27 Noyabr 2020 08:56

“Əgər biz türklər Xl əsrdə gəlmişiksə, bəs Kirin başını kəsən Tomris kim idi?”

Yasəmən Qaraqoyunlu Türk çörəyi yeyib, Türkdən yaxa yırtanlara cavab verir:
“Bir qrup adamlar var. Onları heç tanımıram. Heç bir ilişkim falan da olmayıb. Saxta profillərdən yazarlar. Profillərində türk adından və dəyərlərindən istifadə edirlər. Profil adları Dədə Qorqud, Baba Pünhan, Əliağa Vahid, İran mollası da belə deyir….və Soyadları Türksoy, Turan və ilaxır. Təxminən 120 nəfərə yaxındılar. Bu adamlar sosial şəbəkələrdə sürəkli haqqımda yalan bilgilər yayır, qaralama təbliğatı aparırlar. Şəxsiyyət vəsiqəmin surətini ələ keçirmişlər, aylarla sosial şəbəkələrdə haqqımda erməni deyərək yalan təbliğat aparırlar. Ermənistan adlanan İrəvan Türk Cümhuriyyətində dünyaya gəldiyim üçün sosial şəbəkələrdə məni erməni adlandıraraq qaralama kompaniyası aparırlar. Kanal 43 adlı yooutube kanalında haqqımda film çəkərək, məni Azərbaycanda yaşayan xalqların düşməni kimi təbliğ edirlər. Həmin kanalın haqqımda çəkdiyi verilişin rəy bölümündə 1400 dən çox kişi ünvanıma ən axırıncı söyüşləri və təhqirləri yazıblar.(yeri gəlmişkən bu söyüş və təhqir yazan kişilərin şəxsiyyətini MTN araşdırdımı?Məncə bunlar Azərbaycan dövlətinin gizli düşmənləri idilər.)
Axı niyə? Mənim fəaliyyətimdə, çıxışlarımda, yazılarımda bunları narahat edən hansı məsələlər var. Şəxsimə ünvanlanmış çox saylı təhqir və söyüşləri təhlil edərək belə qənaətə gəldim ki, bu adamlar mənim aşağıdakı fikirlərimdən narahatdırlar. 1. Azərbaycan dili türk dilidir və bu konstitusiyada əks olunmalıdır.2. Azərbaycanda dominant millət türk millətidir. Lakin bununla bərabər Azərbaycanda başqa xalqlar da yaşayır ki, onların hüquqları konstitusiya ilə qorunur və Azərbaycan vətəndaşı kimi bütün haqq və hüquqlara sahibdirlər. 3. Bütöv Azərbaycan qurulacaqdır. 4. İran Farsistan deyil və türklər İranın bütün ərazisinə, tamamına yayılmışlar. 4. Azərbaycan və İran öz gerçək tarixi və demoqrafik yapısı ilə bir Turandır. 5. İranda türk dövlətçiliyi bərpa olunacaqdır.
Bütün bunlarla yanaşı, indi biriləri də çıxıb Qaraqoyunlular kürddür deyir. Erməni adı bizə yapışmadı, indi də kürd adı yapıştırmağa çalışırlar. Adamlar nə tarix bilirlər, nə kitab oxuyurlar. Səs səsə veriblər, bu torpaqlarda iranlılar, ermənilər, kürdlər yaşayıb, bircə türklər yaşamayıb, türklər olmayıb, türklər XI əsrdən Səlçuklularla Azərbaycana gəlmişlər deyərək yaxa cırırlar. “Yerli aborigen xalqlar” və “gəlmə türklər” ideyasını təbliğ edirlər. Bu “yerli” və ” “gəlmə”kimi saxta fikirləri yayanlardan soruşuram. Əgər biz türklər Azərbaycana XI əsrdə gəlmişiksə, bəs Kirin başını kəsən Tomris kim idi?. Niyə kəsmişdi Kirin başını? Perslərin hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata kim idi? Nə saxta tarixlər uydurursunuz? Siz e.ə. Vll yüzillikdə Əfqanıstan tərəflərindən bu torpaqlara gəlmədinizmi? Bütün dünya tarixçiləri bu barədə yüzlərlə əsərlər yazmayıblarmı? Mən fars İran tarixini, əski şərq tarixini bir az bilirəm və sizin bütün uydurma təbliğatlarınızı yerlə bir edirəm axı. Sakit oturun. Yalan üzərində dövlət qurmaq, təbliğat qurmaq olmaz. Sizin öz tarixiniz var, bizim öz tariximiz var. Sizin cəmi 3 dövlətiniz olub, bizim onlarla dövlətimiz olub. Bizim 10 minillik bir tariximiz var, sizin 3 minillik bir tarixiniz var. İran tarixçisi Nasir Purpirar ” 12 əsr sükut”adlı əsərində farsların e.ə. VII əsrdə Elam Midiya coğrafiyasına gələrək bütün əski orta doğu mədəniyyətlərini söndürdüyünü yazmırmı? Nasir Purpirar e.ə. Vll əsrdən bizim eranın VII əsrinə qədərki dövrü Orta doğunun qaranlıq dövrü adlandırmırmı? Çünki bu dövrdə Orta doğuda Əhəməni və Sasanlı imperiyaları hakimliyində bütün orta doğu xalqlarının mədəniyyəti, kimliyi məhv edilməmişdimi? Bunu mən yazmamışam axı, öz tarixçiləriniz yazıb. Bu gün də siz 1000 ildir Batının İran adlandırdığı Elam Midiya platosunda dövlət quran Türk millətini assimilyasiya etmirsinizmi? Türk dilini və mədəniyyətini qadağan etməmisinizmi?
Siz yenə də Hz. Hüseynin qutsal adından iatifadə edib Azərbaycan türklüyünü məhv etməyə qalxışarsınız cavabınızı alacaqsınız. Bu dəfə qarşınızda sizin din adı altında gizlənmiş məkrli ideyalarınıza aldanan bir millət olmayacaqdır. İndi Sizə qarşı dirənən, mübarizə edən bir millət var. Əmin olun.
Diqqət etdim, Azərbaycandakı bütün gizli türk düşmənləri bizə erməni kürd adı yapışdırdı, amma türk deməkdən qorxdular. Türkdən qorxurlar və türkü sındırmaq üçün hər yola baş vururlar.
Çoxlu yalan məlumatlar yayırlar. Hz. Hüseynə qarşı mübarizə aparır dedilər, Aşuranı ləğv elətdirməyi tələb edir dedilər, Azərbaycan dilini dəyişmək istəyir dedilər və beləcə çoxlu saçma sapan şeylərdə ittiham olunuram.
Buradan bir daha bildirirəm.
1. Azərbaycan dili yoxdur, türk dili var. Coğrafiyanın adı dilin adına qoyula bilməz. Dili yaradan millətdir. Dil millətin adı ilə adlandırılar. Bizim dilimiz türk dilidir və Konstitusiyada türk dili adı bərpa olunmalıdır.
2. Hz.Hüseynə qarşı mübarizə aparmıram. Hz. Peyğəmbərimizin bütün övladları və əshabələri- Əbubəkr, Ömər, Osman, Hz.Əli, Həsən, o cümlədən də Hz.Hüseyn İslamln böyük şəxsiyyətləridir. Biz İslamı məzhəblərə, firqələrə bölmürük və İslamın bütün şəxsiyyətlərinə sayğımız var. Biz Hz. Hüseynə yox, panfarsizmə qarşı mübarizə aparırıq. Min dördyüz ilə yaxındır ki, Hz.Əli və Hz.Hüseynin, Hz.Ömərin müqəddəs şəxsiyyətləri üzərində fars şovinizminin quruluşlanması və örgütlənməsi prosesi getməkdədir. Əgər bu gün Hz.Əli və Hz.Hüseyn sağ olsaydılar şübhəsiz ki, İslamı fars şovinist miflərindən və siyasi spekulyasiyalarından təmizləyərdilər. Hz.Hüseyn sağ qalsaydı İslamı Farslardan xilas edərdi. Sasanlının Hz.Ömər tərəfindən çöktürülməsi, fars iran dövlətinin dağılması və iranlıların ərəbə məğlubiyyəti, ərəb təbəəsinə çevrilməsi fars millətçiliyini ərəbə və islama qarşı mübarizəyə sövq etdi. İslamı bölmək parçalamaq üçün farslar Hz.Əlini və Hz.Hüseyni Hz.Peyğəmbərin və İslamın əlindən alaraq, farslaşdırmağa cəhd etdilər, bununla məğlubiyyətin qisasını Ərəbdən və İslamdan almaq istədilər. Və din adı altında yeni bir fars millətçiliyi modeli qurdular. Hz. Hüseyni Sasanlıya bağlamaq adına saxta din saxta tarix yaratdılar. Bunu mən demirəm ki, fars alimi Əli Şəriəti deyir. Fars millətinin İslamı necə böldüyünü elə fars olan Əli Şəriəti “Özə dönüş” əsərində bütün ayrıntıları ilə təsvir edib.
Biz əsla Hz. Hüseynə qarşı mübarizə aparmırıq və ona qarşı çıxmırıq. Biz din maskasına bürünmüş fars iran yalanlarına qarşı çıxırıq. Biz deyirik ki, Hz. Hüseyni sevənlər Ermənistanı dəstəkləyə bilməz, əksinə Qarabağın azadlığı uğrunda mübarizə aparar. Erməninin yanında durmaz, bizim yanımızda, din qardaşlarının yanında durar. Əslində erməniləri dəstəkləməklə Hz.Hüseynə qarşı çıxan sizsiniz. Hz. Hüseyn ilkələrini çeynəyən sizsiniz. Biz deyirik ki, Hz. Əlinin və Hz.Hüseynin farslara qarışacaq heç bir yanı yoxdur. 100 illərdir ki, Fars millətçiliyi bu iki böyük şəxsiyyəti istismar erməklə məşğuldur. Farslar islamı bölmüşlər və islamı fars siyasi konyukturları ilə kirlətmişlər. Şüubiyyə, Şiə, İxvanüs-səfa, Şahnamə, İsmaililik, Qərmətilik….batinilik, Rafizilik, nələr, nələr.., sufizm, təkkə, təriqət, ədəbiyyat, fəlsəfə hamsı əski Sasanlını və Kəyan taxtını bərpa etmək cəhdi. Hamsında Şahnamənin ruhu. Panfarsizm faşizmi. Hamsı da ərəbə və türkə yönəlmiş zəhərli ideolojilər. Bu gün İraqda, Suriyada, Əfqanıstanda, Pakistanda, Yəməndə, Azərbaycanda, Türküstanda, Türkiyədə, Borçalıda, bütün orta doğuda Hizbullah və Sepah kimi qarşımıza çıxır. Azərbaycan türkü çoxdan bu zəhərli pers ideolojilərlə zəhərlənmişdir, manqurtlaşmışdır. Azərbaycan Oğuzdan Siyavuşa çevrilmişdir.
3. Biz heç vaxt Aşura ləğv edilsin deməmişik. Biz Azərbaycanda Aşura mərasimlərində farsların və iran yanlıların aktivlik göstərdiklərini demişik. Bəli biz demişik ki, iranın yetişdirdiyi casus şəbəkəsi din adı altında əslində panfarsizmi yayırlar və Azərbaycan dövlətçiliyinə təhlükə təşkil edirlər. Yaxşı bilirəm ki, ölkəmizdə dini fanatizmi yaymaqla ölkəmizi dəyərlər etibarilə İranın bir parçasına çevirmək istəyən qruplar,
Türk düşmənləri məni dini fanatizmin hədəfinə çevirməyi planlayır. Yaxşı bilirəm ki, məni hədəfə çevirmək istəyən güclər var. Çünki biz deyirik ki, Panfarsizmin, paniranizmin qarşısını ala biləcək yeganə güc türkçülük məfkurəsidir. Ölkəmiz nə İranın nə Rusiyanın forpostu olmayacaqdır. Türkçülüyümüzə sarılacağıq. Ölkəmizi və dövlətimizi qoruyacağıq.
Anladınızmı türk düşmənləri. Türk milləti farsın nə dininə, nə dəyərlərinə tapınmaz. Siz ayrı millətsiniz, biz ayrı millətik. Sizin dininizə, dəyərlərinizə sayğı bəslərik, lakin sizin olanı, sizə məxsus olan dəyərləri qəbul edib tapınmarıq. Bizim öz böyük mədəniyyətimiz, dövlətimiz, dilimiz, kimliyimiz vardır. İranşünas alim Minorski yazır ki, farslarla türklər ayranla yağ kimidirlər, heç vaxt qarışmazlar. Fars ənənələrini Azərbaycanda yaymağınıza da izn verə bilmərik. Azərbaycan iran deyil, türkdür, Turandır. Heç İran da Farsistan deyil, bir Turandır. Türklər İran adlandırdığınız Elam Midiya coğrafiyasının hər tərəfinə.yayılmışlar.
Sizin haqqımda apardığınız, uydurduğunuz bütün təbliğatlar yalandır. Yalan ayaq tutar, yürüməz.

Paylaş: