22 Sentyabr 2020 19:00

Abbas Səhhətin dünyagörüşündə azərbaycançılıq və milli maarifçilik

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

 

II Yazı

 

Abbas Səhhət bu günümüz üçün də aktual olaraq yazırdı ki, məktəblilər təhsilini bitirib qızıl nişanlarını alsalar da milli tarixdən, milli dildən, bir sözlə milli hissdən, milli ruhdan çox uzaqdırlar:

Tifli-məsumlar imtahan tutdu,

Başlarında bilik məkan tutdu.

Aldılarsa qızıl nişanlarını,

Heyf bilməzlər öz lisanlarını.

Əcnəbi dillərində çox mahir,

Öz lisanında dilləri qasir.

Atalar çoxları əvamünnas,

Öz yanında edir bu növ qiyas:

“Öz dilindən heç olmasın xəbəri,

Onu bilməkliyin nədir səməri?”

Öz dilin bilməmiş yarım-yaqmalaq,

Tərbiyət alsa əcnəbidən uşaq,

Hissi-milliyyət onda bitməzmi?

Adı dünya üzündə itməzmi? [1]

Bu baxımdan, yenə də ironik anlamda “millət məslək, əqidə boş sözdür, ay canım” deyən Səhhət yazırdı ki, bu cür düşünənlərə görə, qövmiyyəti rədd edib milliyyəti də, dili də atmaq lazımdır. [2]

Onun fikrincə, ziyalılar dillərinə, milli adət-ənənələrinə yad gözü ilə baxarlarsa, “onu istiqbala götürəcək, yaşadacaq kim qalar? Milləti kiçik görən insanlar yaşamağa deyil, ölməyə məhkum­durlar”.[3] Səhhətə görə, vaxtilə də Türk xalqları təsir altına düşmüş və bundan çıxmağı bacarmışlar: “Təəssüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir naqislik vardır. Qədimdən bəri bu çirkin adət bizdə mövcuddur. Səviyyəyi-mədəniyyəsi bizdən yüksək olan əqvamın lisanına, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışıq. Məsələn, bir vaxt ərəblərin təhti-hakimiyyətində  olduğu­muz zaman onların lisanlarına, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Farabi kimi dahilərimiz türk oğlu türk olduqları halda on cildlərlə baliğ olan qiymətli əsərlərinin heç birini türkcə yazmamışlardır. Onlardan sonra yetişən türk şairləri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlərimiz, ədiblərimz dursun, hətta bütün türk sülaləsindən yetişən hökmdarlarımız, padşahlarımız da yazdıqları, qonuşduqları dil fars dili olmuşdur”. [4]

Səhhətə görə, vaxtilə olduğu kimi indinin özündə də, yalnız dildə deyil, başqa məsələlərdə də özümüzə xor baxıb özgələşməyə meyilliyik. O, yazırdı: “İş əgər yalnız bir dil bilməyə qalsaydı, yenə dərd yarı idi. Xeyr, əsl əngəl orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissiyyatına qapılmaqda çox laübalıyıq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşikardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərək izzəti-nəfs, gərək alicənablıq olsun. Əgər belə deyilsə, bəs bugünkü gündə bu millətlər müharibəsi nə üçündür? Yəqin ki, bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək?”. [5]

Səhhət hesab edirdi ki, əgər millət kimi yaşamaq istəyirsək çalışmaq, yəni qəzetlər nəşr etmək, cəmiyyətlər təşkil etmək və avam kütlənin başını bir yerə toplayıb “ümumi ruhu yeniləşdirmək” və azad olmaq lazımdır. O, yazırdı: “Əfradi-millətdən hər kəs gərək öz öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin. Xassə bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsək, gərək çalışalım. Gərək lamə halə qonuşlarımızda gördüyümüz səy üsullarını qəbul etməkdə tərəddüd göstərməyəlim, qəzetlər, risalələr nəşr edəlim; cəmiyyətlər təşkil edəlim; avam kütləsinin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım”.[6]

Səhhətə görə, əgər hürriyyəti sevirik, hürriyyət və cümhuriyyət tərəfdarıyıqsa onlara da sahib çıxmalıyıq.[7] O, yazırdı: “Cümhuriyyəti-idarəyə malik olmaq üçü bizdə cümhuriyyəti-ruh varmı, ya yox? Yoxdur. Fəqət millətin çox az bir hissəsi öz hüquq və vəzifəsinə, bəşəriyyət haqqına, insanlıq vəzifəsinə bəhəqq arif və alimdir. Lakin avam kütlə, cümhuri-nas o vəzifələrdən, o haqlardan bixəbərdirlər. Əgər  milli məktəblərimiz olsaydı, əgər millətimizə xor baxmasaydıq, yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunsaydı bugünkü gün bu hala qalmazdıq”. [8]

Səhhət bir məsələni doğru anlamışdır ki, vaxtilə elmdə, sənətdə, yeniləşməkdə, hərbdə böyük uğurları olan bir millətin son əsrlərdə uğursuzluğa düşməsi təsadüfi deyil. Ona görə millətin alim ikən yatıb cahil olması, sənətdən uzaqlaşması, məzhəblərə üz tutması, mədəniyyətdə geriləməsi buna əsas səbəb olmuşdur. [9]

Qeyd edək ki, Səhhətin sosial-siyasi görüşlərində utopik baxışları və romantik düşüncələri də öz əksini tapmışdır. Xüsuilə də, onun “Yad et!”, “Yuxu” və başqa bu kimi şeirlərində utopik düşüncələrinü görürük. O, “Yad et!” şeirində yazırdı ki, vaxtilə böyük bir şanlı keçmişi olan islam xalqlarının gələcəkdə də buna nail olması mümkündür. O, yazırdı:

Vəqta ki, gələr o şanlı əyam,

Olmaz günə əbri-tirə hal,

Hər yerdə olar güruhi-islam,

Qanuni-təkamül ilə kamil.

Bir fəcri-həyatbizi-ürfan,

Saçdıqca cahana nuri-hikmət,

Bir çöhreyi-xəndərizü şadan –

Verdikcə cahaniyanə nəzhət,

Yad et məni, arifanə yad et! [10]

O ümid edirdi ki, bir gün müsəlman xalqlar yenidən tərəqqiyə üz tutacaq və cəhalət dövrünü yada salıb təəssüflənəcəkdir:

Vaxta olar ittihadi-ara,

Qalxar bu təanüdü təxəllüf.

Islam olar ülmü fənnə dara,

Mazisinə eyləyər təəssüf. [11]

O, “Yuxu” (1912) adlı şeirində də təkamül nəticəsində ideal cəmiyyətə nail olmağı mümkün hesab edirdi. Onun fikrincə, bu dünyada hazırda nə qədər haqsızlıq, ədalətsizlik, elmsizlik olursa-olsun, bir baxt gələcək bütün bunlara son qoyulacaq və ideal cəmiyyət bərqərarar olacaqdır. Sadəcə, hələlik o, arzuladığı ideal cəmiyyəti “yuxu”sunda görürdü:

Gördüm ki, bir rəna çəmənlikdəyəm,

Dörd yanımda var al-əlvan çiçəklər;

Bənövşəlik, yasəmənlikdəyəm,

Könül açır yavaş əsən küləklər,

Uçur, qonur ağaclara bülbüllər,

Əfşan-əfşan durmuş yaşıl sünbüllər.

Fəvvarələr atır, axır bulaqlar,

Yeridiyim yollar parlaq, sədəfli.

Açılmış güllər, göy, yaşıl zanbaqlar,

Bir cənnətdir bu gülşən hər tərəfli. [12]

Ancaq şair ideal bir cəmiyyəti arzu etməklə bərabər yaxşı dərk edirdi ki, bunun üçün hərəkət etmək, mübarizə aparmaq lazımdır. Çünki yuxuda “gerçəkləşən” ideal cəmiyyət bir anlıqdır və insan oyanan kimi o da, “yox” olub gedir. Bunun təsiri altında olduğu üçün də, şair yuxuda olarkən belə rahatsızmış. O, yazırdı:

Hərçənd çox nəşəlidir məskənim,

Yer, göy, ətrafım olmuşdu qərqi-nur.

Nədənsə çırpınırdı könlüm mənim,

Oturmuşdum mən o yerdə bihüzur.

Çox keçmədən heç bilmirən nə oldu,

Birdən o dadlı mənzərə pozuldu.

Bir zülmatə bulud qopdu şimaldan,

Puç eylədi, dağıtdı ol cənnəti. [13]

Şairin yuxusunda belə gördüyü ideal cəmiyyətin “şimal”dan gələn “zülmatlı bulud” tərəfindən dağıdılması təsadüfi deyildi. Səhhət burada Çarlığın işğalını nəzərdə tutmuş, ancaq bu dəfə bunu “yuxu”da gördüyü üçün, yuxunun təbirini xeyrilyə yozmuşdur. [14]

Hesab etmək olar ki, Səhətin sosial-siyasi utopiyası əslində onun görmək istədiyi gerçəkliklə bağlı olmuşdur. Başqa sözlə, şair bir tərəfdən keçmiş varisliyə də əsaslanaraq ideal cəmiyyəti arzu etmiş, onun təsvirini vermiş, digər tərəfdən də bunun reallaşması üçün yuxarıda da gördüyümüz kimi, ümmət, millət və vətən naminə milli maarifçi olaraq mücadilə etmişdir.

Onun fəlsəfəyə aid fikirləri Mahmud Mahmudbəyovla birlikdə müəllifləri olduqları “Yeni məktəb” kitabında daha çox öz əksini tapmışdır. Onlar kitabın “Göydə nə görürüz” fəslində kainat və günəş sistemi ilə bağlı yazırdılar: “Biz gögdə aydın və buludsuz günlərdə Günəş, gecələrdə sansız yıldızlar, Ay və neçə ildən bir quyruqlu yıldız görürüz. Bu gördüklərimizə əcsami-səmaviyyə və ya gök cisimləri deyilir. Günəş gözümüzə qürs şəklində görünür. Həqiqətdə Günəş neçə min dəfə Yerdən böyük bir kürədir. Bizim onu böylə kiçik görməyimiz fəqət onun bizdən əql yeriməz uzaq bir məsafədə olmağıdır. Onun fasiləsi bizdən o qədər uzaqdır ki, əgər dəqiqədə on dörd verst yol gedən bir bir top gülləsi də durmayıb bu qayda ilə gedə, ancaq igirmi ildə gedib Günəşə çata bilər. Ay da yenə bizə qürs şəklində görünür. Həqiqətdə o da kürədir. Ay yerdən dəfələrlə kiçikdir. Amma bizim nəzərimizdə Ayın Günəş boyda görünməsi onun Günəşə nisbətən bizə çox yaxın olmasındadır. Günəşin işığı özündəndir. Amma Ayın işığı özündən olmayıb Günəşdəndir”.[15] Onlar daha sonra Yer kürəsi haqqında da yazırdılar ki, o da kürə şəklindədir. Özü də Yer kürəsi bir çox yanlış etiqadlarda olduğu kimi heç bir şeyin üstündə qərar tutmamışdır.

Onların maraqlı iddialarından biri də odur ki, şüurun ancaq insana aid edilməsi doğru deyildir. Onlar hesab edirdilər ki, digər məməlilərdə şüur, əql yoxdur demək, çox da məntqili deyil, digər məməlilərdə də az-çox əql vardır. [16]

Müəlliflər bu əsrdə duyğu və duyğu üzvləri haqqında da bəhs olunur və daha çox materalizmə meyillik hiss olunur. [17] Müəlliflər yazırlar: “Beş duyğu üzvlərinin hər birinə məxsus sinirləri var ki, beyinə qədər uzanmışdır. Bu sinirlər vasitəsilə duyğu üzvündən beynə və eyni vəqtdə beyindən üzvə qayıdır. Biz bu yolla zahiri dərk edirik, görürük, eşidirik, iy bilirik”. [18]

“Tərəqqi və təbiətin qanunu” adlı əsərində Səhhət dünyayla insanı müqayisə edir, təkamül məsələsinə toxunurdu. O, yazırdı:

Deyirdim ki, dünya bir şəxsə bənzər,

Doğar, törər, nümüv edər, yüksələr.

İnsan kimi hər dövrə bir az yaşar,

Sonra yavaş-yavaş ixtiyarlaşar.

Ölər, qalar bir-iki viranəsi,

O da olar bayquşların lanəsi.

Bir müəyyən qanun üzrədir həyat,

Bir doğuş, bir təkamül, bir inhitat.

Böylə qoyulmuş aləmin banisi,

Dəyişməkdir tərəqqinin əsası.

Dəyişmək olmasa tərəqqi olmaz,

Təbiətin bu qanunu pozulmaz.

Fəlsəfə tarixçisi, dosent Müstəqil Ağayev hesab edir ki, “təbiət hadisələrində dəyişilmə hadisəsi baş verdiyini bildirən A.Səhhət bu dəyşilmə qanununu tərəqqi və təkamülün əsası hesab edir. Həm də belə bir müddəa irəli sürür ki, təbiətin bu qanunu əbədidir, pozulmazdır. Onun fikrincə, dünyanın əsası belə qoyulmuşdur, bu qanun əzəli bir qanundur”. [19] Bizcə də,  təkamül və tərəqqinin mümkünlüyündən bəhs edən Səhhət, bu qanunu sosial hadisələrin inkişafında da görmüşdür:

Dəyişməklə mümkün olur təkamül,

İnsan doğar, törər, edər tənasül

Təbiətdən gərək alınsın ibrət,

Təsəddüdlə olur bəqayi-millət. [20]

[1] Yenə orada, s.182

[2] Yenə orada, s.104-105

[3] Məmmədov M. Azərbaycan ədəbi tənqidi. Müntəxabat. Bakı,“Tural-Ə” NPM, 2002, s.248

[4] Səhhət Abbas. Seçilmiş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005, s.266

[5] Yenə orada, s.267

[6] Yenə orada, s.266

[7] Yenə orada, s.274

[8] Yenə orada, s.271

[9] Yenə orada, s.128-129

[10] Yenə orada, s.43

[11] Yenə orada, s.43

[12] Yenə orada, s.77

[13] Yenə orada, s.78

[14] Yenə orada, s.78

[15]Səhhət A., Mahmudbəyov M. Yeni məktəb. Bakı, 1919, s.153-154

[16]Yenə orada, s.89

[17] Rüstəmov İzzət. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX əsr-XX əsrin əvvəli). Bakı: Diplomat, 2001, s.393

[18]Səhhət A., Mahmudbəyov M. Yeni məktəb. Bakı, 1919, s.82-83

[19] Ağayev M. Abbas Səhhət (Fəlsəfi və sosial-siyasi görüşləri).  Bakı, Elm və təhsil, 2010, s.13

[20] Səhhət Abbas. Seçilmiş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005, s.56

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri