30 Noyabr 2020 04:56

“Media Könüllüləri-145”: Təlimlərə start verildi

Azərbaycanda Milli mətbuatın yaradılmasının 145-ci il dönümü münasibəti ilə “Media Könüllüləri-145” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün bu gün hərbi jurnalistika üzrə təlimlərə start verilir.

Bu barədə Qlobal Jurnalistlər Şurasının sədr müavini Elşad Eyvazlı məlumat verib.

O, “Media Könüllüləri-145” layihəsi çərçivəsində ilkin olaraq hərbi jurnalistikanı seçənlər üçün təlimlərin başlamasını son zamanlar Azərbaycanda yaranmış vəziyyətlə əlaqələndirib:

“Ermənistan demək olar ki, hər an həm atəş bölgəsində, həm də Azərbaycanla sərhəddə təxribatlar törədir.

Bu vəziyyətin həm ölkə ictimaiyyyətinə, həm beynəlxalq aləmə çatdırtılması, eyni zamanda jurnalistlərimizin mövcud duruma adekvat davranmaları üçün müəyyən təlimlərdən keçmələri vacibdir. Bunun üçün bizim qurum azərbaycanlı həmkarlara əlindən gələn bütün dəstəyi göstərməyə hazırdır. Təlimlərin əsas məğzi müharibə dövründə jurnalistlərin əsas vəzifələrinin tələbələrə öyrədilməsidir. Bu layihə çərçivəsində tələbələrə təlim keçəcək dünyaca tanınmış savaş müxbiri İrfan Sapmaz İraq, Əfqanıstan, Misir, Suriya, Qarabağ  və neçə-neçə başqa qaynar nöqtələrdə olub. Hazırda o, Qlobal Jurnalistlər Şurasının Vaşinqton təmsilçisidir”.

Jurnalistlərin müxtəlif sahələrdə təcrübə qazanmalarına imkan yaradan proqram haqqında Modern.az-a Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim də danışıb. O bildirib ki, Qlobal Jurnalistlər Birliyi belə bir layihənin indiki zamanda çox önəmli olduğunu düşünür:

“Biz bütün sahələr üzrə dünyanın tanınmış jurnalistlərinin həm azərbaycanlı, həm də digər Türk dövlətlərində çalışan jurnalistlər üçün öz təcrübələrini bölüşməyə şərait yaradacağıq. Təlimlərdə iştirak edən həmkarlarımıza Qlobal Jurnalistlər Şurasının sertifikatları veriləcək”.

Qeyd edək ki, “Media könüllüləri -145” layihəsi Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi çərçivəsində həyata keçirilir.

Parlament Jurnalistləri Birliyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə start verdiyi “Media könüllüləri -145”in iştirakçıları, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrindən ibarət 145 könüllünün adı məlumdur. Fakültənin I, II və III kurs tələbələri könüllü kimi qeydiyyata alınıblar.

Layihənin ideya müəllifi və icraçı rəhbəri PJB üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur.

Bakı Dövlət Universiteti ilə birgə icra olunacaq bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir. Media Könüllüləri layihəsinin iştirakçılarının xüsusi fəallığı ilə fərqlənənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər.   /modern.az/ 

Paylaş: