27 Yanvar 2021 16:41

Yumurda alarkən bunlara DİQQƏT EDİN!

Yumurta istifadə etdiyimiz önəmli qidalardan biridir. Bu məhsul qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq növüdür. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.

Yumurtanın faydalı tərəfləri qədər zərərli təsirləri də var. Bəzən mağazalardan aldığımız yumurtanın təzə və ya köhnə olması bizim üçün şübhəli qalır.

Qeyd etmək lazımdır ki, yumurta gün ərzində mağazalarda ən çox satılan məhsullardandır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yumurta ilə bağlı tövsiyələr hazırlayıb.

Bildirilir ki, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

• Öncə yumurta alarkən yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik.

• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir.

• Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır.

• Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir.

• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır.

• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:

• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir.

• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.

• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır.

• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.

Tibbi ekspertlər deyirlər ki, yumurta zəhərlənməsi balıq zəhərlənməsinə bərabərdir. Köhnəlmiş yumurtadan istifadə etməmək üçün yumurtanı sındırarkən qoxusunu da nəzərə almaq lazımdır. Çürüntü iyi verən, sarısı ağından tez ayrılan yumurta köhnəlmiş sayılır.

Bəzən insanlar çiy yumurta ilə də qidalanırlar. Həkimlər isə bunu məsləhət bilmirlər. Çünki yumurtanın tərkibində olan protein orqanizmdə B vitamininin artmasının qarşısını alır. B vitamini beyin üçün çox xeyirlidir. Bu səbəbdən yumurtanı bişirilmiş formada istifadə etmək məsləhət görülür. Bundan əlavə, yumurtanın qabığında olan çirkli maddələr içinə çox rahatlıqla daxil olub çoxala bilir. Çiy yumurtanın orqanizmə heç bir xeyri yoxdur. Əksinə, tərkibində olan bir çox zərərli mikroorqanizmlər müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Amerika alimlərinin apardıqları araşdırmalar nəticəsində yumurtanın ana südündən sonra ikinci qida vasitəsi, yumurta proteininin insan orqanizmi tərəfindən rahatlıqla qəbul edildiyi məlum olub. Həkimin sözlərinə görə, yumurta böyümə və inkişaf üçün çox önəmli qidadır. “Onun tərkibində olan A, D və E vitaminləri orqanizm üçün çox vacibdir. Tərkibində dəmir və maqnezium olduğu üçün sümüklərin inkişafı və möhkəmlənməsi üçün, beyin funksiyalarının aktivləşməsi və görmə üçün xeyirlidir”.

Mütəxəssislərə görə, allergiya və damar tıxanması problemi yoxdursa, qanda xolesterol miqdarı qədərində olarsa, hər insan gündə bir yumurta yeməlidir. Əgər sadalanan problemlər varsa, xəstə həftədə 3 dəfə yumurta yeyə bilər. Bir yaşından yuxarı uşaqlara gündə bir yumurta vermək lazımdır. Bu onlar üçün çox xeyirlidir. Uşaqlara yumurtanı qaynadılmış şəkildə vermək lazımdır. Bu onların böyüməsinə və sümüklərinin bərkiməsinə yardım edəcək.

 

Fərəh Sabirqızı 

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Qida Təhlükəsizliyi Agentliyinin birgə müsabiqəsi çərçivəsindəhəyata həyata keçirdiyi ““Sağlam yaşamaq üçün düzgün qidalan!” – Qida zəhərlənmələrinə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində hazırlanıb

Paylaş: