27 Oktyabr 2020 16:07

Abbas Səhhətin dünyagörüşündə azərbaycançılıq və milli maarifçilik

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

III Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Abbas Səhhətə görə, bəlli bir qanun üzrə olan həyatın bir doğuşu, bir təkamülü və bir də sonu vardır. Tərəqqinin əsası dəyiş­məkdir, insanlar, millətlər də bu tərəqqiyə uyğun olaraq doğulur, böyüyür və ölürlər. Sadəcə, insanın və millətlərin “ölüm”ü ilk baxışda fərqli görünsə də, əslində vəhdətin tərkib hissəsidir. O, yazırdı:

Dünyanın əvvəlindən ta bu halə

Aləmdə olmuş min-min istihalə.

Hanı əski Roma, əski yunanlar?

Hanı əski tərəqqilər, imranlar?

Min-min belə saysız binalar yaxmış,

Sonra yeni bir mədəniyyət çıxmış. [1]

Səhhətin fikrincə, bütün bunlara məna verən də Allahdır ki, ancaq insan bunu başa düşməkdə acizdir. O, “Tohid” adlı şeirində isə Allahın təkliyi ideyasını əsaslandırmağa çalışmışdır:

Nurdan zərrə doğdu, nerdən nur?

Fikir qıldıqca hər qədər insan,

Olur əlbəttə aqibət heyran.

Acizəm dərki-sirri-xilqətdən,

Kimdir agah olan həqiqətdən?

Nə xəfadır, xəfası eyni zühur,

Zahir ikən olub vəli məstur…

Varlığın gün kimi nümayandır,

Buna hər zərrə faşi-bürhandır.

Limənil mülk əmrin et izhar,

Əntə Allah vahidül qəhhar.

Gərçi dərk etmirik həqiqətini,

Görürük leyk şanü qüdrətini.[2]

Yaradanın böyüklüyünü, mükəmməliyini tərif edən Səhhət hesab edirdi ki, insanlar Tanrının yaratdığı kainatın da ancaq zahirini dərk etmək gücündədir, mahiyyətini yox:

Kainatın rümuzi-xilqətinə,

Kimsə vaqif deyil, bu zahirdir.

Xaliqi-aləmin hüviyyətinə,

Öz vücudun dəlili-bahirdir. [3]

O, qnoseoloji anlamda da bir sıra fəlsəfi suallara cavab axtarmış, bacardığı qədər həmin sualları təhlil etməyə çalışmışdır:

Bildinmi, nədən ötrü verilmiş sənə qüvvət?

İdraki şüur, əqlü zəka, ruhü dərayət?

Bildinmi, həyatın nədir amalı, səlahı?

Tənha gecələr uykusuz açdınmı sabahı? [4]

Deməli, Səhhət bir çox gecələri sabaha qədər Yaradan və yarananlar haqqında düşünmüş, bir çox suallara cavab axtarmağa çalış­mışdır. O, göstərirdi ki, insan hissiyyatı təbii və süni hisslərə əsaslanır. Onun fikrincə, hazırda da təbii hisləri bir kənara qoyaraq süni hissiyyatla yaradıcılıqla məşğul olmaq doğru deyil. Çünki süni hissiyyatla deyil, təbii hissiyyatla insanlara təsir etmək mümkündür. O, yazırdı: “Hissiyyatı-cəliliy­yənin kimsəyə təsiri ola bilməz. Hissiyyati təbiyyədir ki, başqasına təsir edər”. [5]

Onun yaradıcılığında müəyyən qədər etik, estetik məsələlərə də rast gəlmək olur. Səhhət şeirlərində ədəbi-estetik məsə­lələri romantik duyğularla yanaşı təbii hislər əsasında da real həyat təsviri verməyə çalışmış, ədəbiyyatın millətə xidmət etməli olduğuna inanmış və buna əməl etməyənləri tənqid etmişdir. O, yazırdı:

Gər adın bir ədibi-danadır,

Qələmin möcüzi-Məsihadır.

Nəzmü  təlifdə hünərvərsən,

Ya ki, bir şairi-süxınvərsən,

Sənə mafövqdən gəlir ilham,

Nəf görmürsə firqeyi-islam,

Tüf sənə, həm sənin kitabətinə. [6]

Səhhət yazırdı ki, elmli bir insan millət yolunda çalışmaq, vətənin dərdinə əlac olmaq, ona möhtac olan soydaşlarına sahib çıxmaq əvəzinə cibini, şəxsi marağını güdürsə, beləsinin elmi də, fəziləti də boş şeydir. O, “Naseh” şeirində də açıq göstərirdi ki, şair, ziyalı deyilən real həyat təsvirlərindən yazmalı, azad olmalı, yəni saray şairi olub xalqa yalan danışmamalı, məddahlıq etməməlidir:

Müstəbidlər yaşamaqçün rahət

Şairi əldə ediblər alət.

Bəxş edib şairə ənamü səlat,

Rahət etmiş bu da imrari-həyat,

Gecələr məst, gündüz dərdi-xumar,

Yatmışı yatmış edərmi bidar?

Mədhü tövsifü qəsaid yazmış,

Qəzəliyyatü fəraid yazmış,

Nəzm edib ləhvü ləəb, həzliyyat,

Dürlü əxlaqı pozan həcviyyat,

Xalqı əfsanəyə işğal etmiş,

Bir böyük milləti iğfal etmiş. [7]

Ona görə, əgər dahi bir alim müstəbidin, zalımın yanında yer alıb millət, vətən üçün çalışmırsa, o zaman həmin cəmiyyətin vəziy­yəti də çox ağır olacaqdır. Bu anlamda özünü millət, vətən yolunda fəda edən Səhhət yazırdı ki, millətin halına biganə, laqeyd qalmaq yol verilməzdir. Ona görə əsil alim, şair gecə-gündüz millət üçün çalışıb çoxlu zəhmətlərə, zillətlərə, çətinliklərə sinə gərməlidir. [8]

Hər zaman ədəbi-estetik anlamda insan­lıq vəzifəsini millət və vətən anlayışları ilə bərabət tutan, hətta ondan üstün tutanlar da tapılır. Bəs, Səhhət üçün insanlıq nə deməkdir və o, milli-dini anlayışlardan nə ilə fərqlənir, ya da üst-üstə düşür? O, yazırdı:

Namusi-rəayani çəkən bir ümarəyə,

Əlbəttə, dilü canla itaət gərək olsun.

İnsanlara xidmət  edən ərbabi-dühayə,

Təkrim edilib şəni, riayət gərək olsun.

 

Onlar ki, bizə rahibəri-elmü ədəbdir,

Şükraneyi-ehsanların ifa edərik biz.

İnsanlara insanlığı təlim səbəbdir,

Həqdən olara ömür təmənna edərik biz. [9]

Xüsusilə də, o, “Şair, şeir pərisi və şəhərli” əsərində insanlıq məsələsinin üzərində xüsusi dayanmışdır. Çünki ümmət, mil­lət və vətən naminə çalışdığı bir zamanda bəziləri şairə qənim kəsilirdilər ki, bu da Səhhətə təsirsiz ötüş­mürdü. Belə bir anda, vətən və millət şairini öz ağşuna alıb insanlıq naminə çalışmağa yönəltmək istəyən “Şeir pərisi” Səhhətə üz tutaraq deyirdi:

Şairim! Qəm yemə, aləmi-cəhan fanidir,

Cavidani yaşayış ləzzəti-ruhanidir.

Sən mükafatını insanlığa xidmətdə ara,

Əbədi zövqü, təsəllini həqiqətdə ara.

Kölgəyə aldanaraq sevmə cəfa aləmini,

Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini…

Şair oldur ki, həqiqətlərə dildadə ola,

Şairin fikri, xəyalı gərək azadə ola. [10]

Səhhət əvvəlcə “Şeir pərisi”nin “insanlıq” fəlsəfəsinə uyub ümmət, millət, vətən dərdindən uzaqlaşmaq istəsədə, ancaq bunu yenə də son anda bacarmır. Çünki “Şəhərli”nin dili ilə desək, ziyalı millətin, vətənin halına görəndə yanmırsa, onun dərdinə şərik olmağı özünə borc sayıb çarə tapmağa çalışmırsa, o şair, ya da ziyalı deyil:

Qalx, oyan, cürət elə, rədd kimi fəryad et!

Bu fəlakətdə qalan millətinə imdad et!

Görməyirsənmi bu biçarə vətəndaşlarını,

Bacı-qardaşlarını, sevgili dindaşlarını –

Zülm zəncirinin altında çəkir işkəncə? [11]

O, “insanlıq” dəmindən danışanlara çox tutarlı cavab verirdi:

Nə gərəkdir yazasan faidəsiz nəğmə, qəzəl,

Yoxmu könlündə məgər gizli, böyük, milli əməl?

İştə öz fikrini ibraz edərək mümtaz ol!

Laəqəl millət ilə nalədə həmavaz ol!

Sayılırsan vətən övladlarının bir fərdi,

Vətən, imdadinə iştə çağırır hər fərdi.

Ya ər ol, ortaya çıx, gəl kömək et qardaşına,

Ya gedib evdə otur, həm də leçək sal başına. [12]

Bununla da, Səhhət belə bir qənaətə gəlirdi ki, əslində ümumi insanlıqdan danışanlar deyil də, ümmət, millət, vətən naminə, onların azadlığı naminə həqiqəti yazanlar daima incidilmiş, təqib və təzyiqlərə məruz qalmışdır. Bunu, Səhhət də etiraf edərək yazırdı:

Vətənə, millətə sanma deyiləm dildadə,

Yazmaq olmaz fəqət olmazsa qələm azadə…

Çox həqiqət mənə təlqin eləyir vicdanım,

Yoxdur ondan birini söyləməyə imkanım.

Danışarkən həqi göydən yetişən buyruqla,

Tıxanıb sözlərim ağzımda qalır yumruqla.

Doğru söz söylədiyim haldə məsul oluram,

Çarəsiz nəğmə, qəzəl yazmağa məşğul oluram.[13]

Əxlaq məsələsinə gəlincə, Səhhət yazırdı ki, bu məsələdə də cəmiyyətin həyatında ciddi qüsurlar ortaya çıxmışdır. Bu gün müsəl­manlar arasında hər cür sifət (əslində sifətsizlik) daşıyanlar var. Belə ki, dünənə qədər müsəlman kimi tanıdığımız “xristian”, türk bildiyi­mizi “rus” olub hər gün bir simaya düşür. O, yazırdı:

Yeri düşsə əgər müsəlmandır,

Vaxt olur ya İvan, ya da Vartandır.

O nə bundan, düzü, nə ondandır,

Yəni bir şey, əcaib insandır.

Geyinir “en qrand”, gəzir “ala şıq”,

Başda bir şapqa, əldə bir zontiq.

Rus, firəng ləhcəsi deyir “bon”dur,

Türk dilini sevməyir, “moveton”dur.

Danışır ya firəngi, ya rusi,

Metropoldur yeri, ya San-susi. [14]

Deməli, o dövrdə istər dini mədrəsələr, istərsə də imperiyanın nəzarəti altın­dakı məktəb­lər əsasən məsləksiz “tiplər” yetişdir­mişdir. Məsləksiz, əqidəsiz “tiplər”in həyata baxışında isə nəinki millət, heç din də deyil, ancaq gündəlik “praqmatistik”, dəyərsizlik reallığı var idi. Bu cür  “praqmatistik”, dəyərsizlik reallığı isə xoşəxlaqlılığı,  simasızlığı təlqin edirdi. O,  yazırdı:

Yoxdur heç məsləkimiz, məzhəbimiz,

Belə tiplər yetirir məktəbimiz,

Fikrimiz zövqü səfa sürməkdir,

Yaşamaqdan tək odur mətləbimiz…

 

Studentik, deyillik biz realist,

Aramızdan çıkamaz idealist.

Sevərik təkcə cibişdanımızı,

Eqayistik, ateist, sensualist.

Bizləri sahəti-Şirvan yetirir,

Nə ki, vəhşi, cibişdan yetirir,

 Ay belə ölkə abadan olasan!

Bax, qeyrətli müsəlman yetirir! [15]

Səhhət hesab edirdi ki, digər sahələrdə olduğu kimi, əxlaq məsələsində də tənəzzüldə olmağımıza əsas səbəb bir tərəfdən islam dininin artıq tələblərə cavab verə bilməməsi və ruhanilərin əlində oyuncağa çevril­məsi, digər tərəfdən Qərb xalqları tərəqqiyə üz tutduğu bir zamanda onlardan çox geri qalmağımızdır. Səhhətə görə, bununla da hazırda millətin rəisi-füqərası, yaşlı-cavanı, dindarı-dinsizi, cahili-alimi olsun demək olar ki, əsasən milli-dini dəyərələrə, o cümlədən milli əxlaqi dəyərlərə əməl etmirlər. O, yazırdı:

Başdan su çox yaman bulanıb, rəngi mur qalıb,

Millətdə gözlülər qırılıb, yalxu kor qalıb.

Ruhanilərdə əski nüfuz, köhnə zor qalıb,

Sönmüş təməddün atəşimiz, azca zor qalıb.

 

İş görmədən rəislərimiz şöhrət axtarır,

Arif olan nə dinü, nə milliyyət axtarır,

Şeyxlər ayağın ovmaq üçün övrət axtarır,

Zahid halal-haram aramaz, cənnət axtarır. [16]

Səhhət şeirləri ilə yanaşı hekayə və pyeslərində də (“Cərrah­lıq”, “Bədbəxt ailə”, “Yoxsulluq eyib deyil”, “Cəhalət səmərəsi…” və b.) mili-dini dəyərələrə aid əxlaqa, tərbiyəyə diqqət yetirmişdir.

Beləliklə, Səhhətin dünyagörüşünün əsasında soydaşlarını tərəqqiyə, maariflən­məyə səs­ləməklə yanaşı, ondan çıxış yolları da təşkil etmişdir. O, bir tərəfdən hazırda cəhalət, geriyəpərəstlik dövrünü yaşayan müsəlman xalqlarının keçmiş şan-şöhrətini göz önünə gətirmiş, digər tərəfdən bundan çıxış yollarını aramışdır. Millətinin tərəq­qisi uğrunda mübarizə aparan Səhhət hesab edirdi ki, artıq bütün millətlər kimi müsəlman xalqlarının da elm və mədəniyyət öyrənmək vaxtıdır. Onun ictimai-siyasi dünyagörüşündə Türk-İslam aləminin vəziyyəti ilə bağlı irəli sürülən mülahizələr günümüzdə də aktualdır.

Səhhətin fəlsəfi, etik və estetik görüşlərinə gəlincə, o, bir tə­rəfdən səmavi dinlərin irəli sürdüyü ontoloji və qnoseoloji məsələlərlə razılaşsa da, digər tərəfdən  müəyyən şübhələrinə də cavab axtarıb tapmağa çalşmışdır. Hər halda Səhhətin dünyagörşündə varlıq məsələ­sinə baxış əsasən idealist xarakter daşımaqla yanaşı, materializmin bəzi ünsürlərinə rast gəlməkdə mümkündür. Bu da gerçək həyatda yaşanan hadisələrin mahiyyətindəki ziddiyyətlə bağlı olmuşdur. Görünür, bu səbəbdəndir ki, şair-filosof bir çox hadisələrin dərkinin çətinliyini irəli sürmüş, daha çox real həyatda elm, maariflənməklə sadə həqiqət təsəvvürlərinə malik olmağı mümkün hesab etmişdir.

[1] Yenə orada, s.56

[2] Yenə orada, s.65

[3] Yenə orada, s.68

[4] Yenə orada, s.85

[5] Yenə orada, s.243

[6] Yenə orada, s.69

[7] Yenə orada, s.150

[8] Yenə orada, s.150

[9] Yenə orada, s.76

[10] Yenə orada, s.90

[11] Yenə orada, s.92

[12] Yenə orada, s.93

[13] Yenə orada, s.94

[14] Yenə orada, s.49

[15] Yenə orada, s.106

[16] Yenə orada, s.106

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri