27 Noyabr 2020 09:18

Naqif Həmzəyev: Azərbaycan müstəqil dövlət olduğunu bir daha nümayiş etdirdi

Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi özünü təsdiq edib. 

Bunu açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili bildirib ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. 

Ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib. Öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirməsi respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb. 

Belə ki, 120 ölkənin yekdil qərarı ilə Azərbaycan 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb. Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində öz dəst-xətti olan Qoşulmama Hərəkatı hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forumu olan BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. 

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi. Gözəgörünməz “düşmən”in – COVID-19- un topsuz-tüfəngsiz hücuma keçdiyi çətin dönəmdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın göstəricisi idi. 

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycanın adından çıxış ediən ölkə Prezidentimiz ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət çəkib: ”Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edib. 

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində Yüksək Səviyyəli İclas Azərbaycanın tam müstəqil mövqeyi olan dövlət olduğunun nümayişi oldu. Eyni zamanda dünyanın 182 ölkəsinin qatıldığı mötəbər tədbir işğalçı Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını beynəlxalq icimaiyyətə çatdırmağa imkian yaratdı.

Paylaş: