27 Noyabr 2020 09:11

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? – Müəmma

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Turkustan.info  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı “qanuni oğru”dur.

Belə ki, bundan 7 il öncə kriminal aləmdə “Qoca Yasamalski” kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. İddialara görə, “Qoca”nı öldürməyi Lənkəranski əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmidov xəstəxanaya aparılarkən yolda ölüb və ölərkən Alaşovaya sadəcə bir kəlmə — Rövşən deyib.
Fotoda Əlibala Həmidov
Həmin hadisədən 3 il sonra, yəni 2016-cı ildə isə məşhur “qanuni oğru”, kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Caniyev İstanbulun Beşiktaş rayonunda uğradığı sui-qəsd nəticəsində öldürülüb.
Əlibala Həmidov Nadir Səlifovun klanına daxil olub. Elə buna görə də iddia olunur ki, Quli Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində oturarkən Həmidovun ölümünə görə Canıyevi aradan götürməyi əmr edib.
Burada ən maraqlı məsələ hər üç “qanuni oğru”nun ölüm tarixləridir. Belə ki, Lənkəranski və Qoca Yasamalski 18 avqustda, Nadir Səlifov isə 19 avqustda öldürülüb. Bu isə qisas iddialarını bir qədər gücləndirən məqamdır.

Paylaş: