30 Noyabr 2020 02:17

Cəfər Cabbarlı və milli maarifçilik

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

I Yazı

 

Faiq Ələkbərli

 dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

 

Azərbaycan mütəfəkkiri Cəfər Cabbarlı (1899-1934) Xızıda anadan olmuş, 1905-1908-ci illərdə Bakıda 7-ci rus-tatar məktəbində, 1909-1915-cü illərdə isə Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə təhsil almışdır. 12 yaşından, yəni 1911-ci ildən etibarən mətbuatda çıxış etməyə başlayan Cabbarlı 1915-ci ildə Bakı Sənaye Məktəbinin elektromexanika şöbəsinə daxil omuşdur.

Cümhuriyyət dövründə Cabbarlı “Azərbaycan” qəzetində tərcüməçlik fəaliyyəti ilə yanaşı, Parlament aparatında stenoqrafçılıq etmişdir. 1920-ci il 27 aprel işğalından sonra Cababrlı gizli fəaliyyətə keçən Müsavat Partiyasının MK-nın baş katibi seçilmişdir. Həmin il Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olan Cabbarlı “Kommunist” qəzetində və Ərzaq Komissarlığında tərcüməçi, Azərbaycan SSR MİK-də stenoqrafçı işləmişdir. 1923-cü ilin iyunun 16-da C.Cabbarlı Seyid Hüseynlə birlikdə həbs edilmişdir. 1923-cü ilin avqustunda “Müsavat”ın özünü buraxması barədə bolşeviklər tərəfindən yazılıb müsavatçıların adından yayınlanan bəyanatdan sonra Cababrlı və digər müsavatçılar həbsdən azad olunmuşlar.

Bu hadisədən sonra Bakı Dövlət Universitetindən xaric olunan Cababrlı 1923-cü ilin sentyabrında Türk Teatro Məktəbinə daxil olunmuşdur. Ancaq yaxın silahdaşı M.B.Məhəmmədzadənin Bakıdan qaçması və gizli “İstiqlal” qəzeti mətbəəsinin aşkar edilməsindən dolayı 1923-cü ilin oktyabrın 5-də Cabbarlı yenidən həbs olunmuşdur. Ancaq çox keçmədən Cababrlı oktyabrın 30-da həbsxanadan azadlığa buraxılmış və bundan sonra daha çox tərcüməçiliklə məşğul olmuş, bir sıra yeni əsərlər yazmışdır. O, 1934-cü ildə Bakıda vəfat etmişdir.

Onun əsas əsərləri aşağıdakılardır: “Qız qalası”, “Ədirnə fəthi”, “Od gəlini”, “Nəsrəddin şah”, “Ulduz”, “Aydın”, “Yaşar”, “Sevil”, Almaz”, “1905-ci ildə” və b.

İlk dövrlərdə daha çox milli maarifçiliklə məşğul olan Cabbarlı üçün islamlıqla millətin tərəqqisi eyni anlamı ifadə etmişdir. Bu mənada, əgər İslam dünyası tənəzzül içindədirsə, eyni sözləri Türk aləminə də aid etmək lazımdır. Mütəfəkkir bu  baxımdan yazırdı ki, Türk-İslam aləminin bir tərəfində eyş-işrət hökm sürdüyü zaman, digər tərəfində müsəlmanların fəryadı ərşə ucalırsa, buna biganə qalmaq mümkün deyildir. Çünki nə Türk millətinin əxlaqında, adət-ənənələrində, nə də İslamın qayda-qanunlarında bu cür biganəlik olmamışdır. Cabbarlı yazırdı:

 

Bular deyilmi bəşər, ya deyilmi bir islam?!

Ürəyimiz, ah, nasıl parçalanmayır da tamam?

O vəhşi dalğaların ortasında dindaşımız,

Zəlalət içrə ölür ac, zəlil qardaşımız!…

Biz isə eyd eyləyib, işrətə qiyam edərik,

Bütün-bütün gecəni eyşlə tamam edərik.

Göz aç, sən ey özünə söyləyən müsəlmanəm!

Göz aç, sən ey bağıran mən də əhli-Quranəm!

Göz aç, sən ey danışan həşrdən-qiyamətdən!

Göz aç, sən ey əbədi dəm vuran səxavətdən! 

 

Cabbarlı doğru qeyd edirdi ki, əsil müsəlman Quranda da buyurulduğu kimi, “müsəlmanlar qardaşdırlar” prinsipinə əməl edərək din qardaşına əl tutan, onun imdadına yetən və ona dayaq duran kəsdir. Yoxsa, adı müsəlman olub, ancaq dindaşlarına heç bir yardımı dəyməyən, əksinə, başqa dinə etiqad edənlərin (ingilislərin, fransızların və b.) yanında İslama xələl gətirənlər, saxta müsəlman¬dırlar. Bu cür saxta müsəlmanların əməlləri də şəriətə tamamilə ziddir. Bu baxımdan Cabbarlı hesab edirdi ki, indi əsil möminlə saxta möminin aşkarlanması mənasında imtahan zamanıdır:

 

Xaneyi-millət xarab olmaqda, imdad istəyir.

Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr!

Nerdədir “əl mömininə ixvətin” ayatı bəs?

Ey özün islamə daxil eyləyən biganələr!

Ey özün mömin bilənlər, imtəhan meydanıdır,

Qəlbiniz amalını etsin sübut amalınızı. 

 

Cabbarlı yazırdı ki, Allahın müqəddəs kitabı Qurani-Kərim də, onun ilk təbliğatçısı Məhəmməd peyğəmbər də zülmə qarşı olmuş, ədalətliliyi və bərabərliyi müdafiə etmişdir:

Bu zəlalət ərsəsində cismi-millət bisipər,

 

Tiqi-cəladdi-əcəl rədi-sima tək rəşədar.

Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz.

Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya? 

 

Ümumiyyətlə, Azərbaycan Türk aydınına görə, əsas problem əhalinin əksəriyyətinin cahil və avam olması deyil, onun “intelligent”, üləma adlanan qisminin nə millətinin adət-ənənələrindən, nə də şəriət qanunlarından doğru-dürüst xəbərlərinin olmamasıdır. Çünki müsəlmanların avam və cahil qismi elm və bilikdən uzaq olsalar da, heç olmazsa milli və dini dəyərlərə sadiqdirlər. Doğrudur, onların milli və dini dəyərlərə sadiqliyi kor-koranə xarkater daşıyır, ancaq yenə də onlar İslam qayda-qanunlarına hörmətlə yanaşır, digər xoşagəlməz əməllərlə məşğul olmurlar. Lakin bunu, “intelligentlər”, üləmalar haqqında demək mümkün deyildir. Cabbarlı yazırdı:

 

Alim olubdu bəzisi, yasin oxur babasına,

Külçə görən kimi alıb, tez bürüyür əbasına,

Bir baxınız bu yazığın başda olan havasına,

Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir,

Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir. 

 

Deməli, müsəlmanın hər təhsil alanı sözün əsil mənasında, millətə və dinə xidmət yolunu seçmir. Hətta onlardan elələri tapılır ki, aldıqları biliyi və təhsili millətin, islamın tərəqqisinə deyil, şəxsi maraqları naminə xalqın zərərinə istifadə edirlər. Bunu dərindən anlayan Cabbarlı hesab edirdi ki, həmin “intelligentlər” milləti qəflət yuxusundan oyatmaq əvəzinə, bir aciz müsəlman görən kimi onu bizləməklə məşğul olurlar. Bu işdə isə onlara yalançı ruhanilər, din xadimləri yoldaşlıq edirlər. Çünki İslamın adından çıxış edən bir çox “din xadimləri” xalqın oyanmamasında, cahil və avam qalmasında “intelligentlər”dən daha çox maraqlıdırlar:

 

Salma səs, xalqı oyatma, iş düşər çox əngələ,

Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ.

Layla çal qoy bir bir qədər yatsın, uşaqdır çün hələ,

Böylə dövran lap qiyamət qopsa da düşməz ələ.

Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən,

Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. 

 

Həmin dördə iş-gücləri müsəlmanlara yalnız dini mövhumat və xurafatı təbliğ edən mollaları və axundları tənqid edən Cabbarlı yazırdı ki, yalançı şəriət qanunları, hədislərlə islam dünyasının oyanması mümkün deyildir. O, yazırdı:

 

Aləmi-islamə bax! Bir yanda işrət bərqərar,

Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi. 

 

Onun fikrincə, nə vaxta qədər ki, İslamın qayda-qanunlarını əsil elm adamları müsəlmanlara öyrətməyəcəklər Türk-İslam dünya¬sındakı tənəzzül davam edəcək, Quran yalnız müqəddəs bir kitab kimi evlərimizdə toz basmış halda qalacaqdır. O, yazırdı:

 

Söylə  mövhumatı, Adəmdən tutub bu əsrədək,

Vaxtımız çoxdur hədisbazlıqdan ötrü həsr edək.

Xəlqin əqlini çaşdıraq, vardırsa bir az, kəsr edək.

Döndərib bu sayədə köhnə komanı qəsr edək.

Toz tutarsa evdə Quran, mən bilim qoy, bir də sən.

Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən. 

 

Deməli, yalançı ruhanilərin məqsədi heç də xalqı oyatmaq deyil, əksinə qəflət yuxusunda saxlamaqdır. Bunun nəticəsidir ki, məscid deyiləndə Allahın evi deyil, yalançı axundların və mollaların qazanc yeri başa düşülür. Ona görə də müsəlmanların çoxu artıq məscidlərə getmək belə istəmir, bununla da Allahın evləri boş qalır və qapısından qıfıllar asılır. Cabbarlı yazırdı: “Bən öylə bilirdim: orucluq ayı, ehya günü, günorta vəqti, böylə bir gündə məscid açılmamış, nə vəxt açılacaqdır? Müxtəsər, gəlib məscid həyətinə daxil oldum. Hər nə qədər axtardımsa, bir damcı su tapmadım, öz-özümə dedim: yəqin hər kəs öz evində dəstamaz alıb gəlir. Məscidə tərəf baxıb gördüm: Paho… məscid bağlı! Qapısında da bir dənə zorba, paslı qıfıl var!”.  Çünki yalançı mollaları,axundları maraqlandıran Allah evinin boş qalıb-qalmaması deyil, öz şəxsi mənafeləridir. Onlar öz maraqları üçün min dona girməyə, min fitnə törətməyə, min hiylə qurmağa, bir sözlə istənilən yolla qardaş adlandırdıqları müsəlman dindaşlarını soymağa hazırdırlar:

 

İç gündə şərabı, gələ ta cisminə bir can;

Vur gündə qumarı, boşala kisəvü həmyan.

İxvanını aldat, pulunu al, qoy ol giryan;

Bidətlərini axıra vur, olma peşiman,

İslamı dağıt, ol yenə də pak müsəlman.

Qoy başına əmmamə, gedib Molla Cavad ol!

Şad ol, yenə şad dol, yenə şad dol, yenə şad dol!

Eyvah ki, axırda peşiman olacaqsan! 

 

Bütün bunlardan sonra Cəfər bəy yenə də ümid edirdi ki, islam dünyası yuxudan oyanacaq və işıqlı günlərə qovuşacaqır. Başqa sözlə, islam millətləri, müsəlmanlar aralarındakı ədavət daşlarını tullayıb, məzhəb aryılıqlarına son verib bir-birlərinə sözün həqiqi mənasında qardaş olacaqlar. Əks təqdirdə, Cabbarlını təbirincə desək, çox keçməz  islam millətləri tamamilə xar olar və başqa dinə qulluq edən millətlərin əsarəti altına düşər:

 

Qıl nəzər ətrafa, görərsən o dəm:

Milləti-islam qoyun tək yatıb;

Qarətü qətlə verib öz fikrini,

Qeyrəti namusu kökündən atıb,

İrzü həyavü ədəbin cümləsin

Cifeyi dünyayə satıbdır, satıb.

Böylə keçərsə əgər on səkkiz il,

Millətimiz xar olacaq, yoxsa yox?

Bu yuxudan, bilmirəm, islamiyan

Bir kərə bidar olacaq, yoxsa yox? 

 

Cəfər Cabbarlının bir əsr öncə islam millətlərinin sosial-siyasi və mədəni vəziyyəti ilə bağlı dedikləri, bu gün də öz aktuallığını qoruyub saxlayır. Doğrudur, 20-ci əsrin əvvəllərində baş verənlərlə müqayisədə bu gün islam dünyasında müəyyən bir irəliləyiş vardır, ancaq bu yetərli səviyyədə deyildir. Belə ki, müasir dövrdə də bir çox yeniliklərin müəllifi islam dünyası deyil, daha çox Avropa və Uzaq Şərq ölkələridir. Üstəlik dünyada baş verən dəyişikliklərdən son xəbər tutan, yaxud da bu dəyişikliklərə axırıncı uyğunlaşmaq istəyən islam dünyasıdır. Çünki islam dünyası özü bir elm beşiyi olduğu halda, elmdən və təhsildən, hürriyyət və azadlıqlardan uzaq qalmışdır. Cabbarlının təbirincə desək, qeyri millətlər elmə könül verdikləri halda, müsəlmanlar hələ də “mürgüləyir”:

 

Tapdı səadət yolunu qeyrilər

Elmə könül vermək ilə hər zaman.

Leyk müsəlman hələ də mürgülər.

Durmağa da zərrəcə yoxdur güman.

Rəmlə baxanda belə məlum olur:

Çox yatacaqdır hələ islamiyan.

Sonra ayıldıqda, bunu bilmirəm

Laiyqi-kandar olacaq, yoxsa yox?

Bu yuxudan, milləti-islamiyan

Bir kərə bidar olacaq, yoxsa yox? 

Paylaş: