin buna mane olan qara qüvvələr var”.

Doğrudur, o, bəzən etiraf edirdi ki, “zərdüşti fəlsəfə və etiqadından doğma nağıllarımız  yalnız dil etibarilə türkləşmişlər”. Deməli, onun düşüncəsindən çıxış etsək, birincisi qədim Azərbaycan xalqına aid nağıllar “zərdüşti fəlsəfə və etiqadından doğur”, ikincisi nağıllar dilcə türkcələşir mahiyyətcə yox, üçünçüsü tərəfdən isə nağılların qaynaqları olan zərdüştlük farslara da aid olunmur. Maraqlıdır ki, Çəmənzəminli eyni formada “Novruz” bayramını da İran-Aryan mədəniyyətinə deyil Azərbaycan mədəniyyətinə aid edib, hətta iddia edir ki, ümumiyyətlə “İran mədəniyyəti”ni Midiya və Azərbaycan yaratmışdır. O, yazırdı: “İran mədəniyyətinin Midiya və bilxassə Azərbaycan yaratmış və Midiya səltənəti münqəriz olduqda bu mədəniyyət zərdüştlüklə bərabər İrana keçmiş və əsrlərcə pars səltənəti ilə yan-yana azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləmişlər. “Novruz” və başqa adətlərimiz də o zamanlardan qalmadır. “Novruz” adətinə “Avesta”da rast gəlmiriksə də, fəlsəfəsi tamamilə oradan alınmışdır”.

Buradan belə anlaşılır ki, Çəmənzəminli zərdüştlüyü, nağılları, Novruz bayramını azəri ya da muğ adlandırığı qövmün adına çıxmış, Midiyanın süqutundan sonra parsların hakimiyyət başına keçməsinə baxmayaraq, ancaq ruhani və mədəni həyatın yenə də muğların (azərilərin) əlində qaldığına inanmışdır.

Beləliklə, Çəmənzəminliyə görə atəşpərəstlik və zərdüştilik kimi təlimlər Midiya dövr­ün­də, ya da ondan öncə meydana çıxmış, əsas ideoloqları isə muğlar olmuşdur. Onun fikrincə, Zərdüşt də Aranda muğlar arasında dünyaya gəlmiş, “Avesta” və atəşpərəstlik də Azərbaycanda yaranmışdır. Ona görə, bu baxımdan qədim Yunan fəlsəfəsinə ciddi təsir göstərən dünyanın dörd: od, su, hava və torpaq kimi ünsürlərdən ibarət olması nəzəriyyəsi də farslara/parslara deyil, qədim Azərbaycan xalqı olan muğlara, onların mağlar təliminə aid olunmalıdır. Sadəcə, yunan tarixçiləri başda Herodot olmaqla, Əhəmənilər dövründə parslar hakimiyyət başında olduğu üçün, bu fəlsəfəni parsların ya da İranın adına çıxmışlar. Çünki Çəmən­zə­min­liyə görə, Midiyanı məhv ed­ən parslar, çox keçmədən Midiya və Azərbay­canın din və ayinlərini, o cümlədən dörd ünsürlə (od, su, hava və torpaq)  bağlı nəzəriyyəni də mənimsəmişlər: “İrandan əvvəl də bu nəzəriyyə (dörd ünsürə aid olan nəzəriyyə nəzərdə tutulur-F.Ə.) Kürlə Araz çaylarının arasında doğulmuş olacaq, çünki Midiya dövlətini inqiraza uğradan parslar, Midiya və Azərbaycanın din və ayinlərini və bütün mədəniyyətini iqtibas etdilər. Zərdüştiliyi İrana bəxş edən azərbay­can­lılar İrandakı müəssisələri əsrlərcə idarə etmişlər. Hətta bəzən höku­məti də ələ almağa qalxmış­larsa da, müvəffəq olma­mışlar”.

Deməli, onun sözlərindən belə anlaşılır ki, üç min il bundan öncə Azərbaycanda məskən salan muğlar zərdüştlüyün, Novruz bayramının yaradıcısı olmuş, Midiyaya qədər və Midiya dövründə həm hakimiyyəti, həm də ruhani sahəni idarə etmişlər. Ancaq farslar e.ə. 6-cı əsrin ortalarında (e.ə.550-548) Midiyada hakimiyyəti zəbt etdikdən sonra, muğların sadəcə ruhani və mədəni sahələr əllərində qalmış, dəfələrlə cəhd göstərsələr də hakimiyyəti isə yenidən ələ keçirə bilməmişlər. Üstəlik, bizim eranın 7-ci əsrin ortalarında Ərəb Xilafəti yalnız parslara məxsus Sasanlı hakimiyətini deyil, muğlara aid olan dini-mədəni hakimiyyəti (zərdüştlüyü) də aradan qaldırmışlar. O, yazırdı: “Bu fəlsəfə və yaratdığı zehniyyət sayəsində Aran, Muğan və bütün Azər­bay­can mədəniyyəti həyatında yüksək dərəcələrə çıxmışdır. Lakin ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü. Dərbənddən Həmədana qədər sərf olunan əməklər məhv oldu”.

Bizcə, Çəmənzəminlinin Zərdüştü və zərdüştlüyü (atəş­pərəst­liyi) qədim Azərbaycan xalqına aid hesab etməsi doğru deyildir. Burada qədim Azərbaycan türklərinə aid ola Muğların, ya da Mağların təlimidir. Bizcə, Zərdüşt hind-aryan kökənli olub Muğların təlimini təhrif etmişdir. Muğların təlimində heç bir maddi ünsürü, o cümlədən atəşə zər­düştü­lər­də olduğu kimi, Yaradan səviyyəsində bir inam olmamışdır. Muğların dörd maddi ünsürə, o cümlədən oda olan qutsal baxış daha çox fəlsəfi xarakter daşımışdır. Ancaq Zərdüşt və zərdüştilər fars Əhəmənilərin Midiya üzərində xaincəsinə hakimiyyəti ələ keçirməsindən sui-istifadə edərək dini-fəlsəfi dünyagörşüdə ciddi təhriflərə əl atmışlar. Bununla da Midiyaya və Mağlara aid dini-fəlsəfi təlim çox keçmədən farsçı zərdüştilərin assimliyasiyasına uğramış, yeni bir şəkil almışdır. Çox təəssüf ki, Çəmənzəmənli bunu dərindən idrak edə bilmədiyi üçün irançı zərdüştliyi mağların/muğların təlimi ilə eyniləşdirərək qədim Azərbaycan Türk xalqına aid etmişdir.

Çəmənzəminli bir tərəfdən mağlar və mağların təlimini Azərbaycan xalqına aid etməkdə haqlı olsa da, ancaq mağları daha sonra zərdüştlük və onun “Avesta”sı ilə tamamilə eyniləşdirməsi doğru deyildir. Eyni zamanda, o, muğların və onların təliminin Azərbaycan Türk xalqı və onun milli fəlsəfi fikir tarixi ilə nə dərəcədə bağlı olub-olmaması kimi məsələlərə isə dərindən aydınlıq gətirməmişdir. Ancaq bütövlükdə məlum olur ki, Çəmənzəminli azəri ya da muğ adlandırdığı xalqın kökünü, o cümlədən zərdüştlüyü türklərə aparıb çıxartmışdır. Bizcə, bu səbəbdən də Çəmənzəminlinin çağdaşı olmuş Əmin Abid yazırdı ki, onun Zərdüştü türk zənn edib, azərbaycanlıları da atəşpərəst olaraq qələmə alması, üstəlik “azəri” sözünü türklüyə aid etməsi kökündən yanlışdır: “Bu vaxta qədər yapılan tədqiqlər əsasında: birisi qədim dövrlərdən zamanımıza; o biri zamanımızdan əski əsrlərə doğru yürüyən iki hərəkət xətti hiss edilməkdədir. Yalnız Azərbaycan kəliməsi ətrafında dönüb dolanan hər iki xəttin gəlib dayandığı bir nəticə nöqtəsi var: qurduğumuz dövlətin həqiqi adı “Azərbaycan” və bu dövlətin hakim olduğu yerlərdə oturan türklər (şimali-qərbi “İran”da yaşayan türklər kibi) “azəri”dir; azərilər də atəşpərəstlik sistemi ilə əlaqədardır”.  

Yeri gəlmişkən, Çəmənzəminli Azərbaycan Türk xalqının qədim əcdadı hesab etdiyi muğlar, ya da azərilər, eləcə də onların dini-fəlsəfi dünyagörüşü ilə bağlı məqalələri və bədii əsərləri Sovet Azərbaycanı dövründə qələmə almışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu dövrdə  Sovet Rusiyasının ideoloqları da hələlik, Azərbaycan türklərinin türklüyünün, müsəlmanlığının üstündən bir çox səbəblərə görə, qəti xətt çəkə bilmədikləri üçün daha çox “azərilik” nəzəriyyəsi adı altında oyun oynayıb “xalqın öz tarixini qədimləşdirmə” niyyətinə uyğun olaraq  zərdüştlüyün, atəşpərəstliyin təbliğinə şərait yaradır­dılar. 1918-ci ildə qurulan yeni Türk dövlətinin adı “Azərbaycan” adlandırılması prinsipindən çıxış edən türkçülərin əksəriyyəti də mümkün olduğu qədər, “xalqın tarixini qədimləşdirmə” prosesinə uyğun olaraq onu zərdüştlüklə, atəşpərəstliklə bağlayıb, Zərdüştün də ya Türk olmağını, ya da ən azından Midiyada, ya da Azərbaycanda doğulduğu (yəni buna inanaların düşüncəsində) üçün azərbaycanlı olduğunu əsaslandırmağa çalışırdılar. Çəmənzəminli də, məhz “azərilik” nəzəriyyəsinə uyğun olaraq muğları və Zərdüştü əsasən “azəri”, midiyalı, bəzi hallarda da Türk kimi qəbul etmişdir.

Bu baxımdan Çəmənzəminli Sovet Azərbaycanı dövründə yazdığı “Qızlar bulağı” adlı romanında da zərdüştlüyün, atəşpərəst­liyin yaradıcısı saydığı Midiyanın aparıcı tayfalarından biri olan muğları/mağları qədim Azərbaycanın yerli xalqı hesab etmiş, eyni zamanda onların parslar, iskitlər, misirlilər, yunanlar, babillər, yəhudilərlə münasibətlərindən bəhs etmişdir.

Bu bədii əsərdə ən çox diqqəti çəkən odur ki, Çəmənzəminliyə görə, öncə zərdüşti inanclı muğlar arasında atəşpərəstliyin bəzi ayin və adətlərinə (məsələn, yaxın qohumlarla evlənmək, ölünü basdırmamaq və s.) etirazlar olub dəyişikliklər edilmiş, daha sonra da başqa xalqlarla, özəlliklə də turanlı iskitlərlə qaynayıb-qarışma baş vermişdir. Guya, zərdüşti inanclı oturaq, yerli muğlar, ya da azərilər iskitləri xaqanlıqdan, köçərilikdən, döyüşkənlikdən və xüsusi əmlaka rəğbətdən  uzaqlaşdıraraq xeyli dərəcədə özləri kimi oturaq həyata və ictimai əmlaka alışdıra bilmişlər.

Yuxarıda qeyd etdiyimiz kimi, bu əsərini Sovet Azərbaycanı dövründə yazan Çəmənzəminli bir tərəfdən Azərbaycan xalqının kökünü farslardan uzaq tutub muğ/mağ mənşəli hesab etdiyi Midiyaya və türk mənşəli İskitlərə, eləcə də onların dini-fəlsəfi təfəkkürünə bağlamağa çalışdığı halda, digər tərəfdən kommunizm təliminə uyğun olaraq sosial bərabərlik məsələsini də ən olana çıxartmağa çalışmışdır. O, yazırdı: “Ümumi qəbilə xalqı səhər tezdən işə çıxar: kimi ilxıya, kimi bağ-bağçaya gedər. Daimi vəzifə yoxdur, vəzifələr dəyişilir. Dünən hərəm ağası ilə tarlada çalışdıq, bu gün isə ilxıda idik… Səadət şəxsi “mən”dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi “mən”liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir”.

Beləliklə, Çəmənzəminlinin milli fəlsəfi fikir tarixi ilə bağlı apardığı tədqiqatları ümumiləşdirərək hesab edirik ki, o, muğları, muğların təlimini tamamilə zərdüştülüklə eyniləşdirməkdə, eləcə də Qərb tarixçiliyinin təsiri altında Türk-Turan mənşəli iskitləri köçəri və vəhşi kimi qələmə verməkdə səhvlərə yol vermişdir. Doğrudur, Çəmənzəminli haqlı olaraq muğları, midiyalıları birmənalı şəkildə irandillilərdən, o cümlədən farslardan da uzaq tutmuşdur. Ancaq bütün bunlarla yanaşı, onun daha çox irandillilər, o cümlədən farslara aid edilən qeyri-əxlaqi adətləri (məsələn, yaxın qohumlarla evlənmək, ölünü basdırmamaq və s.) muğlara aid edib, ancaq sonralar muğların bundan üz döndərməsini yazması da, çox ziddiyyətlidir.  Bütün hallarda, o məsələdə Çəmənzəminli ilə razılaşırıq ki, məhz Muğların fəlsəfəsi yunan, fars, yəhudi, qibti və digər xalqların dünyagörüşünə xeyli dərəcədə təsir göstərmişdir.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin