30 Noyabr 2020 06:24

Qənirə Paşayeva ictimai və dövlət xadimi, yazıçı laureatı Şıxəli Qurbanovdan yazdı

Bugün tanınmış ictimai və dövlət xadimi, yazıçı, dramaturq,şair,filologiya elmləri doktoru,Azərbaycan Dövlət mükafatı laureatı Şıxəli Qurbanovun 95 illik yubiley günüdür. Şıxəli Qurban oğlu Qurbanov (16.08.1925, Bakı – 24.05.1967, Bakı) 

Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) alıb. Onun pyesləri, liberettoları, səhnə əsərləri, fəlsəfi faciələri Azərbaycan Dram və Musiqili Komediya Teatrlarını yeni məzmun və forma axtarışları ilə zənginləşdirib.

Ş.Qurbanov böyük sələfi M.F.Axundov kimi öncə bəzi çağdaşlarını satira-yumor dili ilə, gülüşlə islah etməyə çalışıb. Onun rəngərəng çeşidli komediyaları, əlvan formalı musiqili liberottaları milli Azərbaycan səhnəsində öz yerini alıb.

“Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sevindik qız axtarır”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz” kimi səhnə əsərləri minlərlə çağdaş tamaşaçının qəlbinə yol tapıb, onları düşündürüb. Bu əsərlər zəngin milli dramaturgiya gələnəyimizin, Nəcəfbəy Vəzirov, Haşımbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Sabit Rəhman… irsinin yeni biçimdə qanunauyğun davamı və inkişafı sayıla bilər.

Ş.Qurbanovun komediya və liberottoları, sonra yaranan yeni əsərlərə bir körpü rolu oynayıb.

O, XX yüzilin 60-cı illərində Azərbaycan Elmlər Akademiyasının (o vaxtkı) Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib; bir sıra başqa ictimai, siyasi, elmi və dövlət vəzifələri daşıyıb, hər bir vəzifədə də öz peşəkarlığı, ləyaqəti ilə seçilib. O, heç bir üstünlüyü, imtiyazı, maaşı muzdu olmayan,əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tutub. Ş.Qurbanov gündəlik fəaliyyətində – çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda yüksək vəzifə daşıyan məmurdan çox, millətin dərdlərinə, yaşantılarına aşina millət xadimi kimi çıxış edib. O,mühüm vəzifə sahibi (Mərkəzi Komitənin katibi) olaraq, milli kadrları yüksək vəzifələrə irəli çəkmək xətti tutan alovlu vətənpərvər olub; öz milli duyğu və düşüncələrini açıq şəkildə dilə gətirib. Təsadüfi deyil ki onun təşəbbüsü ilə Novruz bayramı, uzunmüddətli fasilədən sonra (XX yüzilin 60-cı illərində) Azərbaycanda dövlət səviyyəsində qeyd olunub. – Xalq tonqalların işığında özünün tarixi yaddaşına – kökünə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başlayıb…

1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası, totalitarizmin, Kreml mərkəzçiliyinin qırmızı qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq edib. Odlar Yurdunda qalanan tonqallardan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə ümid və inam yaradıb; milli bilinc ocaqlarını alovlandırıb. Doğrudur, bu sahədə poeziya (ümumən ədəbiyyat), xeyli iş görmüşdü, ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, özəl-liklə, onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən olub.

Azərbaycanın o vaxtkı partiya nomenklaturasında təmsil olunan Ş.Qurbanov öz dogma xalqına, Vətəninə, vətəndaşlara, sadə insanlara münasibətdə, cəsarət, comərdlik və ləyaqət örnəyi göstərən milli kadrlardan olub.

Ş.Qurbanov “İgidliyə görə”, “Köniqsberqin alınmasına görə”, “1941-1945-ci illər müharibəsində Almaniya üzərində qələbəyə görə” və b. medallarla təltif edilib; Üzeyir Bəy Hacıbəyli adına mükafatın laureatı olub; dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilib. 1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedib və elə orada – həyat və fəaliyyətinin çiçəklənən çağında, 41 yaşında müəmmalı şəkildə vəfat edib.

Tanınmış ictimai və dövlət xadimi, ədib, alim, Dövlət Mükafatı laureatı Ş.Qurbanov I Fəxri Xiyabanda dəfn olunub.

Paytaxt Bakıdakı küçələrdən biri, Azərbaycan Dövlət Musiqili Teatrı, Zaqatala şəhərindəki 3 saylı tam orta məktəb Ş.Qurbanovun adını daşıyır.

RUHU SAD OLSUN!

Paylaş: