27 Noyabr 2020 20:55

Qənirə Paşayeva şəhid şairimiz Ülvi Bünyadzadəni bu sözlərlə yad etdi

Bu gün şəhid şairimiz Ülvi Bünyadzadənin doğum günüdür. Azərbaycan şairi, publisist və tərcüməçi Ülvi Yusif oğlu Bünyadzadə (23.09.1969, Kəsəmən, Basarkeçər r. Göyçə mahalı – 20.01.1990, Bakı) — ziyalı ailəsində doğulub. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi, altı yaşında ilk şeirini yazıb.

Ülvi ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə (1978-ci ildən ailəlikcə köçdükləri Daşkəsən şəhərində alıb (1986). 12-13 yaşlarından sonra ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə “Daşkəsən” qəzetində çıxış edib. Eyni zamanda, rayonda fəaliyyət göstərən “Qoşqar” ədəbi birliyinin üzvlüyünə qəbul edilib. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.

1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki ADDU) İngilis dili fakültəsinə daxil olub. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilib, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınıb; institutun qəzetində yazıları mütamadi çap olunub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı bacarır, ingilis, rus dillərini isə kamil bilirdi. 1987-1989-cu illər Ülvinin qısa ömrünün ən məhsuldar dövrü olub. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər həqiqi hərbi xidmət keçib. (1989-cu ilin sentyabr ayında, keçmiş SSRİ Müdafiə nazirinin qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay öncə hərbi xidmətdən tərxis olunub və doğma ali təhsil ocağında təhsilini davam etdirmək üçün Kanskdan Bakıya qayıdıb. Ülvi həmin gün paytaxt Bakını bürüyən milli azadlıq uğrunda mitinqlərlə qarşılaşıb və tərəddüd etmədən mitinqlərə qatılıb. O, uydurma “Dağlıq Qarabağ problemi”nin Azərbaycan xalq üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi idi. 10 sentyabr 1989-cu ildə ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs “And”ını yazıb.

Ülvi Bünyadzadə oxuduğu təhsil ocağında milli qüvvələri birləşdirən qurum və quruluşların təşkilatlanmasında fəal iştirak edib. 19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsməyə, mülki əhalini qorumağa çalışanların ön sırasında olan Ülvi, dinc sakinlərin gülləbaran edilməsi nəticəsində, gecə saat 00.20-də həlak olub. Yanvarın 20-si axşamüstü, dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapıb… Şəhid şair Ülvi Bünyadzadə Bakıda – Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunub.

Ülvinin yaradıcılıq özkeçmişinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, dünya ədəbiyyatından 20-yə yaxın orijinal tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, eləcə də, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) onun adı verilib. Həmin evin (babasının evinin) divarına “Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılı barelyef-lövhə vurulub. Bibisi Almaz xanım onun adını özünə ədəbi təxəllüs götürüb. Əsərləri: -“Ülvi duyğularım” (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi: Almaz Ülvi), Bakı, “Gənclik”, 1990; -“Bir ölümün acığına” (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi: Almaz Ülvi), Bakı, “Gənclik”, 1993; -“Ömrüm sənin eşqindi” (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi: Almaz Ülvi), Bakı, “Mütərcim”, 1998; -“Sənin oxşarın bənövşədi” (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi: Almaz Ülvi), Bakı, “CBS” 2005; -“Omür yolu” (poema; toplayanı, redaktoru və ön sözünün müəllifi: Almaz Ülvi), Azərbaycan və gürcü dilində. Tiflis, 2009; -“Ömür yolu” (poema; 5 dildə; toplayanı, redaktoru və son sözünün müəllifi: Almaz Ülvi, Ön söz müəllifi Qənirə Paşayeva), Bakı, “Mütərcim”, 2009; -Ульви Буньядзаде. Жизненный путь. Стихи и поэма. (перевел на русского языка Гия Пачхаташавили), Баку, “Elm və təhsil”, 2014; -Əfqanıstan ağrıları (poema və povest; 8 dildə; redaktoru və ön sözün müəllifi: Almaz Ülvi), Bakı , “Elm və Təhsil”, 2015; -Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından tərcümələr (şeirlər, hekayələr; redaktoru və ön sözün müəllifi: Almaz Ülvi), Bakı , “Elm və təhsil”, 2015; Haqqında yazılan kitablar: A.Ülvi. “Poeziyada milli-azadlıq duyğuları”. Bakı, 1998 (Ülvi haqqında – səh.48-96); A.Ülvi. Ülviləşən Ülvim (məqalələr). Bakı, 1998; A.Ülvi. Göyçə mahalı. Kəsəmən: Bir kəndin tarixindən səhifələr. Bakı, “CBS”, 2011 (Ülvi haqqıda – səh.470-484); A.Ülvi. Ədəbi duyğularım. Portretlər, düşüncələr, qeydlər. Bakı, Nurlan, 2009 (Ülvi haqqında – səh.196-201); A.Ülvi. Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı. Bakı, Nurlan, 2004 (Ülvi haqqında – səh. 76-78); A.Ülvi. Müharibə ağrılarım. Publisistik düşüncələr, ədəbi qeydlər. Bakı, Nurlan, 2005 (Ülvi haqqında – səh.37-91); K.Bünyadzadə. Gəncliyin fəlsəfəsi. Bakı, Nurlar, 2009; A.Ülvi. “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik! – Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi” adlı Beynəlxalq Konfransın materialları və “Ülviləşən Ülvim” kitabından səhifələr. – Bakı, “Elm və təhsil”, 2018…

RUHU ŞAD OLSUN!

Paylaş: