27 Noyabr 2020 09:56

“Lotu Quli”nin ölüm fərmanı Rusiyada verilib

“Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. “Rövşənin qisası alındı” tipli iddialar puç və absurddur”.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Elçin Aloğlu “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun Türkiyədə qətlə yetirilməsi barədə danışarkən bildirib.

O deyib ki, ümumiyyətlə, Nadirin qətli çox müəmmalıdır:

““Onu öz adamı güllələdi” versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 2016-cı ildə  Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm günündəki oxşarlıq müzakirə olunur.

Nadir Səlifovla Rövşən Lənkəranskinin təxminən eyni gündə öldürülməsinin təsadüf olub-olmadığını şərh edən jurnalist E.Alıoğlu belə deyib (R.Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib – Nadir Salifov isə avqustun 19-da-red.):

“Buna kriminal aləmdə “görk messici” deyirlər. Məqsəd azərbaycanlıları həmin aləmdə minimal təsir imkanları səviyyəsinə salmaqdır. Eynən “Əmircanlı Elşən”, yəni Elşən Məmmədovun qətlində olduğu kimi, çoxgedişli kombinasiyadır. Peterburqdakı Turku küçəsində Emin Əhmədovla İsgəndər Hüseynovun saxlanması, maşında “Baykal” tapançasının və üç balaklavanın tapılmasına rəğmən, buraxılması da o kombinasiyanın tərkib hissəsi idi”.

Rövşən Lənkəranskinin qətlini xatırladan Elçin Alıoğlu bildirib ki, onu gürcü “qanuni oğru” Merab Canqveladzenin göstərişi ilə qətlə yetirmişdilər:


“Rövşən Canıyevi, yəni Rövşən Lənkəranskini bilavasitə Merab Canqveladzenin göstərişi ilə güllələdilər.

Taro və Merab Canqveladze gizli şəkildə “Cemo” ləqəbli Camal Mikeladze ilə “Ded Xasan”nın, yəni Xasan Usoyanın qətlini təşkil etmişdilər.
“Şakro Molodoy”, yəni Zaxari Kalaşov 2015-də həbsdən çıxandan az sonra Canqveladze ilə görüşmüş, Rövşənə veriləcək “cəza”nı müzakirə etmişdilər”.

Araşdırmaçı jurnalist kriminal aləmin mövcusluğu haqqında da danışıb:

“Bu aləm həmişə olub və olacaq. Hələ qədim Şumerdə şəhərlərdəki canilərin öz “qardaşlıqları” vardı, “aaon” adlanırdı.

Kriminal aləmin mövcudluğunun vacibliyinə gəldikdə isə – məncə, cəmiyyətin belə qeyri-rəsmi sosial formasiyaya ehiyacı yoxdur. Amma nə etmək olar ki, kriminalitet sosiumun bir hissəsidir və bunu nəzərə almalıyıq.
Ümumimiyyətlə, “kriminal romantika”nın, AUE fəlsəfəsinin qəti əleyhdarıyam. Kütləvi informasiya vasitələrində də kriminalitetin təbliği yolverilməzdir”.

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış azərbaycanlı avtoritet Nadir Səlifov ötən gecə – avqustun 19-da Türkiyədə qətlə yetirilib.
“Lotu Quli” Antalyada birlikdə şam etdiyi “Xan” ləqəbli şəxs tərəfindən başından güllələnib.

Bəzi məlumatlara görə, N. Səlifovu gülləyəyən “Xan” ləqəbli (yuxarıdakı şəkildə solda-red.) şəxs ona yaxın adam olub.

Qeyd edək ki, bu, azərbaycanklı kriminal avtoritetlərin Türkiyədə öldürüldüyü 3-cü hadisədir

Belə ki, 19 avqust 2013-cü ildə Türkiyədə azərbaycanlı “qanuni oğru” Əlibaba Həmidov (Qoca Yasamalinski) qətlə yetirilib.

2016-cı il avqustun 18-də məşhur “qanuni oğru” Rövşən Lənkəranski Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.

“Lotu Quli” isə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb.

“Qoca”nın ölümündə Rövşən Lənkəranski, Rövşənin ölümündə “Quli” təqsirləndirilirdi.


Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

Paylaş: