05 Avqust 2020 09:20

“Rusiya və İran Ermənistanı əvvəlki kimi müdafiə etmir” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

“Desələr ki, get hansısa işlə məşğul ol, vətəndaş kimi, əsgər kimi tapşırılan işlə məşğul olmalıyam”

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağ problemi, Tovuz istiqamətində baş verən qarşıdurmalar və xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi təxribatları haqqında Modern.az-a danışıb. Sabiq nazirlə müsahibəni təqdim edirik:

 

– Tofiq müəllim, Rusiya Ermənistanla birlikdə hərbi təlimlərə başlayır. Bəzən fikir səsləndirilir ki, Türkiyənin Azərbaycanla bağlı birmənalı reaksiyasından sonra Rusiya belə bir addım atdı. Amerika da Azərbaycanı dəstəkləyən düzəlişi qəbul etdi. Bu proseslərin fonunda Cənubi Qafqazın yenidən böyük güclərin maraqlarının toqquşduğu bölgəyə çevrildiyini deyə bilərik?
– Çox maraqlı proseslər baş verir. Təlimlərdən danışarkən, özümüzü qorxutmağa ehtiyac yoxdur. Həmin təlimlərin səviyyəsi çox aşağıdır. Həm iştirak edən qüvvələrin döyüş səviyyəsi, həm də təlimlərin keyfiyyəti çox aşağıdır. Mən inanmıram ki, bu təlimlər ciddi mesaj ola bilər. Çünki məsələləri müzakirə etmək üçün Türkiyə və Rusiya xarici işlər nazirlərinin təmasları olub. Bu zaman hiss edilir ki, əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdir.

Artıq bir neçə ildir, bu məsələdə Türkiyənin mövqeyi ciddi şəkildə aktivləşib. Həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində tez-tez görüşlər keçirilir, bəyanatlar səsləndirilir. Xarici işlər nazirləri bir neçə ay bundan əvvəl Minsk qrupunun həmsədrləri ilə də görüşdülər. Türkiyə artıq bu məsələnin aktiv region oyunçularından birinə çevrilib. Mən hesab edirəm ki, Minsk qrupunun üzvü olan Fransadan Türkiyə daha fəal və məlumatlıdır.

Qarşıdurma fövqəldövlətlər arasında da kəskinləşib. Bu yaxınlarda ABŞ Konqresində qəbul edilən qətnamə işğal olunmuş ərazilər barəsində idi. Azərbaycan da bu məsələnin daxilində idi. Təbii ki, əsas ittihamlar Rusiyaya qarşı çevrilmişdi. Amma Ermənistanın da bu siyahıya ilk dəfə düşməsi hesab edirəm ki, çox vacib, ciddi mesajdır.

Hiss olunur ki, Rusiyanın daxilində də Ermənistanın problemlərinə maraq azalır. Yeganə bu məsələ ilə məşğul olmağa çalışan Rusiya xarici işlər naziri Sergey Lavrovdur. Onun fəaliyyəti isə Rusiyada azərbaycanlılar və ermənilər arasındakı “meyvə problemi”indən o tərəfə keçmir. Ermənistan-Azərbaycan məsələsi əsasən ermənilər və ermənipərəst lobbini maraqlandırır. Rusiyanın münaqişə ilə bağlı aktivliyi səngiyir.

– Bir neçə gün öncə cəbhənin Tovuz istiqamətində törədilən təxribatın məqsədi nə ola bilərdi?
– Bəzən deyirlər ki, düşmən təxribatı Tovuz istiqamətində törətməkdə oradan keçən neft kəmərlərini dağıtmaq məqsədi güdüb. Mən buna inanmıram. Çünki kəmərlərin işini pozmaq üçün heç də oranı işğal etmək, torpaqları zəbt etmək, yaxud birbaşa güllə atmağa ehtiyac yoxdur. 40 kilometrdən “Qrad”la da vura bilərlər.

– Tərəflər arasında danışıqlar prosesi artıq dalana dirənib. Bununla bağlı hansı gözləntiləriniz var?
– Danışıqlarla əlaqədar bir irəliləyiş görmürəm. Nikol Paşinyan artıq elan edib ki, döyüşlərin, gərginliyin azalmasında xüsusi rolu Rusiya Xarici İşlər Nazirliyi oynayır. Artıq proseslər çox ləng baş verir.

Danışıqlar prosesinə gəldikdə isə Paşinyanın bəyanatları danışıqlar prosesini ləngitməyə, ertələməyə yönəlib. Azərbaycana gəldikdə isə kimsə bizə danışıqlar prosesinin bərpasını məsləhət görürsə, danışıqların gündəmi əvvəlcədən bəyan olunmalıdır. Hansı şəkildə məsələlər müzakirə olunacaq. Buna aid bir bəyanat Rusiya tərəfindən səsləndirilib. Xarici işlər nazirinin müavini qeyd edib ki, gündəmdə olan “Madrid prinsipləri”dir. Bizi də “Madrid prinsipləri” qane etmir. Amma görürük ki, rəsmi olaraq, Ermənistan tərəfi “Madrid prinsipləri”ndən imtina edir. Məntiqlə belə çıxır ki, ermənilər razılıq versə, biz danışıqlara başlayacağıq. Razılıq vermirlərsə, siz gedin onlarla iş aparın. Azərbaycanın indiki mərhələdə “danışıqları istəmirik” bəyanatını verməsi düzgün deyil. Çünki təbliğat baxımından ermənilər bunu bizə qarşı istifadə edəcəklər. Biz bu zaman sanki ermənilərin taktikasını təkrarlamış oluruq.

Azərbaycan öz tərəfindən ciddi tezislər səsləndirməlidir. Sadəcə görüntü üçün həyata keçirilən danışıqlar artıq Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunmayacaq.

Danışıqların gündəmi sirli olmamalıdır. Çünki “məxfi” məsələsi ümumi prosesə çox ziyan gətirib. Əvvəldən məlum olmalıdır ki, kim hansı mövqe ilə danışıqlara gedir və hansı məsələ müzakirə olunacaq.

– Türkiyənin və Rusiyanın mövqeyini izah etdiniz. Bu məsələdə İranın mövqeyi necədir?
– Mən İranın mövqeyində ciddi dəyişikliklər hiss edirəm. Çünki artıq Nikol Paşinyanın səfərindən sonra Qarabağ, ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsi mövzusu İranda yaşayan soydaşlarımız, dostlarımız tərəfindən çox gündəmə gətirildi. Onlar bu və ya digər şəkildə öz mövqeyini bildirirlər. Bu isə Azərbaycana dəstək xarakteri daşıyır. Orada səslənən şüarlar, müxtəlif ictimai, siyasi tədbirlər məcbur edib ki, İranın dövlət mövqeyi də daha açılsın. İran daha çox İslam həmrəyliyinə, Azərbaycan- İran arasında dostluq , qardaşlıq prinsipinə üstünlük vermək niyyətindədir. Ermənilər həm Ukraynanı, həm də İranı tənqid edirlər. Hesab edirəm ki, bu xətti davam etdirməli, məsələyə ciddi fikir yetirməliyik.

– İndiyə qədər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti o qədər də nəzərə çarpmırdı. Amma Qarabağ məsələsi bir daha göstərdi ki, diplomatlarımızın əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil. Bununla bağlı hansı addımları atmağa ehtiyac var.
– Tənqid üçün bəzi əsaslar var. Amma hesab edirəm ki, nazirin dəyişməsindən sonra yeni nazirə vaxt verilməlidir ki, ona deyilən tapşırıqları həyata keçirsin. Bu, maraq və zəhmət tələb edən fəaliyyətdir. Yaxınlarda bir video qarşıma çıxdı. Əsəbi vətəndaş Los-Anceles hadisəsi ilə əlaqədar “baş konsul haradadır?” – deyə tənqid edib, səfirimizin fotolarını göstərirdi. Halbuki, baş konsul San-Fransiskoda yerləşir, səfir Vaşinqtondadır, hadisələr isə Los-Ancelesdə baş verir. Həmçinin, baş konsul xüsusi konsulluq dairəsinə cavabdeh olan diplomatdır və orada fəaliyyət göstərir. Bu məsələdə fikir söyləyərkən, insanlar ən azından adi məqamları araşdırmalı, bilməlidirlər. Lakin son zamanlar “bu da pisdir, o da pisdir” iddiası dəbə çevrilib. Bundan uzaqlaşıb real mənzərəni görməliyik. Tənqid üçün əsaslar var, amma əsassız tənqid də yersizdir.

Xarici İşlər Nazirliyində həddindən artıq professional, vətənimizə sadiq diplomatlar var. Ölkə başçısı tənqidlər səsləndirdi, deməli, hansısa məlumatlar əsasında bunu edib. Proseslərin düzəlməsi isə müəyyən vaxt edən məqamdır. Amma insanların ucdantutma hamını tənqid etməsi, söyməsi ümumi işimizə ziyan gətirir.

Son zamanlar hiss olunur ki, diaspormuz səfirlikləri, Baş konsulluğu müdafiə etmək üçün çalışır. Xaricdə yaşayan azərbaycanlılar nümayəndəliyimizin yanında piket qurublar, ermənilərin qurduqları piketə cavab veriblər. Hesab edirəm ki, bu siyasi baxımdan çox düzgün, Amerikada da tətbiq olunan taktikadır. Amma təbii ki, ermənilər qanunları pozublar və buna görə cavab verəcəklər. Mən xarici ölkələrdə yaşayan vətəndaşlarımıza çağırışlar edirəm ki, qanunları pozmasınlar. Bəzən bu təxribata gətirib çıxarır. Gəlin, ermənilərin taktikasına nəzər salaq. Onlar provokasiya edib, sonra bizi günahkar çıxarmağa çalışırlar, hətta nail olurlar. Ermənilər deyiblər ki, biz Azərbaycanın Mingəçevir su anbarını dağıdacağıq, Azərbaycanın yarısı suyun altında qalacaq. Bu bəyanatlarını yaddan çıxarıb, indi isə guya Azərbaycan “Metsamor” AES-i bombardman etmək istədiyini iddia edirlər.

– Siz kifayət qədər təcrübəsi olan, xarici işlərə rəhbərlik etmiş şəxssiniz. Yenidən bu işdə təmsil olunmaq haqında təklif olarsa, reaksiyanız maraqlıdır.
– Bununla bağlı mənə sosial şəbəkələrdə də tez-tez şərhlər yazılır, fikirlər səsləndirilir. Hər kəsin xoşuna gələr ki, onun əziyyətinin qarşılığı verilsin. Amma bu məsələnin bir başqa tərəfi də var. Belə anlaşılır ki, insan etdiklərini vəzifə üçün edir. Bu məntiq düzgün deyil. Fəaliyyətimin məqsədi olaraq hansısa vəzifəni düşünməmişəm. İndiki mərhələdə ictimai rəy ortaya çıxan amildir. Mən çox şadam ki, bu və ya digər şəkildə imkan tapıb, öz təcrübəmi, fikirlərimi ictimaiyyətlə bölüşə bilirəm. Mənə desələr ki, get hansısa işlə məşğul ol, vətəndaş kimi, əsgər kimi tapşırılan işlə məşğul olmalıyam. Amma yenə deyirəm, heç bir vəzifə daşımazkən, ictimaiyyətdə olmaq, fikirlərini söyləyə bilmək də önəmli məqamdır.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin