27 Oktyabr 2020 16:01

Mirzə Ələkbər Sabirin dünyagörüşündə azərbaycançılıq və beynəlmiləlçiliyin sintezi

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

 

 

II Yazı

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Dövründəki bütün problemlərin həlli olaraq, Sabir yenə də çarəni yeni üsullu  müsəlman məktəblərinin açılmasında görürdü. Onun fikrincə, bu cür məktəblərdə ana dilində təhsil alan nüsəlmanlar dini əqidələrini də dərindən anlamış olacaqlar. O, yazırdı: “Məktəb, yenə məktəb! Elə isə hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbi-islamiyyə açmalı; islamın o məsum balaların saf qəlblərini islamiyyət nuri ilə tənvir etdikdən sonra əcnəbi dillərini də nəqədər oxunur-oxunsun, oxutmalı; övladi-vətəni tərəqqiyə, mədəniyyətə isal eməli, islamiyyət ilə bərabər tərəqqiyə isal etməli; əcnəbi tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz, bununçün də çalışmalı”. [1]

O, “Cümə” (“Tazə Həyat”, iyun 1908) adlı məqaləsində də islamiyyət və insaniyyətin müsəlmanlar üçün vacibliyindən bəhs etmişdir. [2] Bu isə o deməkdir ki, Sovet ədəbiyyatında yazıldığının əksinə olaraq Sabir heç vaxt İslam dininə, islamiyyətə qarşı çıxmamış, yalnız dini mövhumat və fanatizmi tənqid etmişdir. Xüsusilə, Sabirin tənqid hədəfi məktəbi, mətbuatı, dünyəvi elmləri, Qərb texnologiyasını islam dininə zidd sayan ikiüzlü ruhanilər, mollalar olmuşdur. O, “Molla Nəsrəddin” jurnalının “Molla”sına xitabən həmin ruhanilərin, mollaların əsil simasını belə ifşa edirdi:

Gahi yağışı, gahi müsəllanı danırsan,

Gahi öküzün üstə bu dünyanı danırsan,

Gahi buludu, ərşi-müsəllanı danırsan,

Gəh cini, gəhi quli-biyabanı daçırsan

Təsxirə girib çox oxudun, azdın, a Molla!

Hər nə gəlib öz əqlinə sən yazdın, a Molla!…

 

Coğrafi nədir, elmi-hesab, elmi-riyazi,

Ya elmi-məsahət edə təqsimi-ərazi,

Ya elmi-məadin oxuya kəşf edə ğazi,

Qoy nəhv ilə sərfi oxusun ta ola qazi,

Söhbət eləsin töhrü nəcasətdən, a Molla!

Ya məsəleyi-qüslü cənabətdən, a Molla. [3]

Başqa bir şeirində də Sabir məktəb, qəzet əleyhdarı olan mollaların, ruhanilərin dilindən yazırdı:

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!

Dəng oldu qulağım!

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan

İncəldi uşağım!

Əqlin aparıb bəs ki, baxır gündə qarəyə,

Ya rəb, nə həmaqət!

Söz etməz əsər, çarə qalıb imdi duayə,

Tədbir elə övrət!…

Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə

Mail olub əqli…

Mən anlamıram elm nədir, ya ki sənaye,

Zarəm bu əməldən!. [4]

Bizcə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və başqaları müsəl­man türklərin artıq qəflət yuxusundan oyanmaq vaxtlarının çatdığını daha çox elmi-fəlsəfi və publisistik yazılarla izah etməyə çalışdıqları halda, Sabir bunu satirik və ironiyalı şeirlərində ifadə etmişdi:

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,

Millətdə qəm, ümmətdə küdurət görəcəksən,

Qıldıqca nəzər millətə heyrət görəcəksən,

Çək başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qall dala, laylay. [5]

Sabir mollaların, ruhanilərin dilindən elm, təhsil almağın da şəriətə görə “günah” olub, məktəbdən uzaq durulmasını “tövsiyə” edirdi. O, yazırdı:

Təhsili-ülum etmə ki, afəti-candır,

               Həm əqlə ziyandır;

Elm afəti-can olduğu məşhuri-cəhandır,

Mərufi-zəmandır…

                               Elm içrə xəta olduğun ondan bilirəm kim,

Bilsə nola hər kim,

                               Məktəb sənə xoş gəlməsin, ol cayi-xətərnak,

Girmə ona çalak;

Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,

               Qarətgəri-candır.[6]

Yaxud da başqa bir şeirində isə, Sabir yazırdı:

Hər millət edir səfheyi-dünyadə tərəqqi,

Eylər hərə bir mənzili-məvadə tərəqqi,

Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,

Biz də edərik aləmi-röyadə tərəqqi.

Millət necə taras olursa olsun, nə işim var?!

Düşmənlərə mphtac olursa olsun, nə işim var?!  [7]

Bütün hallarda, yəni şeirlərini hansı üslubda yazmasından asılı olmayaraq Sabirin XX əsrin əvvəllərindəki yaradıcılığı əsasən, müsəlmanların, xüsusilə də müsəlman türklərinin oyanışına, tərəqqisinə yönəlmişdir. Bu baxımdan Sabirin şeirləri nə qədər acı, ironiyalı, istehza ilə dolu və dözülməz olsa da, müsəlmanların islamiyyəti sözün həqiqi mənasında dərk edilməsi baxımdan mühüm olmuşdur.

Bütün bunlarla yanaşı, bəzi şeirlərində Sabir “yırtıcı heyvan”, “xortdan”, “cin”, “xarici mülkündə də hətta gəzib, çox tühaf insan” görürəm qoruxmuram, “harda müsəlman görürəm qorxuram” deməklə,[8] əslində İslam dinini deyil, onun adından çıxış edən yalançı ruhaniləri tənqid hədəfi götürsə də, ümumilikdə bu mülahizə birmənalı qarşılan­mamış­dır. Başqa sözlə, müsəl­manda oyadılacaq qürur hissinin hey­van­la, xortdanla müqayisəsi çox da doğru olmamışdır. Çünki “müsəl­man” demək yalnız müsəlmanlığı qəbul etmiş insanlar anlamını ifadə etmir, “müsəlman” həm də bir dinin adıdır. Yəni İslam dinini qəbul etmiş müsəlman, eyni zamanda onun təmsilçisidir. Xüsusilə, burada “müsəlman” sözünün ümumiləş­dirmə formasında öz əksini tapması problemə yol açmış, sonralar Sovet müəlliflərinin, marksist-leninçi fəlsəfəçilərin əlində bəhanə olmuşdur.

Məsələn, Sovetlər Birliyi dövründə prof. Midhət Ağamirov iddia edirdi ki, bu cür şeirləri ilə Sabir islam dininin ləyaqətsiz olduğunu, həqiqi elmlərə yiyələnənlərin ona nifrət etdiklərini bildirmişdir. Guya, Sabirə görə İslam dini xalqın göz açmasına, irəliləməsinə mane olur, hətta bilmək və oxumağı da qadağan edir.[9] Bir az da qabağa gedərək M.Ağamirov daha sonra yazırdı: “Sabir tamamilə düzgün olan belə bir nəticəyə gəlirdi ki, bu yolla ən nəhayət Allahın varlığı, Tanrı özü də inkar edilməlidir”.[10]

Bizcə, bu məsələ ilə bağlı Müstəqil Ağayev daha doğru yazırdı ki, din və din dəllalları haqqında kəskin çıxışları Sabirin Tanrını, Allahı inkar etməsi kimi yox, insanların ruhanilərə müraciəti kimi başa düşülməlidir: “Doğrudur, dində elə müddəalar var ki, elmi dəlillər və faktlarla ziddiyyət təşkil edir, reallığa, gerçəkliyə uyğun gəlmir, gülünc və gülməli görünür. Sabir də dindəki bu cəhətləri tənqid edir. Amma Sabir ateist, allahsız olmamışdır. Bəlkə də ola bilərdi; lakin şərait, mühit buna imkan vermirdi. Belə bir şəraitdə  Sabirin din və din dəllalları haqqında kəskin çıxışları onun, doğrudan da, cəsarətli və qorxmaz bir şair olduğunu göstərir”. [11]

Deməli, Sabirin tənqid hədəfi islam dini, islamiyyət deyil, dini xurafat və fanatizm olmuşdur. Bu mənada Sabir “harda, müsəlman görürəm qorxuram” dedikdə də, dinin adından çıxış edən ruhaniləri, özünü müsəlman adlandırıb İslamdan xəbəri olmayanları qınamışdır. Başqa sözlə, Sabir millətin oyanışının, maariflənməsinin, təhsil almasının qarşısını alan saxta “dinpərəstlər”i, “millətpərəstlər”i tənqid etmiş, milli-dini bütövlüyü sarsıdan amilləri aradan qaldırmağa çalışmışdı.

 

 

Hesab edirik ki, Sabirin yaradıcılığında ümumi anlamda islam millətinin oyanışı ilə yanaşı, Türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin  özünüdərki də mühüm yer tutmuşdur. Çünki onun şeirlərinin mahiyyətində islamlıqla yanaşı, vətəninə, millətinə, dilinə böyük və sonsuz sevgi bağlılığı var. Fikrimizcə, millətini sonsuz dərəcədə sevən Sabir kimi  mütəfəkkirimiz yalnız bu şeirləri yaza bilərdi:

Gör millətinin dərdini, axtarma dəvasın,

Əl çəkmə yetimin başına, kəsmə sədasın,

Zinhar qoyub dəhrdə bir xeyir binasın

Yad eyləmə, şad eyləmə millət füqərasın.[12]

Sabir ümid edirdi ki, onun satirik şeirləri cəhalət və dini fanatizm girdabına yuvarlanan soydaşlarına təsir göstərəcək, onlar bu bəladan xilas olmağa çalışacaqlar. Ona görə də Sabir soydaşlarını sözün əsil mənasında müsəlman və millətsevər olmağa çağırır, onları yalançı vətənpərvərlik və dindarlıqdan uzaqlaşdırmağa çalışırdı:

Əqrəb kimi neştər gücü var dırnağımızda,

İslam sussuz olsa, su yox bardağımızda,

Hər küncdə  min tülkü yatıb çardağımızda,

Min hiylə qurub, rütbəvi ikram alarız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alarız biz!. [13]

Sabir gah “qafqaz milləti”, gah da “ islam milləti” adlandırdığı Azərbaycan türklərinin oyanışının vacib oldğunu anlayırdı. Çünki başqa millətlərin, xüsusilə də ermənilərin və gürcülərin Qafqaz türklərindən çox tərəqqi etməsini görən Sabir anlayırdı ki, soydaşları əgər vaxtında inkişaf yoluna qədəm qoymasalar digər millətlərin qarşısında məğlub olacaqlar.

O, Əbdülxaliq Cənnətinin türklərin, turanlıların keçmişini tərif edən “Fəxriyyə”sinə cavab olaraq tənqidi bir “Fəxriyyə” yazmışdır. Sabir Cənnətidən fərqli olaraq düşünürdü ki, keçmişimizə baxanda tərifdən çox tənqid etmək lazımdır. Sabirin fikrincə, Türk xalqlarının daxilindəki nifaqlar isə bu günün işi deyildir. Belə ki, Səlcuqlarla Oğuzların, Çingizlərlə Xarəzmşahların, Teymurlarla İldırımların, Teymurlarla Toxtamışların, Qaraqoyunlularla Ağqoyunluların, Şah İsmayılılarla Sultan Səlimlərin arasında mübarizə nəticəsində uduzan islamlıq, türklük qazanan isə özgələr olmuşdur. O, yazırdı:

Ol gün ki, Məlikşah Büzürg eylədi rihlət,

Etdik iki namərd vəzirə təbəiyyət,

Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,

Düşmən qatıb əl, taxtımızı eylədi qarət…

 

Bir vəqt olub leşkəri-Çingizə tərəfdar,

Xarəzmləri məhv elədik qətl ilə yekbar,

Xarəzmlərin şahı fərar eylədi naçar,

Məscidləri, məktəbləri yıxdıq yerə təkrar…

 

Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,

Azərbaycana, həm də Anatoluya dolduq,

Ol qədər qırıb bir-birimizdən ki, yorulduq,

Qırdıqca yorulduq və yorulduqca qırıldıq

Turanlılarız, adiyi-şüğli-sələfiz biz!

Öz qövmümüzün başına əhgəlkələfiz biz!…[14]

Xüsusilə, Əmir Teymurun Toxtamışı məğlub etməsi rusların işinə yaramış, bununla da ruslaşaraq türklüyümüzdən, islamlığımızdan uzaqlaşmağa başlamışıq. O, yazırdı:

Bir vəqt salıb təfriqə olduq iki qismət,

Teymur şəhə bir paramız etdi himayət,

Xan İldırıma bir paramız qıldı itaət,

Qanlar saçılıb, Ankarada qopdu qiyamət…

Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!

Öz qövmümüzün başına əhgəlkələfiz biz!

 

Teymir şəhi-ləngə olub tabeyi-fərman,

Xan Toxtamışı eylədik al qanına qəltan,

Ta oldu Qızıl Ordaların dəvləti talan,

Məsko şəhinə faidəbəxş oldu bu meydan

Əlyövm uruslaşmaq ilə zişərəfiz biz!

Öz dinimizin başına əhgəlkələfiz biz! [15]

 

 

[1] Yenə orada, s.206

[2] Yenə orada, s.222

[3] Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cildə. I cild. Bakı, 2004, s.131

[4] Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cildə. I cild. Bakı, 2004, s.44

[5] Yenə orada, s.53

[6] Yenə orada, s.54

[7] Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cildə. I cild. Bakı, 2004, s.39

[8] Yenə orada,s.125-126

[9] Ağamirov M.M. Mirzə Ələkbər Sabirin dünyagörüşü. Bakı, Azərnəşr, 1963, s.110

[10] Yenə orada, s.112

[11] Ağayev M.B. Midhət Ağamirovun fəlsəfi irsinin tədqiqi. Əlyazması-Plan işi. Bakı, 2014

[12] Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cildə. I cild. Bakı, 2004, s.49

[13] Yenə orada, s.90

[14] Yenə orada, s.123-124

[15] Yenə orada, s.123-124

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri