08 Avqust 2020 22:46

Yusif Vəzir Çəmənzəminli və Azərbaycan mədəniyyəti

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

III Yazı

 

 

Y.V.Çəmənzəminlinin yaradıcılığında türkçülük və islamçılıq ideyaları da xüsusi yer tutmuşdur. Çəmənzəminliyə görə, Azərbaycan türkləri başqa Türk xalqları ilə müqayi­sə­də yad millətlərin təsirlərinə daha çox məruz qalmışlar. Çünki özgə millətlər, xüsusən də farslar əsrlər boyu azərbaycanlıların mədəniyyətinə, ədəbiy­yatına, dilinə, hətta dini düşüncəsinə mənfi təsir göstərmiş, nəticədə bir çox milli-mənəvi dəyərlər unudulmuşdur. Məsələn, o, “Əcəmilik möhürü və onunla mübarizə” məqaləsində yazırdı ki, türklərin dini həyatı heç bir zaman farsın, ərəbin, yunanın, romalının və başqalarının dini həyatına bənzəməyib: “Türküstan qövmlərinin ruhani həyatını nəzərə aldıqda onların qeyri-dindar olduqlarını bilirik. Qırğızlar müsəlman adını daşıdıqda dinə əsla möhtac deyillər. Türkmən obalarını dolandıqda məscidə rast gəlməzsən. Təkə nişanlarının (müsəlmanlarının) özlərinə məxsus libasları olmaz. Camaat geyinən çapandan geyib başlarında da dəri papaqları olar. Mollaya müqəddəs bir nəzər ilə baxıb onları uca mərtəbələrə mindirən müridbazlıq ömürlərini boş-boş dini mübahisə, cənnət və cəhənnəm məsələsi ilə keçirmək – türkmən arasında adət deyil. Bu sağlam qövm dünya ilə məşğuldur. Bunların qayələri – şücaətli ömür sürüb şan və şərəfə malik olmaqdır”.

Onun fikrincə, Azərbaycan türklərinin əsl türkə yaraşan törələrdən xeyli dərəcədə uzaq düşməsinə səbəb fars/irançı düşüncə olmuşdur: “Azərbaycan türklərində bu əsl türkə mənsub nişanələr qalmamağına səbəb yenə İran hökmranlığının mənhus nəticəsi olan riyakar xəlifəsidir ki, başımıza çəkib cənnətə yol axtarırıq. Özümüzün də əqidəsi budur ki, bizdən pak, doğruçu millət dünyada yoxdur. Bizdən savayı dünyada hamı murdardır, dünya da “darfənadır”. Bundan başqa, bir darbəza da vardır ki, gərək ora üçün çalışasan. Bu da əcəmlərdən iqtibas olunan bizim şiəçilik fəlsəfəmizdir. Bu fəlsəfə sayəsində murdarları darfənaya verib özümüz gözümüzü darbəzayə dikmişik. Ümidimiz də budur ki, hər mömin qardaşa darbəzada bir neçə gözəl huri verəcəklər, əbədi ləzzətə nail olacayıq. Məzhəbbazlıq, dərviş, duaçı, seyid və mərsiyəxan kimi ixtira və icadlar da İran həyat əqliyyə məhsulları olub iradan bizlərə töhfə olub”.

Maraqlıdır ki, Cümhuriyyətəqədərki dövrdə farsların, irandillilərin mədəniyyətini “əcəmin pozğun mədəniyyəti” adlandırıb onun Azərbaycan Türk həyatına çox mənfi təsirindən bəhs edən Çəmənzəminli, ancaq Sovet Azərbaycanı dövründə yuxarıda da gördüyümüz kimi, bir qədər bu məsələyə fərqli yanaşmış, muğları və guya, onlara aid zərdüştliyi onlardan ayırararq onun sonralar farslar tərəfindən təhrifə uğradıldığından bəhs etmişdir.

Çəmənzəminli “Qulluq və əsrilik” (1914, Aşqabad) adlı məqaləsində isə türkçülük nəzər nöqtəsindən daha çox müsəlmanlıq adı altında baş vermiş ərəbləşməyi tənqid etmişdir. O, yazırdı ki, türklərin təbiətində Allaha qul olmaq, ya da başqa xalqların əsarəti altında yaşamağa razılaşmaq olmayıb. Onun fikrincə, islamiyyət dövründə bu kimi hallara rast gəlindi ki, bu isə türkün təbiətinə zidd idi. O, yazırdı islamiyyətə qədər türklər övladlarına Allahqulu, Hüseynqulu, Əliqulu, Rzaqulu kimi adlar deyil, “Dağ”, “Qaya”, “Dəniz”, “Gün”, “Ay”, “Ulduz” kimi adlar qoyar, adlarına da uyğun şan və şərəflə ömür sürərdilər: “O zamanlar türklük dağ kimi qüvvətli və qaya kimi möhkəm idi; fikirlər gün kimi parlaq, niyyətlər ulduzlar kimi yüksək idi. Biz məgər həmin türklərin hümmətlərindən deyilik? Bəz ən əvvəl lazımdır ki, özümüzü qulluqdan xilas edək”. O, yazırdı: “Türk oğlu Türk olun!. Türklər heç vədə dünyanın şövkətli həyatından əl çəkib axirət yolu üçün çalışmayıblar. Həmişə ağalıq ediblər. Şanlı yaşayış üçün qılınc vurublar. Bu fikrin doğruluğunu türk və islamın düşmənləri belə inkar etmirlər. Böyük Volter deyir: “Türk həyatında dini məsələ ilə üstdə baş vermiş bir qafilə görünməmişdir. Qafilə dursun kənarda, türk arasında dini müsahibə, bir üsyan, bir qarışıqlıq isə də tarixdə qeyd olunmayıb””.

İrançılıq və ərəbçilikdən qurtul­maq üçün isə o, belə çıxış yolu göstərmişdir: 1) dilimiz saflaşmalı; 2) ədəbi dil el ədəbiyyatından götürülməli; 3) musiqimiz türkləşməli; 4) qadınlara hüquqlar verilməli; 5) türk məktəblərinin sayı artırılmalı; 6) fars ədəbiyyatı türkcəyə çevirilməli; 7) milli dahilər təbliğ edilməli; 8) Azərbaycan türk tarixi yazılmalıdır.

Beləliklə, Çəmənzəminli  hesab edirdi ki, Azərbaycan xalqı milli və dini kimliyini bir-birindən fərqləndirməlidir. Bu mənada o, soydaşlarına üz tutaraq bildirmişdir ki, onlar milli mənsubiyyət baxımından müsəlman deyil, türkdürlər: “Azərbaycan türklərinin tarixi sadə bir dildə yazılıb nəşr edilməlidir ki, camaat özünün türk olmağını bilsin. Keçmişini öyrənsin və milli vəzifələrini düşünüb gələcək üçün çarələr arasın. Yoxsa hər kəsdən soruşursan: “Sən kimsən?” deyir: “Müsəl­man”. Tahı (ancaq) bilmirlər ki, dinimiz müsəlman dinidir, millətimiz isə Türk millətidir”. Hətta elələri də tapılır ki, ana dillərini də “müsəl­man dili” adlandırırlar. Halbuki dünyada çoxlu sayda müsəl­man xalqları və hər millətin də özünəməxsus ana dili var.

Onun fikrincə, bu məsələni həll etmək üçün, ilk növbədə, ana dilimizin, yəni Türk dilinin qayğısına qalmalıyıq. Çünki ana dilin tənəzzülü millətin çöküşü deməkdir. Ona görə də hər kəs dilini sevməli, bu dildə danışmağı eyib yox, fəxr hesab etməlidir. Bu baxımdan osmanlı türk ləhcəsinin bütün türklərin ortaq dili olması fikrinə qarşı çıxan Çəmənzəminli “Dil məsələsi” (1914) məqaləsində yazırdı: “Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiy­yat­ın­dadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənsin”.

O bildirirdi ki, Azərbaycan Cümhuriyyətində dövlət dili türk dili olmalı­dır. Çünki Azərbaycan Cümhuriyyəti əhalisinin çoxu türkdür. Onun fikrincə, böyük bir ərazidə yaşayan, dili bütün yad tayfalar üçün belə ortaq dilə çevrilən, eyni zamanda ədəbiyyatı, musiqisi, operası, teatrı olan bir camaat  “millət” adını daşımağa haqlıdır.

Ümumilikdə, Çəmənzəminli milli-demokratik cərəyanın tərəf­darı kimi M.Ə.Rəsulzadənin milli istiqlal yolunu tutmuş, özəkçi deyil, daha çox müstəqil Türk dövlətlərinin birliyini dəstəkləmişdir: “Əsrlərlə qılınc zərbəsi ilə istila olunub, millətlərin qan və göz yaşları ilə bir-birinə bitişdirilən torpaqlar başsızlıq sayəsində məhv olub gedir. Şəddadın zülmü ilə abad olunmuş imarəti uçur, dağılır. Böyük ölkə bir-birinə dəyir: Rusiyanın qiyaməti qopur. Geniş bir dövləti mərkəz bir orta idarəyə qadir deyil. Hökumətə gündə bir adam daxil olub, biri çıxır. Sabit idarə yox, nizam yox, qayda yox, əmin-amanlıq yox”.

Çəmən­zəminli marksizm-leninizmin nümayəndələrinə üz tutaraq deyirdi ki, milli qüvvəllərin istiqlal ideyasına qarşı çıxmasınlar: “Ey hüm­­mət­çilər! Ukraynanın cəmi firqələri ittifaq edib. Ukrayna muxtariy­yətini yapdılar. Muxtariyyət olmasa, ölkə başsızlıq bəlasından xilas olmasa, orada firqə həyatı da olmaz. Bəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb, yerində ədəmi mərkəziyyət payidar edilməlidir. Milli idarə qoy çöl tərəfdən düzəlsin, sonra içini düzəltdikdə mübahisə edərik”.

Çəmənzəminli hesab edirdi ki, Azərbaycan Türk mütəfəkkirləri arasında islamçılıq, ya da din probleminə münasibətdə Türk ictimai fikir tarixində yenilikçi ruh M.Ş.Vazeh, Q.Zakir, M.F.Axundzadə, S.Ə.Şir­vani, H.Zərdabi, M.Ə.Sabir və başqaları ilə başlamışdır. Belə ki, bu mütəfəkkirlər ilk dəfə, dini xurafat və mövhumata, xüsusilə ikiüzlü ruhanilərə qarşı daha kəskin tənqidi mövqe tutmuşlar. Başqa sözlə, XIX əsrdən başlayaraq Azərbaycan Türk mütəfəkkirləri dini sxolastika­dan, ilahiyyatçı düşüncə tərzindən müəyyən qədər uzaqlaşaraq dünyəviliyi müdafiə etmişlər. Çəmənzəminli yazırdı ki, Axundzadəni, Zakiri və başqalarını məşğul edən millətə nifaq salan mollanümalar, xalqı cəhlilə qırıb öldürən həkimlər, şərarəti özünə sənət edən xainlər, oğrular, əyrilər olmuşdur. Çəmənzəminliyə görə, axundzadələr, zakirlərdən sonra dinə münasibətdə daha obyektiv mövqe tutan, dini xurafat və mövhumatı açıb göstərənlərdən biri milli şairimiz Sabir olmuşdur. Çəmənzəminli yazırdı: “Sabir riyakar zahidlərilə daima düşmən idi. Millətin qəflətdə yaşamasını onlara istinad edirdi. Zahidlər də Sabiri təfkir etməkdən çəkinmirdilər”.

Onun fikrincə, müsəlmanla Allaha arasındakı münasibətə qarışan, möminləri İslamın əsil mahiyyətindən uzaqlaşdıran riyakar ruhanilər elə şərait yaratmışdılar ki, heç kəs cəsarət edib onların doğru olmayan sözlərinə qarşı fərqli, əks söz də deyə bilmirlər. Çəmənzəminli “Qulluq və əsrilik” (1914, Aşqabad) adlı məqaləsində yazırdı: “Bir müsəlman cəmiyyətinin məclislərinə gedərdim. Otağın yuxarı tərəfində həmşə iki molla oturardı və onlardan aşağı sağ və sol divarların qabağındakı döşəkcələrin üstündə cəmiyyətin qeyri-üzvləri əyləşərdilər. Bir məsələ müzakirəyə qoyulduqda ən əvvəl, əlbəttə, molların rəyi sual olunardı. Bunların hərəsi öz rəyini bildirərdi. Qeyri üzvlərə gəldikdə biri öz fikrini bəyan etməyə cürət etmirdi”.

“Bunun səbəbi nədir ki, yazıq üzvlər fikirsiz, şəxsi rəysiz, cəsarətsiz qul halına gəliblər?”- deyə sual edən Çəmənzəminli özü buna belə cavab verirdi ki, islamın mahiyyətini dərindən bilməməyi­miz, eləcə də “böyük dura-dura kiçik danışmaz” kimi ev tərbiyəmiz biz türkləri bu hala gətirib çıxarmışdır. Onun fikrincə, milli-dini adət-ənənə­lərimiz­dən uzaqlaşmağımızın nəticəsidir ki, indi sözün həqiqi mənasında müdriklər deyil, hansısa təsadüfi “molla­lar” və “ağsaq­qal­lar” məclislər də baş tərəfdə otururlar. Bu baxımdan o, sözünün doğruluğunu isbat etmək üçün yazırdı ki, bir müsəlman məhəlləsinə gedin, oturun otağın bir guşəsində qapıdan girənə diqqət yetirin: “Molla içəri girən kimi gedəcək yuxarı başa. O ki qaldı qeyri adam­lara, bunlar otağa daxil olduqda, bir az duruxacaqlar. Bilirsiniz, duru­xan­da nə fikir eləyirlər? Özlərinə yer axtarırlar. Məclisin yuxarı başı (mollanın ətrafı) həmişə boş olar, lakin oraya getməyə cürət etməzlər: orada “böyük” oturar”.

Çəmənzəminli hesab edirdi ki, müsəlmanlar dünyəvi elmləri öyrənmədikləri, nadan qaldıqları müddətcə ruhanilər və despotik şahların əllərində oyuncaq olacaqlar. Onun fikrincə, bundan qurtumaq üçün müsəlmanlar, o cümlədən Azərbaycan türkləri elm və mədəniy­yət arxasınca getməlidirər. O, yazırdı: “Mədəniyyət­dən savayı ayrı bir şey bizə nicat yolu ola bilməyəcək. Məzhəb­bazlıq heç bir milləti xoşnicatlığa çıxarmadı, bizi də çıxarmayacaq. Bu yükün nə dərəcə batil olub, insanları fot olmağa məcbur etməyi gün kimi aşkardır. Dəlil istəyirsinizsə, din və kilsə tarixlərini oxuyun. Onda görəcəksiniz ki, məzhəbbazlıq nifaq və fəsadın çeşməsidir”.

O, ümumilikdə dində islahatın aparılması fikrini qəbul etmirdi. Çəmənzəminli yazırdı: “Bəzi mütəfəkkirlərimizin “müsəlman Lüteri” gözləməsi də yaxşı fikir gərək olmasın. Özündən müştəbeh olmuş bir divanə çıxıb yeni bir məzhəb icad etməsindən başqa Lüter məsələsi ayrı işə müvafiq ola bilməz. Mühüm bir Lüter axtarıb ona tabe xəyalında olunca, yaxşı deyilmi hər bir dolaşıq dini və milli məsələlərimizi zəmanəyə və ağıla müvafiq özümüz həll edək?”. [1] Onun mülahizələrindən belə anlaşılırdı ki, ümumiyyətlə tamamilə dindən imtina edilməsə də, ancaq dini ictimai-siyasi həyatdan uzaqlaşdırıb məscidlərdən kənara çıxmasına yol verilməməlidir.

Bu prizmadan Azərbaycan Cümhuriyyəti dövründə  Çəmən­zəminli yazırdı ki, türk-müsəlman aləmində Azərbaycan xalqı milli və dini kimliyini dövlət səviyyəsində müəyyənləşdirmiş, ölkənin idarə olunmasında şəriətə deyil, dünyəvi qanunlara, yəni sekulyar dövlət quruluşuna üstünlük vermişlər: “Burada Rusiya və Avropada məşhur olan qanun məhkəməsi daha da ədalətli şəkildə qoyuldu. Millətlər, cinslər və siniflər bərabərliyi də felən tanındı”. [2] Bir sözlə, Azərbaycan Cümhuriyyətinin dinə münasibəti dünyəvi modellə üst-üstə düşmüşdür.

Ümumilikdə, Çəmənzəminlinin dinə münasibəti ondan ibarət idi ki, bu məsələdə etiqad azadlığı olmalıdır. Yəni heç bir fərd inancna görə hər hansı təzyiqə və zorakılığa məruz qalmamalı, ölkədə dini dözümlülülk hökm sürməlidir. O, yazırdı: “Çünki din insan ilə Allahın əlaqəsinə dair bir şeydir. Din müqəddəs bir yoldur ki, insanın gizli sirlərini, dua və diləklərini Allahın hüzuruna aparır. Bu yolu hərə özünə bir növ təsəvvür edir. Din bir aləmdir ki, oraya dünya qanunlarının qarışmağı lazımsızdır. Allah ilə insanın arasına girmək  insanın azadlığına xətər yetirir”.

Deməli, Çəmənzəminli ictimai-siyasi görüşlərində əsasən türkçülüyü və müasirliyi müdafiə etmiş, milli dövlət tərəfdarı olmuşdur. Xüsusilə, o, Sovet Azərbaycanında yaşayana qədər türkçülük və yeniləşmə məsələsində dəyişilməz mövqe sərgiləmiş, islamçılığa isə bir qədər fərqli yanaşmışdır.

 

[1] Yenə orada, s.348

[2] Yenə orada, s.256

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri