25 Sentyabr 2020 02:11

Abbas Səhhətin dünyagörüşündə azərbaycançılıq və milli maarifçilik

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

I Yazı

Şamaxıda ruhani ailəsində dünyaya gələn Azərbaycan Türk mütəfəkkiri Abbas Səhhət (1879-1918) bir müddət  Qacar­lar dövlətində yaşamış, Məşhəd və Tehran şəhərlərində tibb ixtisası üzrə təhsil almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə Türk (Azərbaycan) dilindən dərs demişdir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayan Səhhətin 1903-cü ildən məqalələri “Şərqi-Rus” və başqa qəzet-jurnallarda çap olunmuşdur.

“Yeni üslublu məktəblər” ideyasının müdafiəçisi olan A.Səhhət o dövrdə Bakıda nəşr olunan jurnal-qəzetlərdə ardıcıl qaydada çıxış etmişdir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Səhhət, o dövr Türk oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Qorki və b.), fransız (Hüqo, Müsse və b.), alman (Höte, Şiller və b.) ziyalılarının əsərləri ilə tanış etmişdir. O, 1918-ci ilin martında dünyasını dəyişmişdir.

Onun əsas əsərləri aşağıdakılardır: “Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi” (1914), “Sınıq saz” (1912), “Kasıblıq eyib deyil” (1912), “Qərb günəşi (tərcümələr toplusu)” (1912), “Türk dilinin üçillik tədrisi üçün dərslik (həmmüəlif, 1912), “Yeni məktəb” (həmmüəlif, 1912), “Əhmədin qeyrəti”, “Şair, şeir pərisi və şəhərli” (1916) və b.

Səhhət yaradıcılığının ilk dövrlərində müsəlman xalqları, o cümlədən türkləri oyanmağa, inkişaf etməyə bir sözlə maariflənməyə çağırmış, çıxış yolunu dini elmlərlə yanaşı dün­yəvi elmləri də öyrənməkdə görmüşdür. O, “Dəvət” şeirində yazırdı ki, artıq “islam evi” viran olduğu üçün elm yoli ilə din həyatını yeni-dən canlandırmaq və millətin nicatına çalışmaq lazımdır.

Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.

Elm ilən hasil olur izzət, tapar millət nicat.

Səy edin ta bizlərə əhsən etsin kainat,

Elmsiz ömr etmədən min dəfə ərcəhdir məmat.

Keçdi dövrizuribazu, elmüfəzl əyyamıdır!

Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

 

Bax, əcanib bərrü bəhrə elmilə sultan olub,

Cəhlü qəflətlə vəli islam evi viran olub.

Dideyidinpərvəran bu hala xunəfşan olub.

Çarə axtarmaq gərək, həm əhdü həm peyman olub.[1]

Ona görə, müsəlman xalqları Qərb xalqları kimi qəflətdən oyanıb yeniləşmə “gülşəni”ndə yer tutmaq istəyirsə ixtilafa, təfriqəyə son qoymalı, elm yolu ilə millətin ehtiyaclarına vaqif olub həllinə çalışmalıdır. İslamın da insanları elm öyrənməyə sövq etdiyini, eləcə də yeniləşməyə tərəfdarı olduğunu deyən, Səhhət “Nitqi-mən­zum” şeirində yazırdı ki, “Türk oğlu və müsəlman balası” cahil qalma­malı, yenidən türklüyün və islamlığın əsil mahiy­yətinə varmalıdır:

Din getdi, vətən getdi, dəyanət unuduldu,

İslamdan ancaq quru ad virdi-zəbandır.

İslama yaraşmaz bu qədər iczü-rəzalət.

Bica yerə islam adını qoyma, yalandır.

İslam olanın elmü kəmalı gərək olsun,

Əslafımızın şöhrəti məşhuri-cəhandır.

Türk oğlu, müsəlman balası cahil olarmı?

Billah, belə eybi daşımaq xeyli girandır.

Elm ilə, şücaətlə gərəkdir yaşayaq biz,

Fitrət dəyişir, sanma bu qan yenə o qandır.

Quran bizə buyurubdur alim gərək olmaq,

Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır.

Qanunihəyatdır: yaşamaz cahil olan qövm,

Səy eylə oxu, qeyrət elə, qardaş, amandır! [2]

Deməli, bu gün islamın quru adının qalması, millətin və vətənin çarəsiz vəziyyətdə olması bir reallıqdır və ondan çıxış yolları axtar­maq lazımdır. Səhhətə görə ümmət (müsəlman), millət (türk), milliy­yət (Qafqaz türkləri) və vətən (dar mənada Qafqaz, geniş mənada İslam-Türk aləmi) üçün əsas çarə də qəflət yuxusundan ayılıb xarici­lərin qabağa düşdüyü bir zamanda geridə qalmağa son qoymaq üçün elm, millət və mədəniyyətdən yapışmaqdır. O, yazırdı: “İndi millət, mədəniyyət dəmidir, Rahi-ümmətdə həmiyyət dəmidir”. [3] Bu baxımdan Səhhət vaxtilə dünyaya işıq saçan (“dünyaya pərtövkən”), hürr olan ümmətin, millətin, vətənin (“Qafqaz qitəsidir mənim vətən­im” [4]) indi zülmət içində, kölə kimi (“hürr ikən əbdi-natəvan oldun”) yaşaması ilə razılaşa bilmirdi. [5] Onun nəzərdə tutduğu müsəlman ümməti, Türk milləti, İslam-Türk coğrafiyasının övladları vaxtilə Qərbə-Avropaya elmdən, əxlaqdan dərs vermiş, hərb meydan­larında qalibiyyət sevincləri yaşamışdır. Ancaq artıq “qaçıb elmin pərisi kişvəri-islamdən Qərbə” deyən, Səhhətə görə bu gün Şərq aləmində elm əvəzinə cəhalət, avamlıq dolaşmaqda, “din adı altında dinsizlik” hökm sürməkdədir. [6] Səhhətin fikrincə, bu baxımdan bir tərəfdən bu gün İslam dininin dünyada xar, hörmətsiz, izzətsiz olma­sını dərk etməklə yanaşı, digər tərəfdən millət, milliyyət hissini oyadıb yenidən toparlanmaq zamanıdır. O, yazırdı:

Bir eylə təfəkkür, necə gör xar olub islam,

Ənvaibəlaya giriftar olub islam,

Bizzətü, bihörmətü, biar olub islam,

Ancaq quru bir ada nigahdar olub islam

 

Afaqi tutub qülğüleyibangicəzaid.

Əqsamitərəqqivü təalüvü fəvaid.

Amma olur islamda qəflət mütəzaid.

Bu dərdə edin çarə ki, Səhhət ola aid,

Milliyyəti yad eyləyin, ey millətinaci!

Pək təhlükəli xəstədir islam məzaci. [7]

Bizcə, bu və digər maarifçi şeirlərində müsəlman ümməti, islam aləmi ilə yanaşı Səhhətin yavaş yavaş  millətdən (Türk), milliyyətdən (Qafqaz, o cümlədən Quzey Azərbaycan türklərindən), milli vətəndən (Qafqaz, o cümlədən Quzey Azərbaycan) bəhs etməsi təsadüfi olmamışdır. Artıq Səhhət müsəlman türkləri­nin, o cümlədən Qafqaz türklərinin əsas nicat yolu kimi islamlığı, islam birliyini deyil, türk birliyini, türklüyü, türk vətənini önə çəkirdi: “Şişə çəksəz də diriykən ətimi, Atmaram mən vətənü millətimi. Məsləkim tərcümeyi-halımdır. Lütfi-həq qayeyi-amalımdır”.[8]

Səhhət haqlı olaraq yazırdı ki, din, dini məzhəbçilik dövründə nəinki islamın əsil mahiy­yətindən uzaqlaş­mışıq, eyni zamanda millət, milliyyət yolunu da itirmişik. Bizcə, bütün bunlar türklüyü təhrifə uğardılmış islam dini daxilindəki məzhəblərin içində əridilən Azərbaycan türklərinin çox keçmədən bir hissəsinin (Qafqaz türklərinin) Çarlığın işğalı altında qalması, digər hisəsinin isə (Qacariyyə türklərinin) ingilis ideoloqlarının təbliğ-təşviqatının qurbanına çevrilməsinin nəticəsi idi. Hər halda Qacarlar dövləti 19-cu əsrin əvvəllərində keçmiş Səfəvilər dövlətinin tamamına sahib çıxa bilmədiyi kimi, 20-ci əsrin əvvəllərində avropalı­ların ideoloji oyunlarının qurbanı olaraq türklüyə-türk dünyagörüşünə də əsasən arxa çevirmişdir. Belə olduğu təqdirdə, Çarlığın işğalı altında olmaqla yanaşı, üstəlik 19-cu əsrin əvvəllərinə qədər əsasən birgə həyat sürdüyü Türk dövlətçiliyinin iranlılaşdırılması nəticəsində  Qacarlar­dan əlini üzən Qafqaz, o cümlə­dən Quzey Azərbaycan türkləri üçün əsas yol milliyyət xətti idi. Ancaq bu milliyyət xəttini ortaya qoymaq üçün də bir tərəfdən dinə, dini məzhəblərə baxışlar köklü şəkildə dəyişməli, digər tərəfdən son əsrlərdə inkişafa üz qoyaraq dünyanın hegemonuna çevrilməyə başla­yan Avropa-Qərb mədəniy­yətinə münasibəti doğru müəyyənləşdirmək idi.

Bizcə, Səhhət də, məhz bu iki amili əsas tutaraq bir tərəfdən din dövrü zamanının artıq bitməsini, digər tərəfdən milliyyət məsələsinin vaxtının gəlməsini ifadə etməyə çalışmış, bunun üçün də Avropa xalqları kimi, elm və sənayedə inkişaf etməyi vacib saymışdır.  Bu amilləri də nəzərə alaraq Səhhət Avropa xalqlarının ədəbiyyatının ana dilimizə tərcüməsinin zəruri olduğunu vurğulamışdır. Onun fikrincə, avropalılardan elm və texno­logiya öyrənmək isə kafirlik əməli deyil, əksinə, islam dininə, millət mənafeyinə uyğundur. Çünki İslam dininin peyğəmbəri (s) də buyur­muşdur ki, elm hansı ölkədə olursa olsun onu öyrənmək lazımdır. O, yazırdı: “Elm heç bir millətin malı deyildir! Hər kəs yiyələnmək istəsə onundur. Bu mətləb məni vadar etdi ki, Qərb ədəbiyyatından bəqədri-qüvvə öz dilimizə tərcümə etməklə əhalimizi onların asarına aşina edim. Tainki o şümusi-elmü irfanın ənvari-şüəsilə bizim də zülmətdə qalan duyğularımız işıqlansın. Xarici lisanlarına aşina olmayan şairlərimiz onlara nəzirə yazmaqla yeni-yeni, gözəl-gözəl əsərlər meydana gətirsin. Bununla bizim də ədəbiyyatımız dövlətlənsin və tərəqqi etsin”. [9]

Ancaq Səhhət avropalıları tamamilə təqlid etməyin də əleyhinə idi. Çünki hər şeydə onları təqlid etməklə imanımızı və milli hürriy­yətimizi məhv edə bilərik: “Məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiələrə təslim edirik. Bədbəxt balalarımızı dünyanı bil­məmişdən, tanımamışdan ruhunu zəhərləyib öldürürük. Doğrudur, öv­ladımız zahirdə ölüb qəbrə getməyir, lakin həqiqətdə ruhu ölür, vücu­du canlı bir məzar şəklini alır. Çünki insanın həqiqi ruhu dəyanət və millətdir. O zəhərləndikdən sonra, o məhv olduqdan sonra yerdə nə qalır? Ruhsuz bir qəlb, cansız bir cəsəd! Biz bununla mədənləşmirik, fəqət, avropalılara bir nəfər də avropalı qazandırırıq, “biz” isə yox oluruq! Canım! Bu qədər laqeydlik olarmı? Kim ki, iki kəlmə “net” ilə “yes”i bildi, dırnaqlarını uzadıb, başına altı şahılıq şapka keçirdib daha islamiyyəti, milliyyəti tanımır. Əsla türkcə danışmağa, oxumağa rəğbət etmir”.[10]

Avropalaşan, ruslaşan türklərin evlərində Avropa və Rusiya ədibləri­nin əsərləri olduğu halda, bir vərəq türkcə yoxdur deyən Səhhət yazır­dı ki, “avropapərəstlər”, “rus­pərəstlər” yalnış-doğru rusca, fransızca danışır, Türk yox, Rus ya da Avropa qəzet­ləri alırlar: “Hər şeydə Avropa ədəbini, əxlaqını təqlid edirik, bəs millətpərvərliyi, vətənpərvərliyi nə üçün onlardan görüb götür­məyirik?”.[11] O, yazırdı ki, Avropa ruhunun havası ilə vətənini, millətini sevənlər az olduğu kimi, Türk dilini öyrənmək istəyənlər də çox deyildi. O, yazırdı:

Deyirəm hər zaman ki: “Qeyrət edin,

Türk dili bir gözəl, şirin dildir,

Onu öyrənməyə həmiyyət edin”.

Etməyir kimsəyə sözüm təsir,

Oluram gündə bir sayaq dilgir.[12]

Səhhət satirik anlamda yazırdı ki, Ana dilimizdə-Türk dilində yazmağı, öyrənməyi özünə ar bilənlər, ona xor baxanlar bəlkə də “haqlı”dırlar. O, yazırdı:

“Ana dili gərəkdir”, nahaq yerə bəhs açma,

Biz məhv olmaq istərik, yoldaşlıqdan heç qaçma,

Bizə təmiz insan tək ömür eləmək, yaşamaq,

Çox eyibdir Türk adın bizə daim daşımaq.

Gəl gedəlim kef ilə meyxanəyə, içəlim!

Həm mülkdən, millətdən, dinimizdən keçəlim! [13]

[1] Səhhət Abbas. Seçilmiş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005, s.34

[2] Yenə orada, s.64

[3] Yenə orada, s.37

[4] Yenə orada, s.81

[5] Yenə orada, s.41

[6] Yenə orada, s.45

[7] Yenə orada, s.35

[8] Yenə orada, s.58

[9] Yenə orada, s.264

[10]Məmmədov M.Azərbaycan ədəbi tənqidi.Müntəxabat.Bakı,“Tural-Ə”NPM,2002, s.246-247

[11] Yenə orada, s.247

[12] Səhhət Abbas. Seçilmiş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005, s.152

[13] Yenə orada, s.104

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri