30 Noyabr 2020 05:14

Qənirə Paşayeva Xalq şairi Bəxtiyar Vahabzadəni bu sözlərlə yad etdi

Bugün görkəmli Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycanın və (keçmiş) SSRİ-nin Dövlət mükafatı laureatı, bir neçə çağırış millət vəkili (1990, 1995, 2000) olmuş, istiqlalçı və “İstiqlal” ordenli Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illik yubiley günüdür.

Vahabzadə Bəxtiyar Mahmud oğlu (16.08.1925, Şəki – 13.02.2009, Bakı) 1934-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) Filologiya fakultəsində təhsil alıb (1942-1947); sonra universitetin aspiranturasında saxlanıb, burada, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951).

Akademik ədəbi münasibət B.Vahabzadənin peşəkar bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirməklə başladığını qəbul edir. O zamandan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri davamlı şəkildə çap olunub. Gənc Bəxtiyarın “Ağac altı, yaşıl yarpaq, bir ki tünd çay” şeiri mətbuatda gün üzü gördükdən sonra, Səməd Vurğunun diqqətini cəlb edib, gənc müəllifin parlaq gələcəyinə inam ifadə edib və təsadüfi deyil ki, B.Vahabzadə S.Vurğunu özünün ustadı sayırdı.

Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmiş B.Vahabzadənin “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası eyniadlı monoqrafiyası məşhurdur (1964).

B.Vahabzadənin “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əks olunub. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində çağdaş dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı olan B.Vahabzadə, XX yüzilin 60-cı illərindəki gizli milli azadlıq hərəkatının öncüllərindən biri olub. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyalarının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair “millətçi damğası” ilə universitetdəki işindən (“doktorluq müdafiəsi üçün elmi məzuniyyət” adı ilə) uzaqlaşdırılıb.

Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli poema və pyeslərində hadisələri ya tarixə ya da başqa ölkələrə keçirərək, millətimizin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, SSRİ dağılandan sonra “Sandıqdan səslər” adı ilə nəşr etdirib.

Xalqı oyandırmaq. Bilgiləndirmək məqsədi ilə qələmə aldığı əsərlərdə B.Vahabzadə, Vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti… kimi mövzuları güclü və dərin məzmunlarla ifadə edib.

\B.Vahabzadə 70-dən artıq şeir kitabının (o cümlədən tarixi və çağdaş mövzuda iyirmidən çox iri həcmli poemanın), 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın müəllifidir. Şairin əsərləri şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dilinə çevrilib, qardaş xalqların türkcəsinə uyğunlaşdırılıb.

B.Vahabzadə 1950-1990-cı illərdə ADU-nun (BDU) “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasının professoru vəzifəsində çalışıb.

Görkəmli ədib 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilib. 1981-ci ildə (keçmiş) SSRİ Yazıçılarının VII Qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib; həmçinin AYB İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü olub.

B.Vahabzadənin mükafat və təltiflərindən bəziləri:

-“Əməkdar incəsənət xadimi” fəxri adı (1974),

-“Qırmızı Əmək Bayrağı” ordeni (20.08.1975),

-“Azərbaycanın Dövlət mükafatı” (1976),

-“Xalq şairi” fəxri adı (1984),

-SSRİ Dövlət mükafatı (01.11.1984),

-“İstiqlal” ordeni (15.04.1995; müstəqil Azərbaycanın bu ali ordenin ilk üç təltif edilənindən biri olub),

-“Ləyaqət” ordeni (2002, Rumıniya) və b…

Görkəmli şair 83 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib, I Fəxri Xiyabanda dəfn edilib.

B.Vahabzadənin dogma şəhəri Şəkidə büstü ucaldılıb. 2018-ci ilin 31 avqustunda isə Şəkidə Ev-muzeyinin açılışı olub. Paytaxt Bakının Yasamal rayonunda adına küçə var. Qardaş Türkiyənin Adana şəhərində şairin adına Sosial Elmlər Liseyi fəaliyyət göstərir.

RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

Paylaş: