26 Noyabr 2020 02:46

Qənirə Paşayeva şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarına bayram sovqatı göndərib

Millət vəkili Qənirə Paşayeva ön cəbhə rayonu olan Tovuz rayonunda ön cəbhə kəndləri başda olmaqla bir çox kəndlərdə şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını, fiziki imkanları məhdud şəxsləri və maddi imkanları çox aşağı olan ailələri Qurban bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatı təqdim edilib. Cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, fiziki imkanları məhdud insanlarımıza, maddi vəziyyəti çox çətin olan ailələrə qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir deyən Qənirə Paşayeva Qurban bayramında onlara Allahdan bütün arzularına çatmalarını diləyib. Cənab Prezidentimizin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva sakinlərin qayğıları ilə də maraqlanıb. Millət vəkili bayram günlərində online qaydada görüntülü şəkildə onlarla seçicisini təbrik etməklə yanaşı onların qaldırdıqları məsələləri diqqətdə saxlayacağını və həlli istiqamətində çalışacağını deyib. Sakinlərin qaldırdığı bəzi məsələlər isə qısa zamanda həllini tapıb.

Paylaş: