27 Noyabr 2020 09:29

Qənirə Paşayeva opera səhnəmizin kraliçası Firəngiz Əhmədovadan yazdı

Bu gün opera səhnəmizin kraliçası adlandırılan məşhur müğənni (qızıl soprano), “Şöhrət” ordenli Xalq artisti, Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələrindən olan Firəngiz xanım Əhmədovanın doğum günüdür.

Firəngiz Yusif qızı Əhmədova (23.09.1928, Bakı – 16.12.2011, Bakı) Bakı Musiqi Məktəbinin I kursunda oxuyarkən dahi bəstəkar Üzeyir Bəy Hacıbəylinin onu dinləməsi müğənninin həyatında dönüş nöqtəsi olub. Gənc Firəngizin səsini çox bəyənən Üzeyir Bəy, onu “milli operamızın gələcək qızıl sopranosu” adlandırıb və bəstəkarın göstərişi ilə o, təhsilini davam etdirmək üçün musiqi məktəbindən Azərbaycan Dövlət Konserva­tori­yasına göndərilib və təhsilini Konservatoriyasında davam etdirib.

Zaman dahi musiqi ustadını haqlı çıxarıb. Güclü və ecazkar səsi, yüksək səhnə mədəniyyəti Firəngiz xanımı tezliklə milli və xarici operaların əsas partiyalarının ifaçısına çevirib. 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında uğurla çıxış edib. Xalq artistinin əsas partiyaları bunlardır: Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”, M.Maqomayev), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Sevil (“Sevil”, F.Əmirov), Səriyyə (“Azad”, C.Cahangirov), Sona (“Bahadır və Sona”, S.Ələsgərov), Maro (“Daisi”, Z.Paliaşvili), Aida, Dezdemona (“Aida”, “Otello”, C.Verdi), Toska, Çio-Çio-san (“Toska”, “Madam Batterflyay”, C.Puççini) və b. obrazlar, ifa etdiyi romanslar və ariyalar Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub. “Sənsiz” (Ü.Hacıbəyli), “Ölkəm”, “Sual” (A.Zeynallı), “Arzu” (NİYAZİ), “Heyran olmuşam” (Ə.Abbasov), “Oxuma, gözəl” (A.Rzayeva) və b. Azərbaycan romanslarını, eləcə də, klassik rus bəstəkar­larının (P.Çaykovski, S.Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa edib. Yaradıcılığında yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti vəhdət təşkil edən Firəngiz Əhmədova, milli musiqimizin inkişafında unikal xidmətlər göstərmiş sənətkar­lar­dandır. Özünəxas tembrli, geniş diapozonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar, Azərbaycan vokal sənəti tarixində silinməz izlər qoyub.

Xalq artisti Firəngiz Əhmədova opera solisti kimi teatrın səhnəsində zəngin obrazlar qalereyası yaradıb. O, Bülbül, Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov kimi korifey sənət­karlarla səhnədə tərəf-müqabil olub. Firəngiz Əhmədova Azərbaycandan uzaqlarda – dünyanın mötəbər konsert salonlarındakı çıxışları ilə də, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Xalq artisti opera səhnəmizdə yeni sənətçi nəslinin yetişməsində əməyini əsirgəməyib. 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında solist kimi çalışan sənətkar, 1989-1997-ci illərdə həmin teatrda ustad dərsləri aparıb.

Firəngiz Əhmədova 1989-cu ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. Keçmiş SSRİ-nin Xalq artisti fəxri adına layiq görülmüş (1967) görkəmli sənətkar, SSRİ Ali Sovetinin (IV çağırış) və Azərbaycan Ali Sovetinin (V çağırış) deputatı olub – ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib.

Firəngiz Əhmədova Azərbaycan opera sənətinin sovet dövründə yetişib püxtələşmiş son mogikanlarından biri idi; onun dərin tarixi köklərə, ənənələrə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı adına gördüyü işlər sənətə, sənətin estetik dəyərlərinə sonsuz sevgi, doğma Vətənə, əziz xalqa sədaqət örnəyidir. Xalq artisti bir sıra orden və medallarla, mükafatlarla, o cümlədən müstəqil Azərbaycan Res­publikasının “Şöhrət” ordeni ilə təltif edilib (1998).

Firəngiz Əhmədova Fəxri Xiyabanda dəfn edilib.

RUHU ŞAD OLSUN!

Paylaş: